Həbsdə olan keçmiş məmurun oğluna hökm oxundu

Bacısının qətlində təqsirli bilinən Məhəmmədəli Babayevə 1 il həbs cəzası verilib

Foto: MeydanTV


Bacısının qətlində təqsirli bilinən Məhəmmədəli Babayevə 1 il həbs cəzası verilib

Xəzər rayon İcra Hakimiyyətinin Türkan qəsəbəsi üzrə keçmiş icra nümayəndəsi, hazırda həbsdə olan Rahil Babayevin oğlu Məhəmmədəli Babayevə hökm oxunub. O, özündən dörd yaş böyük olan bacısı Aydan Babayevanın qətlində təqsirli bilinsə də, ona 1 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Xəzər Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynli belə nəticəyə gəlib ki, 25 yaşlı Məhəmmədəli Babayev hadisəni affekt vəziyyətdə törədib. Ona görə də Cinayət Məcəlləsinin 122.1-ci (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsilə cəzalandırılıb.

Hadisə ötən il sentyabrın 20-də səhər saatlarında Türkan qəsəbəsində baş verib. 1991-ci il təvəllüdlü Aydan Babayeva ov tüfəngindən açılan atəş nəticəsində öldürülüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sonradan Məhəmmədəli Babayevə verilən ittiham Cinayət Məcəlləsinin 122-ci maddəsinə tövsif olunub.

Məhəmmədəli Babayev haqqında cinayət işi əvvəlcə Xəzər Rayon Məhkəməsində hakim Zaur Tağıyevin icraatına verilmişdi. Lakin hakim bu işi yenidən araşdırılması üçün prokurorluğa qaytarmışdı.

May ayında prokurorluq təkrar istintaqı yekunlaşdıraraq, işi yenidən məhkəməyə göndərmişdi.

Ailəsində baş vermiş faciədən az sonra Rahil Babayev də həbs olunub. O, Türkan qəsəbəsində 79 yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanovanın adına saxta ölüm şəhadətnaməsi çıxarılmaqla, hər birinin 25 sot torpaq sahəsini satıb, pullarının mənimsənilməsində ittiham olunur. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmə önünə Rahil Babayevlə yanaşı, daha dörd nəfər təqsirləndirilən şəxs qismində çıxarılıb. Onların arasında Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov, Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulov və onun müavini Eldar Mirzəyev, Türkan qəsəbəsində daşınmaz əmlak alqı-satqısıyla məşğul olmuş Çingiz Səfərov da var. Təqsirləndirilən beş nəfərdən ikisi – Rahil Babayev və Çingiz Səfərov həbsdədir.

Daşqın Nəsirov da əvvəl həbsdə olub, apreldə səhhhətində problem olması əsas gətirilərək, ev dustaqlığına buraxılıb.

Ana səhifəXəbərlərHəbsdə olan keçmiş məmurun oğluna hökm oxundu