Həbsdə olan zavod direktoru: “Kimin malını yeyib-dağıtmışam?”

Rasim Məmmədov. Foto: Rasim Məmmədovun yaxınlarının arxivindən

Rasim Məmmədov ittihamla razılaşmır

“Mən bu ittihamı nə başa düşürəm, nə də qəbul edirəm. Yazıblar ki, fiziki və hüquqi şəxslərin maraqlarını pozmuşam. Kimdir o fiziki şəxslər? Mən kimin malını talamışam? Kim mənə nəyi etibar edib, mən də yeyib dağıtmışam? Yazıblar ki, özüm özümü Müşahidə Şurasının sədri təyin eləmişəm. Bir yerdə 2009-cu ilin avqustunda yazıblar, o biri yerdə 2011-ci ilin yanvarında. İndi bu tarixlərin hansında mən özüm-özümü təyin eləmişəm?”, – bunu 10 il ərzində “Baku Steel Company” şirkətinin (poladəritmə zavodu) Müşahidə Şurasının sədri olmuş Rasim Məmmədov sentyabrın 9-da öz məhkəməsində deyib.

2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Sentyabrın 9-da iş adamının məhkəməsi təyin edildiyi vaxtdan iki saat gec başlayıb. Səbəb isə vəkillərin məhkəmə iclasına gəlməməsi olub. Vəkillər məhkəməyə ərizə göndərərək, başqa işlərlə əlaqədar prosesə qatılmayacaqlarını bildiriblər. Buna baxmayaraq, Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası məhkəmə iclasını keçirməkdə israrlı olub. Vəkillərin üçünə də xəbər göndərilib ki, mütləq prosesə qatılmalıdırlar.

İki saat sonra məhkəmə iclası vəkil Pərviz Məmmədovun iştirakıyla başlayıb. O, digər iki həmkarı olmadan prosesin davam etdirilməsinə etirazını bildirib:

“Mən özüm də məcburi şəkildə gəlmişəm. Halbuki, əvvəldən məhkəməni xəbərdar etmişdim. Digər vəkil həmkarlarımın iştirakı olmadan prosesin keçirilməsinə etiraz edirəm. Çünki burada ittiham aktı elan olunacaq, onlar da ittihamın mahiyyətini bilməlidir”.

Hakim bildirib ki, vəkillər başqa məhkəmə işlərilə əlaqədar prosesin təxirə salınması haqda müraciət etsələr də, bununla bağlı heç bir sübut yoxdur. Hakimin bu arqumentinə vəkil belə cavab verib.

“Hazırda müvəkkilimin tapşırığı ilə çox vacib bir sənədin hazırlanmasıyla məşğulam. Elə məsələlər var ki, məxfidir, vəkil sirridir, bunları açıq şəkildə yazmaq olmur”, – Pərviz Məmmədov bildirib.

Rasim Məmmədov özü də məhkəməyə vacib sənədlər təqdim edəcəklərini deyib. Onun sözlərinə görə, ekspertiza rəylərində rəqəmlər çox şişirdilib:

“Ekspertiza rəyindəki rəqəmlər düşgün deyil. O qədər istehsalat, satış olmayıb axı. 19 ay ərzində bizimlə işləməyiblər, bizdən heç nəyi soruşub aydınlaşdırmayıblar. Kimə nə qədər verilibsə, dəftərçədəki bu rəqəmlərə baxıb, özlərindən rəqəm düzəldiblər. Mən məhkəməyə elə sənədlər verəcəm, görəcəksiniz ki, onların yazdıqları doğru deyil”.

Hakimlər qərara gəlib ki, bir vəkilin iştirakı kifayətdir və etiraza baxmayaraq, məhkəmə prosesi davam etdirilib.

Prokuror ittiham aktını elan edib.

