Həbsdə olan keçmiş məmur ev dustaqlığına buraxılmasını istəyir

Sabiq icra nümayəndəsi vətəndaşları aldatmaqda təqsirli bilinir

Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi


Sabiq icra nümayəndəsi vətəndaşları aldatmaqda təqsirli bilinir

Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi olmuş Ağaqədir Osmanovun məhkəməsi başlayıb.

Dekabrın 5-də hakim Mirzə Xankişiyevin sədrliyilə onun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Bəlli olub ki, A.Osmanovun 66 yaşı var. O bildirib ki, Şamaxının başqa qəsəbələri üzrə də icra nümayəndəsi olub.

A.Osmanovun vəkili Günay Sultanova onun məhkəmənin hökmünə qədər ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Müdafiəçi bildirib ki, müvəkkilinin səhhətində kəskin problemlər var, həbsindən sonra vəziyyəti daha da pisləşib, xüsusən ürək ağrılarından əziyyət çəkir. Vəkilin sözlərinə görə, zərərçəkmiş qismində tanınan şəxslərlə də barışıq əldə olunub.

A.Osmanov özü də vəkili ilə razılaşdığını söyləyib, azadlığa buraxılmasını xahiş edib.

Lakin məhkəmə vəsatəti təmin etməyib.

A.Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. O, torpaq satmaq adıyla vətəndaşları aldatmaqda təqsirləndirilir.

Bu iş üzrə üç nəfər zərərçəkmiş var – Reyhan Bələdova, Gülqız Həmidova və Əmir Bəkirov.

Sabiq icra nümayəndəsinin işi üzrə məhkəmə baxışı dekabrın 12-nə təyin olunub.

Ana səhifəXəbərlərHəbsdə olan keçmiş məmur ev dustaqlığına buraxılmasını istəyir