“Həbs yerlərində baş verənlər Penitensiar Xidmətin mahiyyət göstəricisidir”

“Baş alıb gedən korrupsiya və işgəncələrə görə Penitensiar Xidmətin rəisi Mədət Quliyev başda olmaqla Xidmətin rəhbərliyi istefaya göndərilməli, penitensiar sahədə təxirəsalınmaz ciddi islahatlar həyata keçirilməlidir”

Source:


“Baş alıb gedən korrupsiya və işgəncələrə görə Penitensiar Xidmətin rəisi Mədət Quliyev başda olmaqla Xidmətin rəhbərliyi istefaya göndərilməli, penitensiar sahədə təxirəsalınmaz ciddi islahatlar həyata keçirilməlidir”

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı 4 saylı Cəza Çəkmə Müəssisəsində saxlanılan məhkum Lamiyə Quliyevanın nigahdan kənar övlad dünyaya gətirməsi olayı, Elşad Babayevin qətlə yetirilməsini hakimiyyətin mərhumun “ürək tutması” kimi qələmə verməsi, eləcə də siyasi məhbuslarla bağlı bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, son zamanlar Penitensiar Xidmətin tabeliyində olan həbs yerlərində məhbuslara qarşı zorakalıq, işgəncə, ölüm və digər qanunsuz hərəkətlər adi hala çevrilməkdədir. Təəssüf ki, baş verənləri araşdırmaq və qanuna müvafiq şəkildə ölçü götürmək əvəzinə Penitensiar Xidmət və hüquq- mühafizə orqanları ictimaiyyəti çaşdırmaq, hadisələri ört- basdır etmək və qeyri- insanı hərəkətlərə etiraz edənlərə divan tutmaq yolu seçirlər.

22 dekabrda 14 saylı Cəza Çəkmə Müəssisəsində Penitensiar Xidmətin əməkdaşları tərəfindən vəhşicəsinə döyülərək ağır işgəncə ilə qətlə yetirilən məhkum Elşad Babayevin qatillərini aşkara çıxarıb cəzalandırmaq əvəzinə hakimiyyət mərhumun öldürülməsinə etiraz edən məhbuslara divan tutdu. Yüzlərlə insan fiziki zorakalığa məruz qaldı, ağır bədən xəsarəti aldı. “Kars”-a salındı, “tubzon” deyilən Vərəm Dispanzerinə göndərildi. Döyülərək tanınmaz hala salınan məhbuslar ailə üzvlərindən belə gizlədildi. Baş vermiş cinayəti açmaq əvəzinə hüquq- mühafizə orqanları əsl suçluları deyil, cinayətkalara etiraz edən dinc, günahsız məhbuslar haqqında cinayət işi açdı. Ən acınacaqlısı isə odur ki, çox saylı dəlil və sübutlara, şahid ifadələrinə baxmayaraq Elşad Babayevin öldürülməsi mərhumun “ürək tutması” adı ilə ört- basdır edilir.

Elşad Babayevin qətlinin ardınca bir neçə gün bundan öncə 17 saylı CÇM- də məhbus İsrayıl Ağayevin özünü intihar etməsi həbs yerlərində məhbus ölümünün bu və ya digər səbəblərdən ənənə halını aldığını göstərir.

Alyansın bəyanatında bildirilir ki, qadınlar həbsxanasında saxlanılan Lamiyə Quliyevanın nigahdan kənar övlad dünyaya gətirməsi faktının ictimailəşməsi əslində məhkumun son 12 ildə taleyi ilə bağlı Prokurorluq, məhkəmə və Penitensiar Xidmətin birgə ssenarisi ilə sifariş əsasında həyata keçirdiyi  qısasçılıq və qondarma bir cinayətin bir daha deşifrə olunmasıdır.

“Məhkum qadının həbsxanada uşaq dünyaya gətirməsi Penitensiar Xidmətdə hökm sürən qanunsuzluğun, özbaşınalığın, cinsi istismarın hansı bərbad vəziyyətdə olduğunu bir daha ortaya qoydu. Ən acınaqlısı isə baş verənlər haqqında ciddi ölçü götürmək əvəzinə Penitensiar Xidmətin rəisi Mədət Quliyevin qanunsuzluğu işıqlandıran mətbuat orqanlarını ittiham etməsi, L. Quliyevanın dünyaya gətirdiyi uşağın atasını həftələrlə “axtarması” oldu. Həbs yerində Elşad Babayevin qətlə yetirilməsi, İsrayıl Ağayevin özünə qəsd etməsi, Lamiyə Quliyevanın uşaq dünyaya gətirməsi Penitensiar Xidmət sahəsində olan dəhşətlərin, insanlıq və qanunlar adına utanc hərəkətlərin yalnız üzdə olan bir qismidir. Bu hadisələr ölkədəki qanunsuzluq və özbaşınalığın, harınlığın və zülmün kiçik təcəssümü, Penitensiar Xidmətin isə mahiyyət göstəricisidir”, – deyə bəyanatda qeyd olunur.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı hesab edir ki, Lamiyə Quliyevanın üzləşdiyi qanunsuzluqlar, zorakalıq və qisasçılıq halları yenidən araşdırılmalı, ona qarşı irəli sürülən ittihamlara obyektiv hüquqi qiymət verilməlidir. Həbs yerlərində hökm sürən qanunsuzluqlara, saysız- hesabsız ölüm hallarına, baş alıb gedən korrupsiya və işgəncələrə görə Penitensiar Xidmətin rəisi Mədət Quliyev başda olmaqla Xidmətin rəhbərliyi istefaya göndərilməli, penitensiar sahədə təxirəsalınmaz ciddi islahatlar həyata keçirilməlidir.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı eyni zamanda qanunsuz həbsdə saxlanılan Leyla Yunusun səhhətindən, İntiqam Əliyevin məhkəməyə gətirilərkən qeyri- insanı yoxlamaya məruz qalmasından narahatlığını ifadə edir, “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzinin 5 il azadlıqdan mərhum edilməsini pisləyərək, Abşeron rayon məhkəməsinin bu barədə çıxardığı qərarı hakimiyyətin növbəti siyasi sifarişi hesab edir.

Ana səhifəXəbərlər“Həbs yerlərində baş verənlər Penitensiar Xidmətin mahiyyət göstəricisidir”