Müasir dövrdə dövlətlər arasında əlaqələr və o cümlədən inteqrasiya prosesləri müxtəlif səviyyələrdə həyata keçirilir. Bunların arasında ən az tədqiq edilmiş səviyyə ölkələrin siyasi elitaları arasında olan əlaqələrdir. Postsovet ölkələrinin siyasi sistemləri tam olaraq formalaşmadığından qərar verən şəxslərin aralarında olan münasibətlər çox vaxt əsas faktora çevrilir. Ölkələrdə olan elitaların müxtəliflliyi onlarla təmasda xüsusi bacarıq tələb etdiyindən, elitalar arasındakı münasibətlərin öyrənilməsi ən vacib tədqiqat obyektlərindən hesab edilir. Cənubi Qafqaz regionunda gedən siyasi prosesləri nəzərə alaraq Azərbaycanın və Rusiyanın siyasi elitalarının müqayisəli təhlilini nəzərdən keçirək.
İlk olaraq tarixə nəzər salaq. Rusiya elitasının yaranması prosesi “Ranqlar tabeli” əsasında baş tutmuşdu. Həmin tabel insanlara mənşəyindən asılı olmayaraq karyera pilləsi ilə üzüyuxarı qalxmağa, lazımi titulu alaraq tarixən formalaşmış aristokratik çevrəyə daxil olmağa imkan verirdi. Rusiya imperiyasının zəbt etdiyi ərazilərdə tarixən formalaşmış elitalara isə münasibət fərqli idi. Əgər Qərb istiqamətdə istila edilmiş torpaqların elitalarının titulları və hakimiyyətləri saxlanılırdısa, Şərq və Cənub istiqamətində elitalar ləğv edilir və ailə üzvləri təqib olunurdu. Bu fakt onu gıstərir ki, keçmiş Rusiya imperiyasında, ümumiyyətlə, elitalarla bağlı vahid siyasət olmayıb. İstiladan sonra isə yeni milli elitalar imperiyanın digər əyalətlərində olan elitalardan fərqli şərtlər əsasında yarandılar. Məsələn, polyak, alman, gürcü mülkədarları qeyd-şərtsiz rus aristokratiyasına daxil olundu, müsəlman milli elitaları bu çevrədən uzaq tutuldu, onların heç bir titulları tanınmadı. Nəticədə isə elitaların əllərində resursların qeyri-bərabər paylanması baş verdi. Bir millətin elitası daha güclü, digəri isə daha zəif inkişaf itdi.
Fevral və oktyabr inqilabları bu vəziyyəti kökündən dəyişdi. İnqilabların nəticəsində ən güclü zərbələr elə Rusiyanın Avropa hissəsində olan elitalara dəydi. Vətəndaş müharibəsindən çıxa bilən və bolşeviklərlə razılaşa bilənlərə də 37-ci il repressiyasında son qoyuldu. Rusiya aristokratiyasının əsasını təşkil edən bir çox nəsil ölkənin siyasi mənzərəsindən birdəfəflik silindi.
Paralel hadisələr eynilə Azərbaycanda da baş verdi. 19-20-ci əsrlərdə formalaşmış milli burjuaziya, elmi, mədəni və siyasi elita demək olar ki kökündən qəsb edildi. Amma eyni anda uzun illər dini vəzifələr tutmuş və 20-ci əsrin əvvəllərində Cəlil Məmmədquluzadənin və digər maarifçilərin tənqid etdikləri irticaçı mollaların ailə üzvləri asanlıqla yaradılmaqda olan yeni elitaya inteqrasiya edildi. Yeni yaradılan elita maksimal dərəcədə loyal oldu.
Tarixçilər tərəfindən SSRİ-də elitanın formalaşdırılmasının, bundan əlavə, 2 dövrü də göstərilir ki, bunlar da İkinci Dünya Müharibəsinə qədər və müharibədən sonrakı dövrləri əhatə edir. Sovet elitası “hazırki vəziyyətində” İkinci Dünya Müharibəsindən sonra yaranmışdı ki, o da öz növbəsində Çarizmin istiladan sonrakı dövrdə milli elitaların yaranması prosesini təkrar etmişdir.
