İqtisadçılar 2016-cı ili təhlil edir
Yola saldığımız 2016-cı il sosial-iqtisadi hadisələr bolluğu ilə seçilsə də, insanların ərzaq səbətində azalma sezildi. Hakimiyyət maliyyə böhranının qarşısını almaq üçün bir sıra şuralar, komitələr təsis etdi və ilin sonunda “Strateji Yol Xəritəsi” ictimaiyyətə təqdim olundu. Bütün hallarda gələn ilin çətin olacağı rəsmilər tərəfindən də etiraf edildi.
İqtisadçılar Vüqar Bayramov və Natiq Cəfərli ilə söhbətimizdə bu yöndə yaranan sualları və 2017-ci ildən gözləntiləri müzakirə etdik.
–
Yola saldığımız hansı iqtisadi hadisələr Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovu 2017-ci ilin mürəkkəb olacağını söyləməyə sövq etdi?
Vüqar Bayramov:
Təbii, 2016-cı ilin yekunlarını qiymətləndirsək, istər rəsmi, istər beynəlxalq təşkilatların, istərsə də müstəqil qurumların iqtisadi artımla bağlı proqnozları neqativ idi. Dövlət Statistika Komitəsinin rəsmi məlumatında 2016-cı il ilk dəfə olaraq neqativ inkişaf, ÜDM-da azalma qeydə alındı. Konkret olaraq, ÜDM-da 3,9, neft ÜDM-da 6 faizə yaxın azalma olduğu bildirildi. Bunun da əsas səbəbi inşaat sektorunda 35 faizlik azalmanın qeydə alınması ilə bağlıdır. Mərkəzi Bankdakı bədbinlik sadəcə makro göstəricilərin pisləşməsilə bağlı deyil, bu, həm də məzənnə siyasətilə əlaqədardır. Çünki 2016-cı ildə Mərkəzi Bank məzənnə siyasətilə bağlı hədəflərə nail ola bilmədi. Praktik olaraq 2015-ci ildən başlanan məzənnə siyasətini bu il liberallaşdırmağı düşünsələr də, buna nail ola bilmədilər. 2014-cü ilin sonu və 2015-ci ilin əvvəlində təklif edirdik ki, Qazaxıstan və Rusiya liberal məzənnə siyasətinə keçib, Mərkəzi Bank da liberal məzənnə siyasətinə keçməlidir. O zaman bazarda əsas oyunçu olan Mərkəzi Bankın 16 milyard dollara yaxın ehtiyatı vardı, artıq neftin dünya bazarında qiyməti düşürdü. 2017-ci ilə bank 4 milyardlıq psixoloji ehtiyatla keçir və bu baxımdan təbii ki, baş bankir nikbin deyil.
–
Natiq bəy, həmkarınızın fikirlərini bölüşürsünüzmü, yəni əsas problemin Mərkəzi Bankdan qaynaqlanması baxımından?
Natiq Cəfərli:
Təbii ki, problem təkcə Mərkəzi Bankda deyil, uzun illərdir neftin qiymətindən asılı bərbad iqtisadi model qurulmuşdu. Vüqar bəylə razıyam ki, ilk dəfə ÜDM-da ciddi azalma oldu. Bu azalma nəinki MDB məkanında, hətta Azərbaycan dünyada ən çox iqtisadiyyatı azalan ölkələrdən biri oldu. Bundan başqa, bank sektorunda ciddi təlatümlər baş verdi, bir neçə bankın bağlanması, təmərküzləşməsi bu sektorda ciddi stress yaratdı. Xarici ticarət dövriyyəsində ciddi problemlər yaşandı, son 1 ildə rəsmi məzənnə 15 faizə qədər azaldı, inflyasiya 2 rəqəmli oldu, halbuki, uzun illərdir inflyasiya 1 rəqəmli idi. Həm də onu deməliyik ki, dollar ekvivalentində Azərbaycanda minimum əməkhaqqı və təqaüd MDB məkanında ən aşağı səviyyələrdən birinə düşdü. Bu da Azərbaycanı regionun lider dövləti olmaqdan kənarlaşdırdı və autsayder dövləti olmağa başladıq. Təbii ki, məzənnə siyasəti insanları maraqlandıran məsələlərdən biri idi. Bu il Mərkəzi Bankın adını nə qoymasından asılı olmayaraq, tənzimləyən üzən məzənnə, yaxud tam üzən məzənnə inzibati idi. Mərkəzi Bankın təyin etdiyi məzənnə bazara elan olunurdu, çünki bazarda oyunçular yox idi, martdan sonra 1 oyunçu vardı-Dövlət Neft Fondu və MB ümumiyyətlə, bazardan çəkildi. Əgər bazarda bir oyunçu varsa, burda üzən məzənnədən, məzənnənin bazarın tələb və təklif qaydalarına uyğun müəyyənləşməsindən söhbət gedə bilməz. Bu gün də inzibati məzənnədir, 2017-ci ildə də inzibati məzənnə olacaq.
