Hakimlər ittihamı dəyişdiriblər
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəallarından biri Elnur Həsənovun məhkəməsi yekunlaşıb.
Avqustun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hökmə əsasən, Elnur Həsənov Cinayət Məcəlləsinin 234.1.-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə təqsirli bilinərək, 3 il azadlıqdan məhrum edilib.
Avqustun 2-də hakim Cavid Hüseynovun sədrliyilə keçirilən məhkəmə prosesində əvvəl dövlət ittihamçısı çıxış edib.
Prokuror iddia edib ki, Elnur Həsənova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik əldə etmə, daşıma – satış məqsədilə törədildikdə) maddəsilə irəli sürülmüş ittiham məhkəmədə sübuta yetirilib. O, bu maddə ilə də cəbhəçinin 6 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra çıxış edən Nemət Kərimli isə bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs heç bir cinayət törətmədiyi halda, 8 aydan çoxdur həbsdə saxlanılır. Vəkilin sözlərinə görə, Elnur Həsənov saxlanılarkən onun üzərindən narkotik tapılmasını təsdiqləyən heç bir mötəbər sübut yoxdur. Müvəkkilinin siyasi baxışlarına görə cəzalandırıldığını vurğulayan müdafiəçi xatırladıb ki, həbsindən əvvəl Elnur Həsənov “Facebook” hesabında yol polislərinin fəaliyyətini kəskin tənqid edib.
Vəkil deyir ki, Elnur Həsənovun işində əməliyyat-axtarış fəaliyyəti haqqında qanun da daxil olmaqla, bir çox hüquqi norma pozulub.
Narkotik işlərilə bağlı Avropa Məhkəməsinin Azərbaycana qarşı bir sıra qərarlarını yada salan vəkil bildirib ki, həmin qərarlara görə, şəxs uzun müddət polisin nəzarəti altında saxlandıqdan sonra üzərindən narkotik çıxdığı iddia edilirsə, bu, artıq şübhə yaradır.
Nemət Kərimli Elnur Həsənovun işi üzrə dindirilmiş iki polisin ifadəsindən də danışıb. Vəkil bildirib ki, hər iki polisin ifadəsi sözbəsöz eynidir. Hətta eyni hadisədən bəhs olunsa belə, iki ifadənin eyni olması mümkün deyil.
Bütün bunların Elnur Həsənovun cibinə narkotik atılaraq şərlənməsinə əsaslı şübhələr yaratdığını deyən vəkil onun həm də şəhid qardaşı olduğunu hakimlərin nəzərinə çatdırıb. Çıxışının sonunda müvəkkili haqqında bəraət hökmü çıxarılmasını istəyib.
Daha sonra Elnur Həsənov son sözünü deyib. O bildirib ki, Xalq Cəbhəsi Partiyasının üzvü olduğuna görə cəzalandırılır. O da həbsindən əvvəl yol polislərinin fəaliyyəti barədə sosial mediada yazdığını, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun istefasını tələb etdiyini və bundan dərhal sonra həbs olunduğunu xatırladıb.
Təqsirləndirilən cəbhəçi əlavə edib ki, saxlanılarkən və daha sonra polis bölməsində işgəncəyə məruz qalıb, bu yolla onu etiraf ifadəsinə imza atmağa məcbur ediblər:
“Orada da yazıblar ki, guya yerdən tapmışam. Narkotik bostanda bitir? Yerdə tökülüb ki, hamı elə yerdən tapır? Bu qədər yalan, saxtakarlıq olar?”.
Onun son sözündən sonra Cavid Hüseynov, Eldar İsmayılov və Səbuhi Hüseynovdan ibarət hakimlər kollegiyası müşavirəyə gedib. Müşavirədən qayıdan hakimlər elan edib ki, ittiham dəyişdirilib və Cinayət Məcəlləsinin 234.1-1 maddəsinə tövsif olunub və 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Elnur Həsənova istintaq dövründə verilmiş ittihamda – Cinayət Məcəlləsinin 234.4.3 maddəsində cəza 5 ildən 12 ilə qədər idisə, bu maddədə 3 ildən 8 ilədəkdir.
Elnur Həsənov 2023-cü il noyabrın 28-dən həbsdədir. O, saxlanılarkən cibindən 5,372 qram narkotik tapıldığı iddia olunur.
Cəbhəçi fəal isə deyir ki, cibinə narkotiki polislərin özləri atıb.
Elnur Həsənovun qardaşı 2020-ci ildə 44 günlük müharibədə şəhid olub, atası da 90-cı illərin əvvəlində Qarabağ döyüşlərində sağlamlığını itirib.
Hazırda onlarla ictimai-siyasi fəal, yüzlərlə dini inanclı narkotik ittihamıyla həbsdədir. Onlar ittihamları qəbul etmir, siyasi baxışlarına, tənqidi fəaliyyətlərinə görə şərləndiklərini bildirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə bu iddiaların əsassız olduğunu, onların konkret fakt əsasında saxlandığını bəyan edib.