Həbsdəki cəbhəçiləri öz məhkəmələrinə niyə gətirmirlər?

“Elnurun valideynləri Qarabağ döyüşlərində iştirak edib – atası döyüşçü, anası peşəkar, erməni dilini bilən rabitəçi kimi…”

Source: Meydan TV


AXCP fəallarından birinin aclıq aksiyası keçirdiyi deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəallarından Sabunçu şöbəsinin üzvü Elnur Həsənovun Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Təcridxanasında aclıq aksiyası keçirdiyi bildirilir. Bu barədə Meydan TV-yə partiyanın mətbuat xidmətindən məlumat verilib:

“Elnur Həsənov iyulun 21-dən həbsdədir. Amma məhkəmə qərarında onun həbsdə saxlanma müddəti iyulun 23-dən hesablanıb. İki gün onu qeyri-rəsmi şəkildə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlayıblar, Qarabağa dəstək yürüşü ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə dindiriblər. Son 15 gündə həbs olunan digər cəbhəçilər kimi, Elnur Həsənov da günahsızdır, həbs olunması haqda qərar qanunsuzdur”.

E.Həsənovun aclıq etdiyini ailə üzvləri də Meydan TV-yə təsdiqləyib. Bildiriblər ki, özü ailə üzvlərilə telefonla danışarkən belə deyib: “Nənəsi ilə telefonla danışanda ona deyib. Elnurun yaşlı və xəstə olan nənəsi (anasının anası) onun himayəsindədir. Anası uzun müddətdir vəfat edib. Elnurun valideynləri Qarabağ döyüşlərində iştirak edib – atası döyüşçü, anası peşəkar, erməni dilini bilən rabitəçi kimi…”

İyulun 23-də Binəqədi Rayon Məhkəməsinin qərarıyla E.Həsənova İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, karantin rejimi qaydalarının pozulması) maddəsilə 30 gün inzibati həbs cəzası verilib. Bu qərardan apelyasiya şikayəti verilsə də, hələlik şikayətə baxılmayıb.

Daxili İşlər Nazirliyi isə E.Həsənovun təcridxanada aclıq etməsi haqda məlumatı təkzib edib.

İyulun 30-da Bakı Apelyasiya Məhkəməsində Qarabağ yürüşündən sonra həbs olunmuş başqa bir AXCP funksionerinin – partiyanın Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanovun şikayətinə baxılıb. Apelyasiya şikayəti B.İmanovun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilməsi barədə Nəsimi Rayon Məhkəməsinin qərarından verilib. Məhkəməyə B.İmanovun özünü gətirməyiblər. İddia olunub ki, o, COVİD-19 (koronavirus) infeksiyasıyla əlaqədar karantinə alınıb.

Həbs olunan cəbhəçilərin bir çoxunun apelyasiya şikayətinə baxılsa da, onların heç birini məhkəməyə gətirməyiblər. Yalnız bir nəfər – Telman Seyfullayev Bakı İstintaq Təcridxanasından onlayn qaydada məhkəməsinə qoşula bilib.

AXCP-dən bildirilib ki, həbs olunan fəalların əksəriyyətinə işgəncə verilib, onların üzərində hələ də xəsarət izləri var. Bu üzdən müxtəlif bəhanələrlə məhkəməyə gətirmirlər.

Hakim Həsən Əhmədov B.İmanovun şikayətini təmin etməyib.

B.İmanov iyulun 15-də Qarabağa dəstək yürüşündə iştirak etməsə də, həmin gün baş verənlərə görə həbs olunub. Ona qarşı Cinayət CM-nin 186 (əmlaкı qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulasına səbəb olan hərəкətlər təşкil etmə ) və 315-ci (haкimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələrilə ittiham irəli sürülüb.

AXCP-dən bildirilib ki, son iki həftə ərzində AXCP-nin 38 fəalı saxlanılıb. Onlardan 16 nəfər haqqında cinayət işi başlanıb. Daha 13 nəfər barəsində karantin qaydalarını pozma ittihamıyla 30 sutka inzibati həbs qərarı çıxarılıb. Bir neçə nəfər sərbəst buraxılsa da, bəzilərinin aqibəti haqqında hələ də məlumat almaq mümkün olmayıb.

Həbs olunanlar arasında AXCP rəhbərliyinə daxil olan şəxslərdən Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Bəxtiyar İmanov, Məmməd İbrahim və Ayaz Məhərrəmli də var.

Həbs olunan cəbhəçilərin bir qismi karantin rejimini pozmaqda, bir neçəsi koronavirus yaymaqda, əksəriyyəti isə iyulun 15-də Qarabağa dəstək yürüşündə təxribat yaratmaqda ittiham olunur.

AXCP isə bu ittihamların yalan olduğunu, həmin təxribatları törədənlər arasında cəbhəçilərin olmadığını bəyan edib. AXCP sədri Əli Kərimli Meydan TV-yə bildirib ki, bu həbslər partiyaya qarşı repressiyadır və prezident İlham Əliyevin 15 iyulda AXCP haqqında nifrət çıxışından qaynaqlanır.

Ana səhifəSiyasətHəbsdəki cəbhəçiləri öz məhkəmələrinə niyə gətirmirlər?