Təcridxanada Bayram Məmmədova gətirilən sovqatı qəbul etməyiblər
Həbs olunan fəal gənclər Bayram Məmmədov və Qiyas İbrahimov hüquqlarından istifadə edə bilmirlər. Bu barədə vəkil Elçin Sadıqov öz Facebook səhifəsində məlumat yayıb.
Vəkil deyir ki, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 15-ci maddəsinə əsasən, Bayram Məmmədov və Qiyas İbrahimov həbs yerinə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onlar üçün qanuni maraq doğuran digər şəxslərə telefonla bu barədə məlumat vermək imkanı ilə təmin olunmaq (maddə 15.1.1.), bağlama, sovqat və banderol almaq (maddə 15.1.10.), bu Qanunla nəzərdə tutulmuş qaydada yaxın qohumları və ya əlaqə saxlaması onlar üçün qanuni maraq doğuran digər şəxslərlə görüşmək (maddə 15.2.1.) hüquqlarının olmasına baxmayaraq, bu hüquqları hələ təmin edilməyib.
«Bu gün Bakı İstintaq Təcridxanasında valideynlərinin Bayram Məmmədova apardığı sovqatı qəbul etməyiblər. Bildiriblər ki, Bayram Məmmədov hələ “karantin»dədir. Halbuki, «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununda, ümumiyyətlə, karantin anlayışı yoxdur. Ona görə ki, orada saxlanılan şəxslər məhkum olunmuş yox, həbs edilmiş şəxslərdir» – deyə vəkil qeyd edib.