Qubad İbadolu: ”Banklar 2018-ci ilə çətin maliyyə durumunda qədəm qoyurlar”
“Ötən 2 il ərzində 13 bankın bağlanması bank sektorunun böhrandan çıxara bilmədi. Hazırda da bankların hər 3-dən 1-i ziyanla işləyir”.
İqtisadçı Qobad İbadoğlu belə deyir.
İqtisadçı bildirir ki, ötən il 13, bu ilin ilk 9 ayında isə 12 bankın maliyyə nəticəsi zərərlə ifadə olunub:
“Beləliklə də, son 1 il 9 ayda ən çox ziyan “Accessbank”da (127,5 milyon manat), “Bank of Baku”da (69,6 milyon manat), “Unibank”da (39,2 milyon manat), “Bank Respublika”da (37 milyon manat), “AGbank”da (24,2 milyon manat) və “Dəmirbank”da (20,3 milyon manat) qeydə alınıb. Bu il üçün zərəri ən az olan, səhmlərinin 25 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına malik olan “Dəmirbank”ın lisenziyası geri alınıb.
Cari ilin 3-cü rübünün nəticələrinə görə, aktivlərin dəyəri “Amrahbank”da 10,3, “Muğanbank”da 12,5, “Unibank”da 16,9, “Accessbank”da 19,2, “Bank of Baku”da 21,1, “Bank Respublika”da 22,1, “Nikoil Bank”da 23,5, “Azər Türk Bank”da 63,4 faiz azalıb. Hesabat dövründə bank kapitalının dəyərini “AccessBank” 6,8, “Azər Türk Bank” 7,5, “Amrahbank” 15,3, “Bank of Baku” 19,9, “AFB Bank” 21,4, “AGBank” 21,9, “Unibank” 37,8 faiz itirib. Məlumat üçün qeyd edim ki, “Azərbaycan Beynəlxalq Bank”ı, “Günay Bank” və “Naxçıvanbank” dövr ərzində məlumat açıqlamayıb. Böyük ehtimalla hər 3 bankın cari vəziyyətini xarakterizə edən məlumatların gizlədilməsi onların göstəricilərinin pis olması ilə əlaqədardır”.
Qubad İbadoğlu deyir ki, qeyd olunan göstəricilər üzrə bankların vəziyyətinin qiymətləndirilməsi göstərir ki, hesabat açıqlamayan banklar da daxil olmaqla yuxarıda adları sadalanan banklar 2018-ci ilə çətin maliyyə durumunda qədəm qoyurlar:
“Odur ki, bank xidmətindən istifadə edən istehlakçıların hüquqları qorunmadığı indiki böhranlı şəraitdə müştərilər vaxtında doğru qərarlar qəbul etmək üçün maliyyə savadını artırmalıdırlar”.
Mərkəzi Bank dekabrın 29-da gələn ilin planları ilə bağlı bəyanat yayıb. Sənəddə bildirilir ki, gələn il radikal islahatlar həyata
keçiriləcək.
“Ortamüddətli dövrdə bankların maliyyə dayanıqlığının bərpa edilməsi və gücləndirilməsi, qeyri-işlək kreditlər probleminin həlli əsas məsələlərdir. Bu istiqamətdə işlər davam etdiriləcək. Bank sektorunun yenidən strukturlaşması proqramı qeyri-işlək kreditlərin tənzimlənməsi üzrə komplementar tədbirlərlə dəstəklənməli, bu istiqamətdə xüsusi mexanizm hazırlanmalıdır. Belə kompleks yanaşma bankların kapital mövqelərini bərpa etməyə, sağlam kredit tələbini genişləndirməyə, kredit aktivliyini artırmağa və iqtisadi artımı dəstəkləməyə imkan verərdi”, – deyə bank vurğulayıb.
Dekabrın 23-dən etibarən “DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv
edilib.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası dekabrın 22-də qərar verib.
Palata bu qərarı bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 (üç) faizdən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-16.1.8-ci maddələrinə əsasən qəbul edib.
“DəmirBank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödəniləcək. Palatanın qərarına əsasən, banka müvəqqəti inzibatçı təyin edilib. “DəmirBank” ASC barəsində iflas proseduruna başlanması ilə əlaqədar Palata məhkəməyə müraciət edib.
2015-ci ildə baş verən 2 devalvasiyadan (21 fevral və 21 dekabr) sonra bir neçə bank bağlanıb. Ötən il “AGBank” ASC və “DəmirBank” ASC konsolidasiya olunub. Baş bankir Elman Rüstəmov bildirib ki, bu addım Azərbaycanın bank sektorunun sağlamlaşdırılması istiqamətində atılan addımlardan biridir (http://www.bizimyol.info/news/71406.html?).
Ötən il həmçinin “Yunayted Kredit Bank” ASC və “NBCBank” ASC-nin bank lisenziyaları ləğv edilib. Həmçinin “Gəncə Bank” ASC və “Bank of Azerbaijan”ın da lisenziyaları ləğv olunmuşdu. 2016-cı ilin 30 dekabrında isə “Bank Standard” kommersiya bankının lisenziyası ləğv olunub.