Həbsdə olan keçmiş diplomat: “Mən diktatura rejiminin qurbanıyam”

Emin İbrahimov. Foto: Meydan TV

Emin İbrahimovun apelyasiya şikayəti təmin edilməyib

Əvvəllər Azərbaycanın ABŞ-dakı səfirliyində, Uruqvaydakı diplomatik missiyada çalışmış, ölkədə insanların hüquq və azadlıqlarının boğulmasına, seçkilərin saxtalaşdırılmasına etiraz olaraq öz ərizəsilə diplomatik xidmətdən azad olunmuş Emin İbrahimov haqqında həbs qərarından apelyasiya şikayəti verilib. Şikayətə iyulun 29-da Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyilə baxılıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, qapalı keçirilən məhkəmə prosesinə Emin İbrahimovun özünü də gətiriblər. O bildirib ki, haqqında həbs qərarı verilən gündən – iyulun 24-dən başladığı aclıq aksiyasını davam etdirir və ona qarşı qanunsuzluq, saxtakarlıq aradan qaldırılana qədər dayandırmaq niyyətində deyil. Keçmiş diplomatın sözlərinə görə, Şüvəlandakı 3 saylı istintaq təcridxanasında ona qarşı təzyiqlər var. Ondan aclığı dayandırmaq tələb olunur, hətta ölümlə təhdid edilir.

Bir həftədir həbsdə olan Emin İbrahimovun ailə üzvlərilə telefonla danışmaq və görüşmək hüququ da məhdudlaşdırılıb. Deyir ki, ona bu cür məhdudiyyət və təzyiqlərin göstərişlərinin Ədliyyə Nazirliyindən gəldiyini bildiriblər.

Emin İbrahimov iyulun 22-də metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında Kamal Şükürov adlı birinə bıçaqla xəsarət yetirməkdə təqsirləndirilir. O, bu ittihamın saxta olduğunu, həbs edilməsi üçün öncədən planlaşdırılmış ssenari həyata keçirildiyini bildirib. Hesab edir ki, bıçaqlandığı iddia olunan Kamal Şükürovdan da bu ssenarinin həyata keçirilməsində istifadə olunur.

“Mən diktatura rejiminin qurbanıyam”, – Emin İbrahimov belə deyib.

O, Azərbaycanda müstəqil məhkəmə və hakimlər olmadığını vurğulayaraq, ədalət gözləntisi olmadığını da hakimlərin nəzərinə çatdırıb.

Vəkili Aqil Layıc onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilməsi haqda Nizami Rayon Məhkəməsinin qərarının ləğvini istəyib. Vəkil bildirib ki, müvəkkili nüfuzlu şəxsir, istintaqdan yayınmaq niyyəti yoxdur, yaşayış yeri məlumdur, onu həbsdə saxlamadan da istintaq aparmaq olar.

Lakin müstəntiq razılaşmayıb. O bildirib ki, Emin İbrahimov istintaq dövründə həbsdə saxlanmalıdır. Əks halda, onun istintaqdan yayınmaq, zərərçəkmiş və şahidlərə təsir göstərmək ehtimalı var.

Hakimlər də bir neçə dəqiqə müşavirə edərək, apelyasiya şikayətini təmin etməyib – Emin İbrahimov haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilməsi qərarı qüvvədə saxlanılıb.

Emin İbrahimova qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-cı (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Keçmiş diplomat özünü təqsirli bilmir. O bildirib ki, iyulun 22-də “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında mənzilinin təmiri ilə əlaqədar evinə gedəndə bir nəfər qəfildən onun üstünə gəlib və paltarlarını cırmağa başlayıb. Bundan dərhal sonra o yerdə mülki geyimli polislər peyda olub və onu saxlayıb, Nizami rayonu, 24-cü polis bölməsinə aparıblar. Orada iddia olunub ki, Emin İbrahimov Kamal Şükürov adlı şəxsi bıçaqlayıb.

Azərbaycanda son illərdə bir sıra fəallar bıçaqla kiməsə xəsarət yetirməkdə təqsirləndirilərək həbs olunsalar da, onlar ittihamı qəbul etmirlər. Deyirlər ki, bıçaqlandığı iddia olunan şəxslərə nəinki xəsarət yetirmək, hətta toxunmayıblar. Onlar əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.

Bu cür ittihamla həbsdə olanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş, ölkəyə qayıdandan az sonra həbs olunmuş Samir Aşurov, işçilərin hüquqlarının müdafiəsilə məşğul olan İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov da var.

Onlar tələb ediblər ki, hadisənin baş verdiyi iddia olunan ərazidəki kameraların görüntülərinə baxılsın. Lakin bu işlərin heç birində kamera görüntülərinə baxılmayıb.

Ana səhifəSiyasətHəbsdə olan keçmiş diplomat: “Mən diktatura rejiminin qurbanıyam”