Həbsdəki baş redaktor ifadə verməkdən imtina edib

“Müstəntiq Kənan Əliyev istintaqı qərəzli aparır”

Foto: Meydan TV


“Müstəntiq Kənan Əliyev istintaqı qərəzli aparır”

“Xeberman.com” saytının həbsdə olan təsisçisi və baş redaktoru Polad Aslanov müstəntiqə təkrar ifadə verməkdən imtina edib. Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.

Həyat yoldaşının sözlərinə görə, dekabrın 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsinin müstəntiqi Kənan Əliyev P.Aslanovun yenidən ifadəsini almaq istəyib. İfadə verməkdən imtina edən baş redaktor bunun səbəbini də xanımı vasitəsilə ictimaiyyətə açıqlayıb.

“Mənim həbsim sifarişdir. Müstəntiq Kənan Əliyev də istintaqı qərəzli aparır. Tanımadığım insanlardan yalan ifadələr alır. Tanıdıqlarımı da ailə üzvlərilə hədələyib, mənim əleyhimə ifadə verməyə məcbur edir. Bu səbəbdən ifadə verməkdən imtina edirəm”, – deyə P.Aslanov bildirib.

G.Aslanova həyat yoldaşı haqqında istintaqın yubanmasından da şikayətlənir. Deyir ki, 6 aydan çoxdur P.Aslanov həbsdədir, cinayət işinin istintaqını yekunlaşdırıb, işi məhkəməyə göndərmirlər.

G.Aslanova iddia edir ki, nəinki başqa şahidləri, hətta onun özünü də vəkilsiz, təzyiq altında dindiriblər: “Məni içəridə dindirəndə azyaşlı qızım çöldə qayınanamla idi. Məni övladımla təhdid etdilər, ifadəni oxumağa imkan vermədilər”.

P.Aslanov bu il iyunun 12-də saxlanılıb, Səbail Rayon Mәhkәmәsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq hәbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu ittihamda 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı rəsmi açıqlamada iddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb.

Ailə üzvləri isə onun DTX haqqında tənqidi yazılarına görə şərlənib həbs olunduğunu bildirir.

Ana səhifəXəbərlərHəbsdəki baş redaktor ifadə verməkdən imtina edib