”Xalid Kazımov öd kisəsindəki şiddətli ağrılardan yata bilmir”
2012-ci ildə Masallıda keçirilən Folklor Festivalı zamanı həbs edilən Xalid Kazımovun səhhəti pisləşib.
Bu barədə hüquq müdafiəçisi Oktay Gülalıyev məlumat yayıb.
Bildirib ki, 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Xalid Kazımov hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı hazırladıqları siyahıda da yer alıb:
“Ailə üzvləri onun gözlərinin tutulmaq üzrə olduğunu deyir. Öd kisəsindəki şiddətli ağrılardan yata bilmir. Halsızlıq və güclü baş ağrıları var. Görəsən onu niyə məhbus müalicə müəssisəsinə köçürmürlər?”
Xalid Kazımovla bağlı bu deyilənlərə hələlik Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Masallı dindarlarından olan Xalid Kazımov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 5 aprel tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Həmin vaxt Xalid Kazımovla bərabər daha 8 nəfər də həbs edilmişdi.
Onlar CM-in 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə ittiham olunurdu.
O vaxt rayon icra başçısı Rafil Hüseynov açıqlama verərək bildirmişdi ki, Xalid Kazımov və onunla tutulanlar festivalda diskotekanın olmasına etiraz ediblər.
Rafil Hüseynovun sözlərinə görə, həmin dindarlar özlərini Museyi-Kazım dəstəsi hesab edirlər və məscidlərdən mollaların başlarına çalma qoymalarını tələb ediblər.
Ancaq Xalid Kazımov və onunla tutulanlar ittihamları qəbul etməyiblər.
Hüquq müdafiəçilərinin bildirməsinə görə, hazırda Azərbaycan həbsxanalarında 145 civarında siyasi məhbus var.
Ancaq rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar siyasi məhbus adlandırılan şəxslərin törətdikləri əmələ görə məsuliyyətə alındıqlarını deyirlər.