Həbs olunan zabitlər azadlığa buraxılıb

Məhkəmə onlara şərti cəza verib

Foto: DSX


Məhkəmə onlara şərti cəza verib

Dövlət Sərhəd Xidmətinin (DSX) rüşvət ittihamıyla həbs olunan zabitləri azadlığa buraxılıb. Mayın 7-də məhkəmə onlara şərti cəza verib. Söhbət ötən ilin mayında DTX və prokurorluğun birgə əməliyyatı nəticəsində DSX-nın rəis müavini Əfqan Nağıyevlə birgə həbs olunan zabitlərdən gedir.

Onların işinə Bakı Hərbi Məhkəməsində Rafiq Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb. DSX-nın Sahil Mühafizəsinin vəzifəli şəxsləri – polkovnik Nemət Pənahov, polkovnik-leytenant Elçin Vəliyev, polkovnik Samiq Əzizov,  polkovnik-leytenant Sakit Muradov və mayor Müzəffər Namazov Xəzər dənizində balıq ovuna ovuna icazəı verib, rüşvət almaqda ittiham olunurdu. İddia olunurdu ki, alınan rüşvətlər general Əfqan Nağıyevə təqdim olunub. Nağıyev də o vəsaitlərin bir hissəsini onların özünə qaytarıb.

Adları çəkilən şəxslərə qarşı istintaq dövründə Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. Lakin məhkəmənin sonunda 308-ci maddə ilə olan ittiham CM-in 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsinə tövsif olunub. Hərbçi statusunda olan şəxslərdə vəzifə səlahiyyətindən sui-istifadə hallarında bu maddə tətbiq olunur.

Məhkəmə keçmiş DSX zabitlərinə münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edərək, onları şərti cəza ilə məhkəmə zalından azadlığa buraxıb.

2020-ci ilin mayında DTX və prokurorluğun birgə əməliyyatı nəticəsində həbs olunanlar arasında DSX-nın rəis müavini, general Əfqan Nağıyev də vardı. Amma o, üç ay sonra ev dustaqlığına buraxıldı. Daha sonra barəsindəki cinayət işinə xitam verildi. 2020-ci ilin dekabrında isə o, Qarabağ müharibəsində iştirakına görə orden və medallarla təltif edildi.

Ana səhifəSiyasətHəbs olunan zabitlər azadlığa buraxılıb