Həbs olunanların valideynləri deputata cavab verdilər


 “Problem həll olunub. Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb. Mən gəldim, yerində araşdırdım məsələni.”

Deputat Astan Şahverdiyevin məlum açıqlaması təkcə ictimaiyyətdə narazılığa səbəb olmayıb, dekabrın 22-də axşam saatlarında Biləsuvarda məskunlaşan cəbrayıllı köçkünlərin aksiyasında həbs olunanların validenlərini də qıcıqlandırıb.

“Sual verərdim ki, Şahverdiyev Astan, bu camaat nəşə ilə məşğuldursa, onda sənin qardaşın oğlu – rəis Araz Şahverdiyev buna şərait yaradır. Onun sözündən belə çıxır ki, rayonun rəisi şərait yaradır, o da buna görə deyir, onlar nəşəxordur. Şahverdiyev Astan, sən xalqın adından niyə danışırsan? Xalqın içərisində olmamısan”- Ülvi Quliyevin atası Məhəmməd Quliyev deyir.

Cəlal Quliyevin anası Nərminə Məmmədova övladının şərləndiyini söyləyir:

““İçiblər, nəşələniblər, çevriliş ediblər” – bizim başçılardan hansısa deyib onu. Burada nə çevriliş söhbəti var, nə də başqa bir şey. Problem ancaq işıqla bağlıdır. Gediblər ki, bizim işığımızı yandırın, bizim işığımızı niyə söndürmüsüz? Biz nə ilə dolanmalıyıq, nə ilə çay qaynatmalıyıq, nə ilə yemək bişirib, körpələrimizi yedizdirməliyik? Ancaq problemimiz odur. Bizim camaatın üstünə niyə ad qoyurlar yalandan?”

İlkin İsgəndərovun anası Afilə Bayramova da eyni fikirdədir. İşıq hər birinin ortaq dərdidir:

“Camaat işığını tələb edir, tutub basırlar içəri. Astan Şahverdiyev də deyir ki, onlar narkomandır, ona görə tutulublar. İndi onun analizini versinlər, görək narkomandır, yoxsa yox”.

Zaur Hacıyevin atası Təbriz Hacıyev deputat Astan Şahverdiyevin üzrünü qəbul etmir:

“Gəzdin qapı-qapı ki, Astana səs verin. Ailəmin hamısını yığıb dedim ki, Astana səs verin, cəbrayıllıdır. Neçə ildir hələ bir dəfə mən sənin üzünü görməmişəm. Mənim qapıma gələsən, çağırasan ki, nəyin var, nəyin yox. Astan, indi sən məni narkoman edirsən, alkaş edirsən? Sənin kimi deputatı mən neynirəm?”

Dekabrın 27-də 120 saylı Cəbrayıllı-Qubadlı Seçki Dairəsinin deputatı Astan Şahverdiyev “modern.az”-a açıqlama verərək, üzr istəyib:

“Ölkə daxilində, xaricdə yaşayan bütün azərbaycanlılardan, xalqımdan üzr istəyirəm”.

Ana səhifəVideoHəbs olunanların valideynləri deputata cavab verdilər