Həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərovdan izahat alınıb

Prokurorluq Rüfət Səfərova işgəncə verilməsi hadisəsini araşdırır

Source:
Rüfət Səfərov
Rüfət Səfərov


Prokurorluq Rüfət Səfərova işgəncə verilməsi hadisəsini araşdırır

Xəzər Rayon Prokurorluğunun əməkdaşı oktyabrın 13-də 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan keçmiş müstəntiq Rüfət Səfərovdan izahat alıb.

Bu barədə vəkil Bəhruz Bayramov Meydan TV-yə deyib ki, sentyabrın 22-də 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini Azər Qurbanzadənin iştirakı ilə Rüfət Səfərova işgəncə verilib və prokurorluğun əməkdaşı Rüfət Səfərovdan izahatı bununla bağlı alıb.

“Sentyabrın 21-də Rüfət Səfərov anasıyla görüşəndən bir gün sonra aclığa başlayacağını demişdi. Sentyabrın 22-də mən onunla görüşməyə cəhd etsəm də, alınmadı. Sonra məlum oldu ki, Penitensiar Xidmətin yeddiyə yaxın əməkdaşı müəssisəyə gəlib. Sentyabrın 26-da mən Rüfətlə görüşəndə dedi ki, Azər Qurbanzadə ilə birgə Penitensiar Xidmətin əməkdaşları ona zor tətbiq edib, qolunu bağlayıblar və işgəncə veriblər. Azər Qurbanzadə onu hədələyərək vətən xaini adlandırıb. Amma bunu o zaman atası Eldar Sabiroğlunun səhhətinə görə ictimailəşdirmədim. Yalnız valideynləri ilə görüşdən sonra Respublika Prokurorluğuna müraciət etdik”.

Vəkil deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin cəzacəkmə müəssisəsində işgəncəyə məruz qalması və onunla qeyri-insani davranılması ilə bağlı araşdırmalara başlanılıb.

Rüfət Səfərov 2016-cı il sentyabrın 8-də Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

O, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun övladıdır.

Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. Bundan sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb. Mənzildən onun kompüteri, telefonu götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Ana səhifəXəbərlərHəbsdə olan keçmiş müstəntiq Rüfət Səfərovdan izahat alınıb