Hazırlaşın, Sülh gəlir

Ermənistan və Azərbaycan hökumətlərinə tapşırılıb ki, öz xalqlarını sülhə hazırlasınlar

Source:
Əliyev və Paşinyan
Əliyev və Paşinyan

Ermənistan və Azərbaycan hökumətlərinə tapşırılıb ki, öz xalqlarını sülhə hazırlasınlar. Bunun nə demək olduğunu anlamaq bu toplumların içində olanda çox çətin olur. Ona görə də indi “sühə bizi necə hazırlayacaqlar” sualı tez-tez verilir. Azərbaycanda hazırkı rejimin dövründə münaqişənin həlli inandırıcı olmasa da, ehtimallara baxa bilərik.

Çətinlik ondadır ki, biz tərəflərik. Xalqların arasında dərin etnik nifrət var. Hər kəs sülhə qarşı tərəfin hazırlaşmalı olduğunu deyir. Məsələn, Azərbaycan cəmiyyətində əsasən, belə hesab olunur ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ ermənilərinə yüksək muxtariyyət vəd etməklə bütün mümkün güzəştləri etmiş olur, cəmiyyət də buna hazırdır, bir sözlə, sülhə hazırlanmalı tərəf qarşı tərəfdir.

İlk baxışda məntiqli görünür. Axı işğal Ermənistan Respublikası tərəfindən həyata keçirilib, işğal olunmuş ərazilərdə Ermənistan etnik təmizləmə, qətliamlar və s. aparıb. Bir sözlə, onlar nifrət doludurlar və sülhə hazır olmalıdırlar.

Amma…

Məsələ burasındadır ki, bu, sadəcə ilkin baxışdır və empatiyanı özündə ehtiva etmir. Ümumiyyətlə, sülh dedikdə biz nə başa düşürük? Əvvəl-əvvəl başa düşdüyümüz odur ki, bu, yaxşı bir şeydir. Qırğın olmayacaq, danışıb, problemi həll edəcəyik. Yaxşı bir şey isə özündə bizim üçün pis olan nəyisə daşıya bilməz. Bizim üçün pis olan nədir? – Torpaqların itirilməsi. Əksər vaxt “Sülh bizə torpaqların itirilməsi bahasına başa gələcəkmi” sualı veriləndə cavab olaraq “Bu, artıq sülh deyil”- deyirlər.

Əgər sülh Azərbaycanın ərazi bütövlüyünü qorumayacaqsa, onda bizi nəyə hazırlayırlar? Sadəcə etnik nifrəti yox etməkmi? Mən belə düşünmürəm.

Xalqların hər ikisini hazırlamaq lazımdırsa, sülh hər iki tərəf üçün məğlubiyyət olacaq. Əgər Dağlıq Qarabağ sülhün nəticəsində nə vaxtsa müstəqilləşəcəksə, bu, Ermənistan üçün necə məğlubiyyət ola bilər? Bu sualı verirsinizsə, deməli, erməni tərəfin münaqişə barədə nə düşünməsini o qədər də bilmirsiniz. O zaman bilin ki, ermənilərin əksəriyyəti işğal olunmuş torpaqlardan bir kəndin də verilməsini təslimçilik sayırlar. Həmin erməniləri Dağlıq Qarabağ və onunla Ermənistan arasındakı Laçınla Kələbəcər bir qırağa qalsın, münaqişənin mahiyyətinə dəxli olmayan Zəngilən, Qubadlı, Cəbrayıl, Füzuli və Ağdamın geri qaytarılmasına razı salmaq bir xeyli əziyyət olacaq.

Ermənilərin sülhə hazırlanması onları bu 5 rayonun qeyd-şərtsiz qaytarılmasına, Kəlbəcərlə Laçının hansısa endə dəhliz açılması şərti ilə qaytarılmasına, Ermənistana azərbaycanlı qaçqınların geri qaytarılıb, hüquqlarının təmin olunmasına, Dağlıq Qarabağın azərbaycanlı əhalisinin öz yaşayış yerlərinə qaytarılmasına razı salmaq deməkdir.

