Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzi bəyanat verdi
Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzi (AKM) Almaniyada fəaliyyət göstərən Meydan TV saytının həmtəsisçisi Həbib Abdullayevin (Müntəzir) yaxın qohumlarına olan təzyiqləri pisləyən bəyanat yayıb.
Bəyanatda deyilir: “Son günlər Həbib Abdullayevin Azərbaycanda yaşayan yaxın qohumları qanunsuz olaraq hüquq-mühafizə orqanlarına çağırılaraq dindirilir, onlara müxtəlif təzyiqlər olunur. Biz hesab edirik ki, baş verənlər Həbib Abdullayevin həmtəsisçisi olduğu Meydan TV-nin hakimiyyəti sərt tənqid edən mövqedə olmasından irəli gəlir. Bundan öncə Meydan TV-nin əməkdaşlarına qarşı anoloji hücumlar da bunu sübut edir. Bundan əlavə, Həbib Abdullayev prezident İlham Əliyevin iyunun 7-də Almaniyaya səfərinə etiraz olaraq bu ölkənin Bundestaqı qarşısında keçirilən aksiyada fəal iştirak edib. Aksiyada o, İlham Əliyevin eşidəcəyi şəkildə “Siyasi məhbuslara azadlıq!”, “İlqar Məmmədov və Seymur Həziyə azadllq!” və hakimiyyəti qıcıqlandiran buna bənzər digər şüarlar səsləndirib. Həmin etiraz aksiyası Meydan TV-nin Facebook səhifəsində işıqlandırılıb. Həbib Müntəzirin yaxınlarına olan təzyiqlərin İlham Əliyevin Almaniya səfərindən Bakıya qayıtmasından dərhal sonra başlaması sifarişin hardan gəldiyini bir daha sübut edir. Biz hesab edirik ki, qohumlarına olan təzyiqlər Həbib bəyi susdurmaq məqsədi daşıyır. Müsavat AKM Həbib Müntəzirə, eləcə də Meydan TV-yə olan təzyiqləri azad sözə olan hücum kimi dəyərləndirir və Azərbaycan hakimiyyətindən bu hücumları dərhal dayandırmağı tələb edir!”
Müsavat AKM Almaniyada rəsmi qeydiyyatdan keçib. Təşkilatın bu ölkədəki rəsmi adı ” Musavat Europa KC”-dir