İki ildən çoxdur həbsdə olan AXCP fəalı, Qarabağ qazisi Babək Həsənova kəsilən cəzanın bitməsinə səkkiz ay qalıb. Lakin məhkəmələr onun vaxtından əvvəl azadlığa buraxılması barədə ərizələrinə “yox” deyir. Sentyabrın 3-də Bakı Apelyasiya Məhkəməsi də B.Həsənov haqqında eyni qərarı verib.
B.Həsənov üç illik həbs cəzasının üçdə ikisini çəkdiyinə görə onun vaxtından əvvəl azadlığa buraxılması üçün bir müddət öncə Nizami Rayon Məhkəməsinə müraciət olunsa da, ərizə təmin edilməmişdi. Həmin qərardan da apelyasiya şikayəti verilmişdi. Bu gün Bakı Apelyasiya Məhkəməsi də həmin şikayətə baxıb və qərarı qüvvədə saxlayıb.
Məhkəmələr B.Həsənov haqqında onun saxlandığı 6 saylı cəzaçəkmə müəssisəsinin rəhbərinin verdiyi rəyi əsas götürüb. Orada göstərilib ki, B.Həsənov vaxtilə Bakı İstintaq Təcridxanasında saxlanılarkən qayda pozuntusuna görə cərimə kamerasına (kars) salınıb. Ailə üzvləri isə bunu bəhanə sayır. Hesab edirlər ki, B.Həsənov siyasi baxışlarına görə həbs olunduğuna görə onun azadlığa buraxılması məsələsi də hakimin yox, siyasi hakimiyyətin verdiyi qərardır.
“Həmin vaxt bu iş üzrə həbs olunanların hamısını – Saleh Rüstəmli, Vidadi Rüstəmli, Ruslan Nəsirli və Aqil Məhərrəmlini də birlikdə karsa salmışdılar. Heç bir səbəb də olmamışdı, elə dayandıqları yerdə. Görünür, sonradan istifadə etmək üçün bəhanə yaradırlarmış…”, – deyə B.Həsənovun qardaşı Cavid Həsənli belə deyib.
Bakı Apelyasiya Məhkəməsində həmçinin Qarabağ yürüşündən sonra həbs olunan daha bir AXCP fəalı Orxan Səlimzadənin də şikayətinə baxılıb. Məhkəmədə O.Səlimzadə özü də iştirak edibş O bildirib ki, 30 sutkalıq inzibati həbsi barədə qərar əsassızdır. Çünki o, heç bir qayda pozuntusuna yol verməyib.
O.Səlimzadə bildirib ki, onun həbsi son dövrlərdə AXCP-yə qarşı daha da güclənən repressiyaların tərkib hissəsidir.
Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımov şikayəti təmin etməyib və cəbhəçi gəncin haqqında 30 günlük həbs qərarı qüvvədə saxlanılıb.
O.Səlimzadə avqustun 18-dən həbsdədir. Onun həbsindən sonra ailə üzvləri bir sutka ərzində yeri barədə heç bir məlumat ala bilməyib. Daxili İşlər Nazirliyinin 102 xidmətinə çoxsaylı zənglərdən sonra ertəsi gün məlum olub ki, O.Səlimzadəyə 30 sutka həbs cəzası verilib.
Babək Həsənov 2018-ci il mayın 25-də partiyanın digər funksionerləri – Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovla birlikdə həbs olunub. Onlar Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə mühakimə olunublar.
S.Rüstəmov həmin il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu V.Rüstəmli də eyni ittihamla saxlanıb. Bundan sonra – mayın 25-də AXCP funksionerləri tutulub. Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamada vurğulanıb ki, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirova şərti cəza verilib.
AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, bunu "qurama iş" adlandırıb.
AXCP-nin hazırda 30-dan artıq fəalı həbsdədir. Partiya onların siyasi baxışlarına görə cəzalandırıldığını bəyan edib.
Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını iddia edir.