Aqil Məhərrəmli

Mənbə: Meydan TV

Başlıq: Aqil Məhərrəmli

Həbsdə olan AXCP fəalı: Məhkumları döyüb, çılpaq formada çarpayıya qandallayırlar

“Hamını bir yerə yığıb, ağzımızı bağladılar”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin həbsdə olan üzvü Aqil Məhərrəmli bir müddət əvvəl koronavirus şübhəsilə Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülmüşdü. Təxminən ayyarım orada saxlandıqdan sonra A.Məhərrəmli əvvəl saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.

A.Məhərrəmli deyir ki, İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlandığı 41 günün 10 gününü cəza palatasında keçirib: “Yalnız yatanda döşək verilirdi. Bütün günü quru taxtanın üstündə yatırdım. Verilən döşək də çox bərbad halda idi. Dəhşətli qoxu gəlirdi. Adi sabun nədir ki, onu israrla alırdıq. Bir dəfə özümü pis hiss etdim, həkim gəlməsini istədim. Cavab belə oldu ki, “bura “Tubzon”un karsıdır, burada istəklər reallaşmır”.

Bu müəssisə məhbuslar arasında “tubzon” adlanır. Çünki orada vərəmə yoluxmuş məhbuslar saxlanılaraq müalicə olunurdu. COVİD-19 infeksiyasının yayılmasından sonra bu virusa yoluxan məhbuslar da ora köçürülməyə başladı.

A.Məhərrəmlinin sözlərinə görə, koronavirusa tutulmuş xəstə kimi ora köçürülən məhkumlar lazımi qaydada müalicə olunmurdu: “Hamını bir yerə yığıb, ağzımızı bağladılar. Biz də “aspirin”, “parasetamol”la xəstəliyə “qalib” gəldik”.

AXCP fəalı orada işgəncə hallarından da danışır. Deyir ki, xəstə məhkumların döyülməsi, çılpaq şəkildə çarpayıya bağlanması kimi halların şahidi olub: “İnanın ki, əsirlikdə olanlarla belə davranmırlar. Bütün hadisələrin başında rejim rəisi, mayor Elxan Mustafayev, baş əməliyyatçı Anar Əsgərov, əməliyyat şöbəsinin Ruslan adlı rəisi, Sahil adlı əməliyyatçı dayanırdı. Nigar adlı həkim vardı, məhkumlardan test götürməyə gəlmişdi. Söhbət zamanı məhkumları nəzərdə tutaraq, Anar Əsgərova deyir ki, “bu səviyyəsizlərə niyə belə üz verirsən?” Məhkumları döyüb, çılpaq formada çarpayıya qandallayırlar. Tualet istəyənə isə “canın çıxsın” cavabı verilir. Telefon danışığı hüququ 5 manata tanınırdı...”

Penitensiar Xidmət isə bu qurumun tabeliyindəki müəssisələrdə saxlanılan şəxslərə işgəncə verilməsi, onlardan rüşvət alınması barədə iddiaları təkzib edir.

A.Məhərrəmli 2018-ci il mayın 25-də partiyanın digər iki funksioneri – Babək Həsənov və Ruslan Nəsirli ilə birlikdə həbs olunub. Onlar Gədəbəy rayonunun keçmiş icra başçısı, AXC fəallarından olan Saleh Rüstəmlinin Rusiyadan qardaşı oğlu Vidadi Rüstəmli vasitəsilə göndərdiyi pulu partiyaya və onun sədri Əli Kərimliyə çatdırmaqda ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmli 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirliyə şərti cəza verilib.

Lakin təqsirləndirilən şəxslərin hamısı bu ittihamı rədd edir. S.Rüstəmli siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndərdiyini bildirib. Onun sözlərinə görə, məbləğ isə ittihamda göstərildiyi kimi 420 min dollar yox, iki il ərzində cəmi 10-11 min dollar olub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/2tx28l

Ən çox baxılan