Partiya bəyanat yaydı
Müsavat Partiyası ölkənin bir sıra rayonlarında əhalinin hakimiyyətə qarşı keçirdiyi etiraz aksiyalarından sonra həyata keçirilən həbsləri pisləyən bəyanat qəbul edib.
Partiyadan Meydan TV-yə daxil olan bəyanatda son aksiyalar hakimiyyətin yarıtmaz iqtisadi siyasətinin təzahürü kimi qiymətləndirir: “Yaranmış iqtisadi böhranın aradan qaldırılması üçün heç bir əməli tədbir görməyən hakimiyyətin əməllərinə xalqın etirazları spontan şəkildə artmaqdadır. Ucar, Lənkəran, Siyəzən, Füzuli, Ağcabədi, Ağsu və digər rayonlarda əhalinin etiraz aksiyaları keçirməsi faktları barədə məlumatlar mətbuatda və sosial şəbəkələrdə geniş yayılıb”.
Müsavat Partiyası bu aksiyalarda irəli sürülən tələblərin haqlı olduğunu bəyan edir.
Etiraz aksiyaları və sonrakı dövrdə bu aksiyada iştirak edənlərin qanunazidd şəkildə gecə evlərində vəhşicəsinə döyülərək polis bölmələrinə aparılması, onlara müxtəlif müddətə həbs cəzalarının verilməsi, bir çoxları haqqında cinayət işinin qaldırılması, əslində bu etirazların mahiyyətinin dəyişdirilmısinə və əhalidə xof yaradılmasına cəhd kimi qiymətləndirilməlidir.
“Müsavat Partiyasının başqanı Arif Hacılının Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılaraq ona xəbərdarlıq edilməsi, partiyanın Lənkəran rayon təşkilatının sədri İmanverdi Əliyevə 30 sutka həbs cəzası verilməsi, Siyəzən rayon təşkilatının sədr müavini Aydın Səfərli və onun qardaşı Təbib Səfərlinin həbs edilməsi Müsavat Partiyasına qarşı hakimiyyətin təzyiq siyasətinin davamıdır. Son günlər Müsavat Partiyasının bəzi rayon təşkilatlarının rəhbərliyinə daxil olan şəxslərin rayon polis şöbələrinə, rayon prokurorluğuna çağırılaraq, bəzi hallarda isə evlərinə və ya iş yerlərinə gedilərək onlara xəbərdarlıq edilməsi halları qeydə alınıb. Çağırılanlar arasında Müsavat Partiyası başqanının müşavirləri – Hidayət İsmayıl və Azər İsmayıl, partiya Məclisinin üzvləri – Əlipənah Rzalı və Rüfət Baxışbəyli, partiyanın Quba rayon təşkilatının sədri Yaşar İsrafilov, Ağcabədi rayon təşkilatının sədri Rəşid Nəcəfli, Mingəçevir şəhər təşkilatının sədri Nurəddin Rüstəmli, partiyanın Qaradağ rayon təşkilatının üzvü Elşad Soltanov və başqaları olub. Görüşlərdə guya rayonlarda etiraz aksiyalarına çağırış haqqında vərəqələrin yayılması və bu işin Müsavat Partiyası tərəfindən təşkil olunduğu haqqında hüquq-mühafizə orqanlarında məlumatlar olduğu bildirilsə də, heç bir rayonda çağırış vərəqi təqdim edilməyib”,- deyə bəyanatda qeyd olunur.
Müsavat Partiyası bir daha bəyan edir ki, keçirilən son aksiyalar Müsavat və digər müxalifət partiyaları tərəfindən təşkil edilməyib. Bu aksiyalar dözülməz sosial vəziyyətdə yaşayan əhalinin haqlı etirazlarının təzahürüdür.
Müsavat Partiyası iqtisadi tələblərlə keçirilən etiraz aksiyalarının aşırı qüvvə tətbiq etməklə dağıdılmasını, bu aksiylarda iştirak edənlərin həbs olunması və onlarla qeyri-insani rəftar edilməsi hallarını, bu məqsədlə Daxili İşlər Nazirliyinin Daxili Qoşun Qüvvələrindən istifadəsini qətiyyətlə pisləyir, Müsavat Partiyası və digər siyasi partiya fəallarının hüquq-mühafizə orqanlarına çağırılmasının qanunazidd hərəkət olduğunu bəyan edərək, bu qanunsuz hərəkətlərə son qoyulmasını tələb edir.