Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov Məhkəmə Hakimləri Assosasiyaları İttifaqının ümumi yığıncağı keçirilib
Şahin Yusifovun sözlərinə görə, cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları bu maddə ilə cəza çəkən şəxslərlə doludur, bu barədə report xəbər verir.
Kollegiya sədri bildirib ki, “Bu cür məsələlərdə hakimlər diqqətli olmalıdırlar. Ən bəlalı məsələlərdən biri Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlıdır. Çünkü bu gün azadlıqdan məhrum etmə cəzası çəkənlər arasında 7 nəfərdən biri bu maddə ilə ittiham olunmuş şəxslərdir”.
Ş.Yusifov deyib ki, üç gün əvvəl 65 məhkum bununla bağlı müraciət edib: “Çünki onlar da saxlanıldıqları yerdə fərmanları oxuyurlar. Həmin şəxslər prezidentin mövqeyinin məhkumların vəziyyətinin humanistləşməsinə yönəldiyini göstərirlər. Onlar azad olunmalarına yardım göstərilməsi üçün bizdən xahiş edirlər. Hətta həmin şəxslərin bəziləri qanunsuz yerə məhkum edildiklərini bildirirlər. Biz də baxılmış işləri təhlil edəndə polislərin yenə də plan doldurmaqla məşğul olduğunu görürük. Cinayət təqibi orqanlarını buna yol verilməməsini başa salmalıyıq. Əgər həmin şəxs narkomandırsa, qanunsuz olaraq narkotik maddələrinin dövriyyəsi ilə məşğuldursa, məsuliyyətə cəlb edilməlidir. Əgər əvvəllər dəfələrlə məhkum olunubsa və lazım olanda həbs edilməsi üçün nəzarət altında saxlanılırsa, bu addım düzgün deyil. Bu, nəyə lazımdır?”.
O, hakimlərdən bu cür işlərə diqqətlə yanaşmalarını və qanunsuz azadlıqdan məhrumetmə hallarına yol verilməməsini tələb edib: “Əvvəlki illərlə müqayisədə bu məsələdə müəyyən dönüş var. Bəraət hökmləri var və bunu alqışlayırıq. Ancaq hakimlər hər zaman cəsarətli deyillər. Onlar qanunsuz və əsassız hökm çıxarmaq olmaz”.
Onun sözlərinə görə, həbs qətimkan tədbirinin seçilməsi barədə bəzi nöqsanlar var: “Bu məsələ Ali Məhkəmənin Plenumunda müzakirə ediləcək. Hakim həmin şəxsin qaça, yaxud da istintaqa təsir edə biləcəyini hesab edir. Halbuki istintaq sübutları toplanılıbsa və hamı dindirilibsə, hansı təsirdən söhbət gedə bilər?”.
Ş.Yusifov həbsdə saxlama müddətinin artırılmasında da problemlərin olduğunu bildirib: “Müstəntiq təqdimat yazıb, məhkəmə təmin edir, lakin gedib istintaq hərəkəti aparmır. Həmin müstəntiq müddətin bitməsinə vaxtın olmasına arxayın olur. Ona görə də Cinayət Məcəlləsini götürüb hökmə köçürmək lazım deyil. Alternativ cəza varsa, bunu tətbiq etmək lazımdır. Bu işlərdə hakimlər gərək diqqətli olsunlar”.