Həbs olunan gənclərə görə prezidentə müraciət olundu

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin Bayram Məmmədov və Qiyas İbrahimovun işi ilə bağlı prezident İlham Əliyevə müraciət edib.

Source:

Qiyas və Bayram
Qiyas və Bayram


Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin Bayram Məmmədov və Qiyas İbrahimovun işi ilə bağlı prezident İlham Əliyevə müraciət edib.

Müraciətin mətnində deyilir:

“Biz, Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin üzvləri Azərbaycan prezidenti  İlham Əliyevi dövlət başçısı kimi siyasi mövqe nümayiş etdirərək bu il mayın 10-da Heydər Əliyevin abidəsində qraffiti çəkən iki gəncin cəzasını yüngülləşdirməyə çağırırıq.

B.Məmmədov və Q.İbrahimov əksər insanların yoluxduğu ictimai biganəliyə və siyasi qeyri-səmimiliyə bu yolla etirazlarını ifadə etməyə çalışıblar.

Ekssentriklik həmişə gənclərə xas olan cəhətdir, iqtisadi və mənəvi böhran şəraitində məhz bu gənclər cəmiyyətdəki qeyri-sağlam atmosfer haqqında həyəcan təbili çalırlar. Qeyri-sağlam atmosfer isə göz önündədir və hamımız gündən-günə böhranın yeni təzahürlərinin şahidi oluruq.

Əlbəttə ki, iki gəncin hərəkəti təqdirəlayiq deyil, belə ki, vandalizm, təhqir kimi qanuna və əxlaq qaydalarına zidd təzahür formalarına aiddir, hər ikisi də öz əməllərinə görə qanun çərçivəsində məsuliyyət daşıyır. Amma gənclərə zorakılığa və insan ləyaqətini alçaldan əməllərə dövlət tərəfindən yol verilməsi, onlara qarşı törətmədikləri cinayət (narkotik saxlama və istifadə etmə) ittihamının saxtalaşdırılması özü də yolverilməzdir və cinayətkarlıqdır.

Dövlətin belə əməlləri qanunun aliliyi və ədalətli mühakimə kimi sarsılmaz prinsiplərə ciddi ziyan vurur, ən əsası isə, dövlətin özünü ictimai maraqları və ziddiyyətləri tənzimləyən və yoluna qoyan ədalətli institut kimi yox, zorakılıq aləti kimi təqdim edir.

Öz növbəmizdə biz gənclərin belə əməllərinin zorakılıq yolu ilə yox, ictimai qınaqla düzəldilməsinin tərəfdarıyıq. Bu, dövlətin cəzalandırmasından daha böyük əhəmiyyət daşıyır. Bu mövzu gələcəkdə belə əməllərin təkrar olunmaması üçün ictimai diqqətə və müzakirələrə layiqdir.

Bununla bağlı biz Azərbaycan Prezidentini gənclərin cəzalarını yüngülləşdirməyə, təkcə dövlət və ictimai xadimlərin xatirələri deyil, habelə sadə insanlara əziz olan doğma və yaxınlarının xatirələrinin də tərkib hissəsi olduğu tarixi yaddaşın mənəvi aspektləri barədə ictimai dialoqa start verməyə çağırırıq”.

Ana səhifəXəbərlərHəbs olunan gənclərə görə prezidentə müraciət olundu