İkinci Dünya Müharibəsindən sonra milli elitaların yaradılmasının xüsusi parametləri vardı. Bunlar: respublikanın ümumittifaq miqyasında nüfuzu və gücü; respublikalarda sovet hakimiyyətinin qurulmasının tarixi; respublikaya mərkəzdən təyin olunan rəhbərlərin sayı; sovet mərkəzi idarəetmə aparatında respublikadan çıxmış kadrların sayı; ittifaq büdcəsinin bölüşdürülməsində və təchizatında respublikanın yeri; respublikada hakimiyyətdə olan siyasi elitanın xarakteri və siyasi mədəniyyəti idi.
20-ci əsrin sonlarında bir çox idarəetmə institutlarının yalnız ümumittifaq səviyyəli olması milli elitaların təşəkkül tapmasında ciddi müxtəlifliklərə gətirib çıxarıb. SSRİ-nin süqutu zamanı bir çox ölkədə xalq təsərrüfatının ayrı-ayrı istiqamətləri kadr çatışmazlığı səbəbindən iflic olmuş və siyasi idarəetmədə böhran baş vermişdir. Səbəbi isə idarəetmə institutlarının yalnız mərkəzdə olması və şaquli idarəetmə idi. Məsələn:
-
Rusiya – RSFSR-in digər ittifaq respublikaları kimi öz hakimiyyət institutları olmadığından SSRİ-nin süqutundan sonra keçmiş ümumittifaq strukturlarını özünə adaptasiya etməli oldu. Həmin institutlarla birlikdə onların elitaları da RF-in elitalarına çevrildi. Bu amil hazırki RF elitasının qonşu respublikalara müstəmləkə kimi baxmağına səbəb olub. Bundan əlavə, bu gün Rusiyada elitanın milliləşməsi prosesi gündəmdədir ki, bu prosesin yaxın 10 il ərzində bitməsi gözlənilir.
-
Azərbaycan – Azərbaycan elitası vaxtaşırı ümumittifaq səviyyəli kadrları yetişdirsə də, həmin kadrlar respublika elitası ilə qarşıdurma vəziyyətində olmuşlar. Bu qarşıdurma müntəzəm olaraq ittifaq rəhbərliyi tərəfindən yaradılıb və uğurla idarə edilib. Bu səbəbdən Azərbaycan elitası ümumittifaq səviyyəsində monolit qrupa çevrilə bilməyib. Respublika daxilində isə onilliklərlə yaşı olan hakim ailələr formalaşıb ki, onları bu gün də müşahidə edirik. Böyük əksəriyyəti təsərrüfat rəhbərlərindən ibarət olan Azərbaycan elitasında demək olar ki, ideoloqlar və hərbiçilər olmayıb. Ümumittifaq səviyyəli təşkilatlarda təmsil olanların da sayı çox az idi.
Göründüyü kimi, respublikalar müstəqillik qazanan zaman elitaların keyfiyyət tərkibi fərqli olduğundan, onların inkişaf istiqamətləri də fərqli olub. Milli elitaların müasir vəziyyətini 3 müxtəlif xarakterik xüsusiyyətlərin təhlili ilə görə bilərik:
-
Hökumətin tərkibi və strukturu
-
Siyasi partiyalar
-
Regional idarəetmə
Hökumətin tərkibi və strukturu.
Hər iki ölkənin idarəetməsində icraedici hakimiyyət əsas rol oynayır və dövlətin idarəedilməsini o həyata keçirir. Prezidentin Administrasiyaları da böyük siyasi nüfuza malik olsa da, nə Konstitusiya ilə onların statusları müəyyənləşib, nə də konkret icra funksiyaları var.
