Həbsdə olan daha bir general işçiləri ilə məhkəmə qarşısına çıxarılır

Onların barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Foto: Azərtac


Generaldan fərqli olaraq, digər şəxslər istintaq dövründə həbsdə olmayıb

Həbsdə olan general – Milli Təhlükəsizlik Nazirliyinin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin rəisi olmuş Nizami Şirinovun işi üzrə istintaq başa çatıb. O, yaxın günlərdə hakim qarşısına çıxarılacaq. General haqqında cinayət işinin materialları artıq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlum olub ki, Nizami Şirinovla yanaşı, onun rəhbərlik etdiyi qurumun tabeliyindəki idarələrin rəisləri olmuş Elcan Abdullayev və Elman Tahirov, eləcə də əməliyyat müvəkkili işləmiş Nadir Nəzirov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin generaldan fərqli olaraq, adları çəkilən şəxslər istintaq dövründə həbsdə olmayıb. Onların barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

General və tabeliyində işləmiş sabiq idarə rəisləri müxtəlif adamları zorakılığa məruz qalacaqları, barələrində rüsvayedici məlumatların yayılacağı ilə hədələyib, onların külli miqdarda pulunu almaqda, cinayət yoluyla əldə edilən əmlakların leqallaşdırılmasında ittiham olunur.

Nizami Şirinov Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (hədə-qorxu gəlməklə rüşvət alma) və digər maddələri ilə ittiham olunur.

Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirova qarşı isə Cinayət Məcəlləsinin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən törədildikdə, ağır nəticələrə səbəb olduqda) və digər maddələrilə ittiham irəli sürülüb.

İstintaq zamanı təqsirləndirilən şəxslərin bir sıra əmlaklarının üzərinə prokurorluğun vəsatəti əsasında məhkəmə həbs qoyub. Gələcəkdə onların haqqında ittiham hökmü çıxarılarsa, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi məqsədilə həmin əmlaklar müsadirə oluna bilər.

İstintaq dövründə təqsirləndirilən şəxslər ziyanın bir qismini ödəyiblər.

Nizami Şirinov bu ilin aprelində uzun illər MTN-in İstintaq Baş İdarəsinin rəisi olmuş, general Mövlan Şıxəliyevlə birlikdə həbs olunmuşdu. Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, Mövlan Şıxəliyevin də işi üzrə istintaq yekunlaşmaq üzrədir: “Bu barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin olunacaq”.

Generalların işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb. Ötən ilə qədər bu idarə Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi adlanırdı. 2015-ci ilin oktyabrında keçmiş MTN-çilər haqqında cinayət işi də bu idarədə başlanmışdı. O zaman istər istintaqdakı, istərsə də məhkəmədəki ifadələrdə həm Mövlam Şıxəliyevin, həm də Nizami Şirinovun adları hallanmışdı. Zərərçəkənlər qanunsuz tutulmaları, MTN-də təzyiqlərə məruz qalmaları, hədə-qorxu ilə əmlakılarının əllərindən alınmasına görə həm də onları ittiham edirdilər.

Adları çəkilən generallar o zaman şahid qismində də dindirilmişdilər. Amma dindirmələr zamanı barələrində səslənən ittihamlarla razılaşmamış, kimsədən rüşvət almadıqlarını, qanunsuzluq etmədiklərini bildirmişdilər.

Həm Mövlam Şıxəliyev, həm də Nizami Şirinov Eldar Mahmudov nazir olduğu dövrdə MTN-də idarələrə rəhbərlik edib. 2015-ci ilin oktyabrında MTN-in 20-dən artıq vəzifəlisinin həbsi ilə nəticələnən əməliyyatdan onlar da vəzifədən uzaqlaşdırılıb.

Ana səhifəSiyasətHəbsdə olan daha bir general işçiləri ilə məhkəmə qarşısına çıxarılır