Taleh Xasməmmədovun ailəsi növbəti müraciət yaydı
Taleh Xasməmmədovun ”kars”a salınması xəbərini Meydan TV-yə hüquq müdafiəçisi Oqtay Gülalıyev verib.
O bildirib ki, siyasi məhbus Taleh Xasməmmədovun səhhətində yaranmış problem və müalicəsinə imkan verilməməsi ilə bağlı həyat yoldaşı aidiyyatı qurumlara müraciət etmişdi: “Bu gün aldıqımız məlumata görə onu saxlandığı 17 saylı CÇM- də işgəncə verib 15 günlük “kars”a salıblar. Onun səhhəti getdikcə pisləşməkdədir”.
Yaxınlarının yaydığı növbəti müraciətdə qeyd olunur ki, səhhətində çox ciddi problemlər olan, sağlıq durumu gündən- günə pisləşən, müalicəsinə imkan verilməyən hüquq müdafiəçisinin xəstə vəziyyətdə birdən- birə “kars”a salınması və işgəncəyə məruz qalmasının səbəbləri hələ aydın deyil. Amma məlum müraciətdən sonra bu hadisənin baş verməsi bəzi suallar yaradır: “Yəqin bu hakimiyyətin fəlsəfəsində şərləyərək həbs etdiyi, Avropa Birliyi başda olmaqla beynəlxalq və yerli təşkilatların sənədlərində adı siyasi məhbus kimi keçən bir xəstə məhkumu müalicə etdirmək əvəzinə onu təhqir edib, zorakalığa məruz qoyub “kars”a salmaq əsl humanistlik, tolerantlıq və multikulturalizmdir. Taleh Xasməmmədovun həyatı təhlükə altındadır. Onsuz da tez- tez həbsxanalarda döyülərək, işgəncə və laqeydsizlik ucbatından məhbusların dünyasını dəyişməsinə dair məlumatlar alırıq. Ailəsi onun üzvü olduğu Musavat Partiyası başda olmaqla bütün ictimai-siyasi təşkilatları, aidiyyatı qurumları, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı), vətəndaş cəmiyyəti qurumlarını, mətbuat orqanlarını, başda Beynəlxalq Qırmızı Xaç Komitəsi olmaqla beynəlxalq təşkilatları dəstək olmağa çağırırıq”.
Taleh Xasməmmədov ötən il iyulun 22-də Göyçay rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. O, xuliqanlıqda ittiham olunur. Hüquq müdafiəçisi ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.