Rusiyada
hökumətin 31 üzvü- baş naziri, 8 müavini və 22 federal naziri var. Əlavə olaraq vacib nazirliklərin rəhbərlərindən ibarət bir də Prezidium var. Nazirliklərə federal agentliklər və xidmətlər tabedir. Rusiya Federasiyasının ərazi quruluşunun mürəkkəbliyi və nazirliklərin irihəcmli olmasına görə nazirlərin əllərində çox böyük hakimiyyət cəmləşib. Digər tərəfdən isə eyni zamanda bir neçə sahənin bir Baş nazir müavininin kurasiyasında olması və nazirliklərin sayının çox olması, onların fəaliyyət sahələrinin çox geniş olmadığını göstərir.
Azərbaycanda
hökumət 43 üzv – Baş nazir, 6 müavini, 20 nazir, 10 komitə, 3 xidmət, 2 administrasiya və 1 idarə sədrindən ibarətdir. Postsovet məkanında olan digər respublikalardan fərqli olaraq, komitə, xidmət və idarə rəhbərləri ayrı-ayrı nazirliklərə tabe olmayıb. Amma əvvəlki illərdə aparılmış struktur islahatlarına əsasən nazirliklərə müxtəlif səviyyəli idarə, agentlik və xidmətlər daxil edilmiş və ya yeniləri yaradılmışdı. Tabeliyində olan struktur bolmələrinin çoxluğuna görə nazir böyük siyasi nüfuza malikdir. Baş nazirin müavinlərinin də kurasiyasında olan məsələlər hər zaman nazirliklərin funksiyaları ilə üst-üstə düşmür, əksinə müstəqil məsələləri əhatə edir. Müavinlərin arasında vəzifə bölgüsündə Baş naziri əvəz edəcək müavin səlahiyyətləri də nəzərdə tutulmayıb. Hökumətin bu qədər geniş şəkildə təmsil olunması adətən respublikanın hər bir sahəsini nəzarətdə saxlamaq arzusunda olan dövlətlərə xarakterikdir.
Hökumət üzvlərinin orta yaş həddi barədə danışsaq, burada Rusiya hökuməti daha cavandır (əsasən 33 yaşlı İnformasiya və kütləvi kommunikasiyalar naziri Nikolay Nikifirovun hesabına). Buna baxmayaraq, aşağıda verilmiş cədvəldə göstərildiyi kimi hökumət üzvlərinin əksəriyyəti 50-60 yaş arasındadır.
Azərbaycanda isə 50-60 yaş və 60-dan yuxarı yaş kateqoriyasına daxil olanların sayı bərabərdir. Orta yaş həddi isə sonuncu kateqoriyanın hesabına digər ölkələrə nisbətdə çox yuxarıdır.
Hökumət üzvlərinin yaşa görə təsnifatı (müqayisəli)
|
|
|
|
39 yaşa qədər |
1 |
1 |
0 |
40-dan 49-a qədər |
4 |
12 |
5 |
50-dən 59-a qədər |
17 |
16 |
9 |
60-dan yuxarı |
17 |
2 |
2 |
|
|
|
|
Eyni və ya bərabər vəzifədə işlədiyi müddətə gəldikdə isə Azərbaycan mütləq liderdir. Rusiyada adətən prezidentin təşəbbüsü ilə mütəmadi rotasiya baş verir ki, bu da kadrların bir vəzifədə uzun müddət oturuşmasının qarşısını alır. Elitanın lazımsız dərəcədə güclənməsinin qarşısını almaqdan ötrü isə idarə olunan konfliktlər təşkil edir. Bu konfliktlərdə də adətən daha yaxşı adaptasiya olunanlar həyatda qalır.
Hökumət üzvlərinin eyni və bərabər vəzifədə iş müddəti (müqayisəli)
|
|
|
|
1 il |
1 |
2 |
5 |
2 -3 il |
7 |
21 |
7 |
4-5 il |
– |
3 |
3 |
6-10 il |
13 |
4 |
1 |
10 ildən çox |
20 |
1 |
0 |
|
|
|
|
Siyasi partiyalar.
