Həbsdə olan deputata 3 il 6 ay həbs cəzası kəsildi

Foto: Report.az

Eldəniz Səlimovun mühakiməsi ictimaiyyətdən gizli şəkildə həyata keçirilib

Xaçmazda “Starıy dvor” restoranında polisi döyməkdə təqsirləndirilərək həbs olunan deputat Eldəniz Səlimovun məhkəməsi yekunlaşıb. Dekabrın 27-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hakim Hafiz Əliyevin sədrliyilə çıxarılan hökmə əsasən, deputat 3 il 6 ay azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 309.2 (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddəsilə təqsirli bilinib.

Eldəniz Səlimovun mühakiməsi ictimaiyyətdən gizli şəkildə həyata keçirilib. Deputatın məhkəməsinə jurnalistlərin girişinə qadağa qoyulduğuna görə, bu məhkəmə prosesində yaşananlardan, o cümlədən Eldəniz Səlimovun ifadəsi, ona qarşı hansı sübutların olmasından ictimaiyyət xəbər tuta bilmədi.

Eldəniz Səlimov avqustun 3-də həbs olunub. 45 yaşlı deputat iyulun 29-da qohumuna məxsus restoranda Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevi vurmaqda ittiham olunur.

Təqsirləndirilən deputat həbsindən öncə yaydığı açıqlamada əməlinin yanlış olduğunu etiraf edərək üzr istəsə də, bu nəticəyə gətirib çıxaran səbəblər olduğunu da vurğulamışdı:

“Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub”.

1976-cı il təvəllüdlü Eldəniz Səlimov 2010-cu ildən Milli Məclisin deputatıdır. O, 2020-ci ilin fevralında keçirilən son oarlament seçkilərində 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı kimi parlamentdə təmsil olunub. Amma bu ilin yayında məlum qalmaqaldan sonra o, YAP-dan çıxarılıb.

Məhkəmə hökmü qüvvəyə minənədək onun deputat mandatı ləğv olunmur.

Ana səhifəSiyasətHəbsdə olan deputata 3 il 6 ay həbs cəzası kəsildi