Həbs olunan şəxs polis idarəsində öldü

Nərimanov Rayon Polis İdarəsi. Mənbə: Report.az

Elşad Seyidovun barəsində xuliqanlığa görə 30 sutka həbs cəzası çıxarılıb

Bakının Nərimanov Rayon Polis İdarəsində ölüm hadisəsi baş verib. Həbs olunaraq bu idarəyə aparılan 47 yaşlı Elşad Seyidov orada vəfat edib.

Daxili İşlər Nazirliyi də faktı təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, Elşad Seyidov ürək tutmasından vəfat edib.

Elşad Seyidovun hansı əsasla Nərimanov Rayon Polis İdarəsində saxlanmasına gəlincə, nazirliyin məlumatına görə, xuliqanlığa görə onun haqqında 30 sutka inzibati həbs qərarı çıxarılmışdı.

Daxili İşlər Nazirliyinin məlumatında 1975-ci il təvəllüdlü Elşad Seyidovun narkotik aludəçisi olduğu iddia edilir. Onun əvvəllər Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 234-cü (narkotik) maddələri 4 dəfə məhkum olunduğu vurğulanır.

“Elşad Seyidovun qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb. Tibbi səylərə baxmayaraq, o ölüb. Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib. Ekspertlər, prokurorluq əməkdaşları meyitə baxış keçirib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib. Araşdırma aparılır”, – Daxili İşlər Nazirliyindən belə deyilib.

Ana səhifəSosialHəbs olunan şəxs polis idarəsində öldü