Azərbaycanlıların sülhə hazırlanması isə onların Madrid prinsiplərinin həlledici şərtinə razı salınması deməkdir. Nədir Madrid prinsiplərinin həlledici şərti? Madrid prinsiplərinə görə Dağlıq Qarabağın müstəqil olub-olmaması barədə qərarı Dağlıq Qarabağ əhalisi (ermənilər və azərbaycanlılar) özləri verəcəklər. Bəs hansı tərkibdə əhali bərpa olunacaq? Güman ki 1989-cu ilə siyahıyaalınmasına uyğun tərkibdə. Baxın, bu xəritədə 1989-cu ildə Dağlıq Qarabağ Muxtar Vilayətində əhalisinin əksəriyyəti erməni və azərbaycanlı olan yaşayış məntəqələri göstərilib. Qırmızı ilə göstərilənlər ermənilərin əksəriyyət təşkil etdiyi yaşayış məntəqələridir, göylər isə azərbaycanlıların. Asanlıqla görmək olur ki, Şuşadan başqa hər yerdə azərbaycanlılar azlıqdadırlar. 1989-cu il siyahıyaalmasına görə Dağlıq Qarabağ MV-nin əhalisinin 60%-dən çoxu etnik erməni idi. Yəni Dağlıq Qarabağı əhatə edəcək referendumda ərazinin Azərbaycanın tərkibində qalması lehinə nəticə almaq, demək olar, qeyri-mümkündür.

Madrid prinsipləri tətbiq oluna bilsə, Dağlıq Qarabağ referenduma qədər xüsusi statuslu ərazi olacaq, yəni Azərbaycanın idarəçiliyində olmayacaq, ətraf ərazilər Azərbaycana qaytarılacaq, Laçın və Kəlbəcər zonasından isə Dağlıq Qarabağ üçün dəhliz açılacaq, güman ki, Laçının bir hissəsi Dağlıq Qarabağa birləşdiriləcək. Əhali geri qaytarılacaq, faiz nisbətində isə 1989-cu il siyahıyaalmasının nəticələrinin dəyişilməsinə imkan verilməyəcək. Referendumdan sonra isə Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanımağa məcbur ediləcək.

Təbii ki, hər iki tərəfin qəbullanmasının çətin olduğu bir qaçqınlar problemi də var (məcburi köçkünlər yox). Azərbaycandan qovulmuş ermənilər və Ermənistandan qovulmuş azərbaycanlılar. Bunların sayları müvafiq olaraq, 300 min nəfər və 250 min nəfər kimi təqdim olunur. Bir hissəsi dünyasını dəyişib, övladlarının qayıtmaq istəyib-istəməyəcəyi sual altındadır. Amma onların qayıtmasına onların vaxtilə yaşadıqları evləri və digər üstünlükləri ələ keçirmiş insanlar razı olacaqlarmı? Bakının, Gəncənin, Sumqayıtın mərkəzində ermənilərin, İrəvanın və azərbaycanlılar yaşamış digər yerlərdə azərbaycanlıların öz mülkiyyət hüquqlarını bərpa edib, yenidən yaşamalarına, kompensasiya daxil, bütün üstünlüklərdən istifadə etmələrinə yerli əhali razı olacaqmı? Bu da sülhə hazırlanma probleminin əsas hissələrindən biridir.

Bir də sülh olarsa, etik məsələlər nəzərə alınacaqmı? Sumqayıta, Çaykəndə görə Azərbaycan tərəfi, Xocalıya, Boğanis Ayrıma və s.-ə görə Ermənistan tərəfi rəsmi üzr istəyəcəklərmi? Xalqlar bu üzrxahlıqlara nə qədər tolerant yanaşacaqlar? İndiyə qədər hökumətlər tərəfindən dəstəklənən nifrət nitqlərinin, faşist ayrıseçkiliklərin davam etməsinin qarşısı alına biləcəkmi?

Suallar çoxdur. Amma bizim azərbaycanlılar olaraq, bilməli olduğumuz əsas məsələlərdən biri odur ki, bizim hökumət Dağlıq Qarabağın taleyinin yerli (əksəriyyəti erməni olan seçicilər tərəfindən) referendumla həll edilməsini özündə ehtiva edən Madrid prinsiplərinə imza atıb və bizi buna hazırlamaqla bağlı yenicə öhdəlik götürüb.

Hazırlaşın, sülh gəlir.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəHazırlaşın, Sülh gəlir