Ali Məhkəmənin qərarı ilə Sübahir Qurbanovun yaxınlarının adına olan 2 mənzil və yanacaqdoldurma məntəqəsi geri verilib
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Akif Çovdarovun ailə üzvlərinə məxsus müsadirə olunmuş təxminən 30 milyon manatlıq əmlakın onlara qaytarılması haqda məhkəmə qərarının səs-küyü səngiməmiş başqa bir MTN generalı haqda da oxşar qərar verilib. MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi Sübahir Qurbanovun yaxınlarına məxsus iki mənzil və yanacaqdoldurma məntəqəsi geri qaytarılıb. Bu barədə Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyilə qərar qəbul edilib.
2015-ci ilin oktyabrında Sübahir Qurbanov həbs olunduqdan sonra onun özünə və yaxınlarına məxsus bir sıra əmlakların üzərinə də həbs qoyulmuşdu. Sonradan generalın 14 il azadlıqdan məhrum edilməsi haqda məhkəmə hökmündə əmlakların müsadirəsi məsələsi də əksini tapmışdı.
Keçmiş MTN generalı müxtəlif iş adamlarını nazirliyə gətirtməkdə, hədə-qorxu, zorakılıqla onların əmlaklarını, pullarını ələ keçirməkdə ittiham olunurdu. Sübahir Qurbanov və digər keçmiş MTN-çilərə qarşı ittihamlardan biri də nazirlikdə əməliyyat-axtarış fəaliyyəti, agentura üçün büdcədən ayrılan milyonlarla vəsaitin yeyintisiylə bağlı idi.
Məhkəmə müsadirə olunan əmlakların dövlət nəfinə alınmasına qərar vermişdi.
Üstündən bir neçə il keçəndən sonra – 2022-ci ildə Sübahir Qurbanovun qohumları Ali Məhkəmənin sədri Ramiz Rzayevə ərizə ilə müraciət edib. Onlar bildirib ki, müsadirə olunan mənzillərin, eləcə də Masallı rayonundakı yanacaqdolduqma məntəqəsinin cinayət işində bəhs olunan hadisələrlə heç bir bağlılığı yoxdur. Ali Məhkəmənin sədri də bundan sonra təqdimat verərək, əmlaklarla bağlı məsələyə yenidən baxılmasını istəyib.
Ramiz Rzayevin təqdimatı əsasında generalın yaxınlarının əmlaklarla bağlı ərizəsinə baxan Ali Məhkəmənin hakimləri iki mənzil və bir yanacaqdoldurma məntəqəsilə bağlı müsadirə qərarını ləğv edib.
Ali Məhkəmənin 2021-ci ildə çıxardığı başqa bir qərarla Sübahir Qurbanovun Abşeron rayonu, Novxanı kəndində yerləşən bağ evi də müsadirədən azad olunmuşdu.
2015-ci ildə həbs olunub, 14 il azadlıqdan məhrum edilən Sübahir Qurbanov 2020-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb.
2022-ci ildə MTN-in başqa bir generalı Akif Çovdarovun ailə üzvlərinə məxsus təxminən 30 milyon manatlıq əmlaklarını da Bakı Apelyasiya Məhkəməsi onun ailə üzvlərinə qaytarmışdı. Bu qərardan narazı qalan zərərçəkmişlər Ali Məhkəməyə şikayət verib.
Bakı Hərbi Məhkəməsinin hökmüylə 12 il azadlıqdan məhrum edilən Akif Çovdarov da 2020-ci ilin aprelində əfv sərəncamıyla azadlığa buraxılıb.