İttihamda yazılıb ki, “Baku Steel Company” MMC 2009-cu ilin avqustunda qeydiyyatdan keçib. Rasim Məmmədov 2021-ci il yanvarın 28-nə qədər şirkətin Müşahidə Şurasının sədri olub. O, zavoda rəhbərlik etdiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən rəqəmləri şişirtməkdə; başqa şəxslərin adına şirkətlər yaradıb “Baku Steel Company”in mallarını həmin şirkətlərə daha aşağı qiymətlərlə satmaqda; “Baku Steel Company”in məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə ittiham olunur. Rasim Məmmədov bu cür üsullarla ümumilikdə təxminən 55 milyonl manatlıq mənimsəmə və israfetmədə ittiham olunur. Buna görə Rasim Məmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham olunur.

İttiham aktı elan olunan ərəfədə digər vəkillər də prosesə qatılıb.

Prokurorun elan etdiyi ittihama münasibət bildirən Rasim Məmmədov deyib ki, nədə təqsirləndirildiyini anlamır.

Vəkili Elçin Sadıqov da ittihamın mahiyyətinin aydın olmadığını bildirib: “İttihamda yazılıb ki, ƏDV-dən (Əlavə Dəyər Vergisi) yayınmaqla şirkətə ziyan vurub. ƏDV şirkətindir, yoxsa dövlətin? Yaxud da Rasim Məmmədov hansı fiziki şəxslərə ziyan vurub? İttihamda yazıblar, amma mahiyyəti məlum deyil”.

Prokuror bildirib ki, məhkəmə prosesinin gedişində bütün bu məsələlərə aydınlıq gətiriləcək. Vəkil bu cavabla razılaşmayıb:

“Avropa Məhkəməsinin qərarlarında da yazılıb ki, ittihamın mahiyyəti öncədən məlum olmalıdır. Şəxs nədə ittiham edildiyini bilməlidir”.

Daha sonra Rasim Məmmədova ifadə vermək təklif olunub. O bildirib ki, ifadə vermək istəyir, lakin indi hazır deyil. Vəkillərilə məsləhətləşməsi və hazırlaşması üçün ona vaxt verilməsini istəyib. Hakimlər ona sentyabrın 12-nə qədər vaxt verib.

Lakin bu müddət onu da, vəkillərini də qane etməyib:

“Şənbə-bazar günü təcridxanaya vəkillər buraxılmır, siz də birinci günə təyin etdiniz. Biz nə vaxt görüşüb məsləhətləşək?”

Vəkillər sentyabrın 12-də Şəkidə başqa bir iş üzrə məhkəmə prosesində iştirak edəcəklərini bildirib, bu üzdən prosesin başqa vaxta təyin edilməsini istəyiblər. Lakin hakimlər fikrini dəyişməyiblər.

Keçmiş deputat Nazim Bəydəmirli də məhkəmə prosesini izləmək üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə gəlib. O, iddia edir ki, Rasim Məmmədovun əməllərindən ziyan görənlərdən biri də özüdür. Lakin o, rəsmi şəkildə zərərçəkmiş qismində tanınmayıb. O, məhkəmə iclasında iştirak edə bilməyib.

Rasim Məmmədov ötən məhkəmə iclasında bildirmişdi ki, şirkətlə bağlı 2011-ci ildə Prezident Administrasiyasının o zamankı rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovla üçlükdə görüşüb, bütün məsələləri razılaşdırıblar. O vurğulayıb ki, ötən 10 il ərzində kimə nə qədər pul verildiyi kitabçalarda qeyd olunub və həbs edilərkən həmin kitabçalar götürülüb. Buna baxmayaraq, kiminlə nə iş görüldüyü və s. məsələri hazırda həbsdə yazdığı kitabında qeyd edir.

1976-cı il təvəllüdlü Rasim Məmmədov 2021-ci ilin yanvarından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Cinayət işində 13 milyon 200 min manatın mənimsənilməsi, 42 milyon manatlıq məhsulun israf edilməsindən söhbət gedir.

Rasim Məmmədova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrilə ittiham verilib.

Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Rasim Məmmədov ittihamları qəbul etmir, özünü təqsirli bilmir.

Ana səhifəSiyasətHəbsdə olan zavod direktoru: “Kimin malını yeyib-dağıtmışam?”