Samir Aşurovun məhkəməsi başladı
Almaniyadan Azərbaycana deportasiya olunandan az sonra – 2022-ci ilin aprelində həbs olunan siyasi fəal Samir Aşurovun məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Avqustun 19-da hakim Məhəmməd Əkbərovun sədrliyilə bu iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. İclasda Samir Aşurovun anket məlumatları dəqiqləşdirilərkən o bildirib ki, bundan öncə də siyasi baxışlarına görə iki dəfə şərlənərək həbs olunub. Lakin hər ikisində ona inzibati həbs cəzası verilib. Birinci dəfə polisə müqavimət ittihamıyla 30 sutka, ikinci dəfə narkotik ittihamıyla 60 sutka həbslə cəzalandırılıb. Buna baxmayaraq, siyasi əqidəsini dəyişmədiyini deyən Samir Aşurovun sözlərinə görə, o, təzyiqlər üzündən məcbur qalıb, 2018-ci ildə Almaniyaya mühacirətə gedib. O əlavə edib ki, himayəsində iki azyaşlı övladı var.
Məhkəmənin hazırlıq iclasında məlum olub ki, Samir Aşurova onun haqqında tərtib olunmuş ittiham aktı verilməyib. Məhkəmə bildirişi və digər sənədlər də vaxtında çatdırılmayıb.
Prosessual qaydalara görə, təqsirləndirilən şəxs məhkəmə prosesi başlamamışdan ən azı, 7 gün öncə bildiriş və başqa sənədlərin hamısını almalı, onlarla tanış olmaq imkanı yaradılmalıdır.
Bundan başqa, o da aydın olub ki, Samir Aşurov haqqında istintaq dövrü üçün seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatır. Vəkili Elçin Sadıqov təklif edib ki, müddət başa çatdığına görə uzadılmasın, Samir Aşurov ev dustaqlığına buraxılsın, məhkəməyə də evdən gəlib-getsin.
Samir Aşurov ümumiyyətlə, heç bir cinayət törətmədiyini, təqsirsiz olduğunu vurğulayıb.
“Bu məhkəmədə ümumiyyətlə, baş verməyən – mövcud olmayan cinayətdən söhbət gedəcək. Ləyaqətsiz insanlar da bura gəlib üzümə duracaq…”, – Samir Aşurov bildirib.
Hakimlər məhkəmə dövründə Samir Aşurovun ev dustaqlığında olmasına razılaşmayıb. Onun haqqında həbs qətimkan tədbirinin müddəti hökm çıxarılana qədər uzadılıb.
Məhkəmə prosesi avqustun 31-nə təxirə salınıb.
Samir Aşurova Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham verilib.
İttihama əsasən, o, aprelin 19-da Nizami rayonu ərazisində səkidə gedərkən qarşıdan gələn Elşən Nəbiyev adlı şəxsə çiyni ilə toxunduğuna görə aralarında mübahisə yaranıb. Samir Aşurov onu döyüb, daha sonra üstündəki bıçaqla xəsarət yetirib.
Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova hər iki ittihamın əsassız olduğunu, həyat yoldaşının şərləndiyini bildirib:
“Samir Aşurovla zərərçəkmiş kimi təqdim olunan şəxsin arasında istintaqın sonunda üzləşmə keçirilib. Açıb qarnındakı izi göstərib ki, guya Samirin vurduğu bıçağın yeridir. Yalandır, ola bilsin, əvvəl kimsə onu bıçaqlayıb, onun yeridir. Birincisi, çoxdankı yara izidir. İkincisi və ən əsası, Samir onu vurmayıb, heç üstündə bıçaq olmayıb. Samir yolda sakitcə gedərkən o, özünü yerə yıxıb, qışqırmağa başlayıb. Sadəcə, Samiri şərləmək üçün ondan alət kimi istifadə edirlər. Bu da sifarişlə böhtan atır…”
Nuranə Aşurova vurğulayıb ki, həyat yoldaşının cəzalandırılmasının səbəbi Azərbaycan hökumətini tənqid etməsi, siyasi məhbuslara azadlıq tələbilə Almaniyada keçirilən etiraz aksiyalarında fəal iştirak etməsidir.
Samir Aşurov hələ Azərbaycana qaytarıldığı ilk günlərdə həbs təhlükəsi altında olduğu haqda dəfələrlə sosial media hesabında yazmışdı.
O, barəsində həbs qətimkan tədbiri seçilərkən Nizami Rayon Məhkəməsində hakimə hadisənin necə baş verdiyini danışıb. Deyib ki, aprelin 19-da axşam saatlarında metronun “Neftçilər” stansiyasının yaxınlığında evinə gedərkən bir nəfər qışqıra-qışqıra ona tərəf gəlib və onu yerə yıxıb. Arxasınca da qışqırıb və dərhal polislər gələrək onu tutub:
“Cibimə bıçaq qoydular. Çıxarıb atdım. Əvvəl sağ cibimə qoymuşdular, sonra gətirib sol cibimə qoydular. Götürüb 24-cü bölməyə apardılar…”
Samir Aşurov martın 28-də Almaniyadan Bakıya qaytarılıb, aprelin 19-da isə həbs olunub.
Son dövrlərdə Almaniyadan deportasiya edilən fəalların bir neçəsi ölkəyə qayıtdıqdan az sonra həbs edilib. Onların əksəriyyətinə narkotik ittihamı verilib. Lakin onlar ittihamı rədd edir və etirazlarına görə qisas almaq məqsədilə şərləndirklərini deyirlər.