Siyasi partiyaların parlamentdə təmsil olunmaları onların elitalarının nəzərə çarpacaq ambisiyalarının olmasını göstərir. Rusiyada hal-hazırda 78 siyasi partiyadan 75 –i seçilmək hüququna malikdir ki, onlardan yalnız 4-ü parlamentdə təmsil olunub.
Azərbaycanda 50-dən çox siyasi partiya var. Onlardan parlamentdə 10 partiya təmsil olunub ki, yalnız biri müxalifət kimi təsnifatlandırılıb. Parlamentdə təmsil olunan həmin partiyaların siyasi aktivliyi yalnız dövlət aparatında iştirakla məhdudlaşır.
Regional aspekt.
Bütün sadalananlarla yanaşı elitanın daxili müxtəlifliyi həm də regional idarəetmənin təşkilində özünü göstərir. Bu haqda daha təfərrüatlı aşağıdakı kimi qruplaşdırma aparaq:
-
Rusiya – 22 respublika, 9 diyar, 46 vilayət, 3 federal əhəmiyyətli şəhər, 1 muxtar vilayət və 4 muxtar dairə olmaqla 85 subyektdən ibarətdir. Hər regionun özünəməxsus hüquq və statuslarının olması regional elitalar arasında çox mürəkkəb əlaqələrin formalaşmasına gətirib çıxarır ki, əlavə faktorlar bu münasibətləri əksinə daha da mürəkkəbləşdirir. Regionların əraziləri də bir-birindən radikal formada fərqlənir. Məsələn, bir regionun ərazisi digərindən 1000 dəfə kiçik və ya böyük ola bilər. Eyni nisbət əhalinin sayı və sıxlığında da özünü göstərir. Bu parametrlər regional elitaların formalaşırılmasında əsas götürülür.
-
Azərbaycan – 86 şəhər və rayon və 1 muxtar respublikadan ibarətdir. Rayonların əksəriyyəti kənd rayonlarıdır. Respublika tabeli şəhərləri çıxmaq şərtilə regionların əhalisi və ərazisi arasında olan fərqlər nəzərə çarpacaq dərəcədə böyük deyil. Rayonların idarə edilməsi üçün sərt mərkəzləşdirilmiş icra sistemi qurulub və əksmərkəzləşmənin qarşısı alınır. İcra sisteminin qurulmasında əhalinin etnik tərkibi nəzərə alınır. İcra hakimiyyətlərinin başçıları mütamadi olaraq rotasiyaya məruz qalsa da, yeni kadrlar demək olar ki, bu sistemə buraxılmır.
Nəticə: Hər iki ölkənin siyasi elitası eynimənşəlidir. Azərbaycan müstəqillik qazandıqdan sonra elita ciddi rotasiyaya məruz qalmadığından, hələ də hakimiyyət özünü Rusiya elitasından asılı vəziyyətdə saxlayır. Bu səbəbdən də münasibətlər daha çox şaquli xarakter daşıyır. Digər tərəfdən isə Rusiya elitasında aparılan mütəmadi rotasiya, yeni kadrların dövlət idarəetməsinə cəlb olunmasına xidmət edir. Azərbaycanda nisbətən cavan kadrlar idarəetməyə cəlb olunsa da, bu epizodik xarakter daşıyır və sistemli dəyişikliklər yarada bilmir. Hökumət həddən artıq yaşlıdır və 20 nazir 10 ildən artıqdır ki, eyni və ya bərabər vəzifə tutur.
Parlamentdə 10 partiya təmsil olunmasına baxmayaraq, yerlərin 70%-i hakim partiyaya məxsusdur. Eyni hal hökumət və regional idarəetmənin tərkibində də müşahidə olunur. Onların mütləq əksəriyyəti hakim partiyanın üzvləridir. Bir sözlə, Azərbaycanın bugünki elitası daha çox monotipdir və daha çox Rusiyadan asılıdır. Ölkəni müstəqil yolla aparmaq və inkişaf etdirmək üçün hazırki elita tamamilə siyasi səhnədən getməlidir.