”Əfqan Sadıqov qarşılaşdığı haqsızlığa görə nə yemək yeyir, nə də su içir”
Cənub bölgəsində fəaliyyət göstərən “Azel.tv” xəbər saytının həbs edilən təsisçisi və baş redaktoru Əfqan Sadıqovun vəziyyəti pisdir.
Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Sevinc Sadıqova məlumat verib.
Sevinc Sadıqova deyir ki, haqsız yerə həbs edildiyinə görə, Əfqan Sadıqov göndərdikləri yeməkləri yemir, vəziyyəti pisdir: “Həbsi də haqsızdır, ona qarşı münasibət də. Yoldaşım əvvəl gündən Cəlilabadda olan haqsızlıqlardan yazıb. Məsələn, rayonda kasıb ailələrə verilməli olan sosial yardımın imkanlılar tərəfindən mənimsənilməsi ilə bağlı siyahı tərtib etmişdi. Həmin siyahıda açıq-aydın görünürdü ki, sosial yardım alan ailələr kimlərdir. Xəstəxanadakı özbaşınalığı, problemli insanların durumunu və s. kimi sosial məsələləri işıqlandırırdı. İcra başçısı da onunla yola getmirdi”.
Xanımı deyir ki, Əfqan Sadıqov bir neçə həftə öncə Cəlilabad rayon icra başçısının qəbulunda olub:
“Başçı özü çağırmışdı Əfqanı. Bir xeyli söhbət edəndən sonra otaqdan çıxıb ki, evə gəlsin. Bir nəfər qadın hücum çəkib üstünə ki, bəs mən yarım saatdır burda gözləyirəm, sən içəridə qəsdən söhbəti uzatmısan. Qadın deyib: “Yaşlı qadınam, məni gözlətməyə utanmırsan?” Bu zaman başçının müavini polisə işarə verərək, Əfqanı tutmalarını istəyib. Bunu da dərhal sənədləşdirib, cinayət işi açdılar. Sonra da şərt kəsib buraxdılar. Tapşırdılar ki, bir də rayon barədə yazmasın”.
Sevinc Sadıqova deyir ki, növbəti hazırladığı yazıdan sonra isə Əfqan Sadıqovu həbs ediblər:
“Qapalı məhkəmə keçirib, 3 aylıq həbs-qətimkan tədbiri seçdilər. O gündən bəri həyat yoldaşımı görə bilmirəm. Şübhələnirik, deyəsən onu içəridə incidirlər. Yaşlı anası və 2 azyaşlı uşaqla qalmışam pis vəziyyətdə. Bir sözlə, deyirlər, ancaq tərif yaz, pis heç nə olmasın. Qarşılaşdığı haqsızlığa görə nə yemək yeyir, nə də su içir. Deyir, haqq yerini tapanacan belə davam edəcək”.
Meydan TV məsələyə münasibət öyrənmək üçün Cəlilabad Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Ümumi şöbədən bildiriblər ki, aparatda hazırda bu barədə sualları cavablandıracaq heç kim yoxdur:
“Biz jurnalisti də tanımırıq, həbs edildiyindən də xəbərsizik. Bu barədə danışacaq kimsə yoxdur”.
Noyabrın 22-də Əfqan Sadıqov barəsində məhkəmə üç aylıq həbs- qətimkan tədbiri seçib. Jurnalist Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə (qəsdən sağlamlığa az ağır zərər vurma) günahlandırılır.
Vəkili Elçin Sadıqov deyir ki, hazırda iş məhkəmə baxışındadır və Əfqan Sadıqov barəsində məhkəmə hazırlıq iclası zamanı həbs-qətimkan tədbiri seçilib:
“Onun barəsindəki cinayət işi jurnalist fəaliyyətinə, yəni Cəlilabad rayonunda olan qanunsuzluqlarla bağlı yazdığı yazılara görədir. Ə.Sadıqov barəsində cinayət təqibi CM-nin 127.2.3-cü maddəsilə aparılır və onu 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir”.