Həbsdə olan sabiq səhiyyə nazirinə yeni cinayət işi açılıb (yenilənib)

Vəkil Toğrul Babayev hazırda ədliyyə naziri Fikrət Məmmədov və Qaradağ rayon prokuroru Natiq Abdullayevin müəssisəyə gəldiklərini qeyd edib

Source:


***


17.45. Əli İnsanov Cinayət Məcəlləsinin 234.1 ( Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə, həmin şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduqda) ve 317.2.1 ( Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddələri ilə ittiham irəli sürülüb.


Ə.İnsanovun təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərara görə, sabiq nazir hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edib. Bundan əlavə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlayıb. Əli İnsanovun həmçinin, həbsxanada qadağan olunmuş əşyalar saxladığı iddia olunur. Qərarda göstərilir ki, Ə.İnsanov avqustun 23-də xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoru Anar Məmmədova zor tətbiq edib, onun boğazını sıxıb, paqonlarını qoparıb. Həmçinin, Əli İnsanovun istifadəsi qadağan olunmuş 60 ədəd tramadol dərmanı saxladığının müəyyən edildiyi bildirilir.

Əli İnsanovu 234.1-ci maddəyə görə 3 il, 315.2-ci maddəyə görə 3 ildən-7 ilə qədər, 317.2.1-ci maddə ilə  6 ayadək həbs gözləyir.


***


Vəkil Toğrul Babayev hazırda ədliyyə naziri Fikrət Məmmədov və Qaradağ rayon prokuroru Natiq Abdullayevin müəssisəyə gəldiklərini qeyd edib

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində yeni cinayət işi başlanılıb.

Bu barədə Trend-ə onun vəkili Toğrul Babayev bildirib.

Vəkil bildirib ki, bu barədə ötən gecə Ə.İnsanovun vəkillərinə Qaradağ rayon Prokurorluğundan zəng edilərək məlumat verilib: “Hazırda müvəkklimizin cəza çəkdiyi 13 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısında gözləyirik. Cinayət Məcəlləsinin hansı maddəsi ilə cinayət işinin başlanılması barədə məlumat verilməyib”.

T.Babayev hazırda ədliyyə naziri Fikrət Məmmədov və Qaradağ rayon prokuroru Natiq Abdullayevin müəssisəyə gəldiklərini qeyd edib.

Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.

Ana səhifəXəbərlərHəbsdə olan sabiq səhiyyə nazirinə yeni cinayət işi açılıb (yenilənib)