–
Ancaq Elman Rüstəmov 2017-ci ildə tam üzən məzənnəyə keçiləcəyini bildirib…
Natiq Cəfərli:
Adının nə qoyulmasından asılı olmayaraq, bu, üzən məzənnə olmayacaq. Üzən məzənnə üçün institusional dəyişikliklər və oyunçular lazımdır. Bunlar yoxdur, qısa müddət ərzində qurulması mümkün deyil.
– Vüqar bəy, həmkarınızın dediklərilə razısınızmı?
Vüqar Bayramov:
Liberal üzən məzənnəyə keçid vacibdir. Biz həmişə demişik ki, liberal üzən məzənnə olmadıqca, investisiyaların cəlb edilməsinin ciddi çətinlikləri olacaq. Çünki sahibkar əmin olmalıdır ki, manatın məzənnəsi bazar məzənnəsidir. Bu gün manatın məzənnəsi bazar məzənnəsi deyil, manat gedib bazarın dibini görməlidir.
– Əhali manatın hansı həddə qədər bahalanacağını gözləyir, bu barədə nə deyə bilərsiniz?
Vüqar Bayramov:
Ssenarilərə baxmaq lazımdır, bu artım Mərkəzi Bankın siyasətindən asılıdır. Bank cari tələbin ödənilməsinə, xüsusən də əks dollarlaşma prosesinin başlanmasına və bazarın dolların təklifinin yaranmasına nail ola bilərsə, o zaman manatın liberal məzənnəyə keçidi nisbətən aşağı sıçrayışla ola bilər. Əgər Mərkəzi Bank hazırlıqsız liberal məzənnəyə keçərsə, onda manat yenidən sıçraya bilər. Çox önəmlidir ki, Mərkəzi Bank liberal məzənnə siyasətinə keçidə hazır olsun. Liberal məzənnə siyasəti qaçılmazdır. Təbii, bazarda bir oyunçu var-Dövlət Neft Fondu, amma liberal məzənnə siyasətinə keçməklə oyunçuların sayını artırmağa çalışmalıdır.
– Natiq bəy, siz bu barədə nə düşünürsünüz?
Natiq Cəfərli:
Son duruma baxanda, Mərkəzi Bank və Neft Fondu tələbin heç 8-10 faizini qarşılaya bilmir.
Vüqar Bayramov:
Burda tələbin şişirdilməsi də var. Məsələn, banka 2-5 milyon lazımdır, amma 50 milyonla hərraca gedir ki, faizi 5 milyon etsin.
Natiq Cəfərli:
Bəli, tələbin şişirdilməsi də var. Amma hər halda bir oyunçu varsa, tələb-təklif prinsipləri əsasında məzənnə formalaşacaqsa, Azərbaycanda durum o qədər bərbaddır ki, çox ciddi sıçrayışlar ola bilər. Həftənin 2-ci günü bir məzənnə, 4-cü günü isə daha yüksək, yaxud aşağı məzənnə çıxa bilər. Bu sıçrayışların iqtisadiyyata vuracağı ziyan hətta o inzibati məzənnədən daha çox ola bilər.
Vüqar Bayramov
: Bir məqam da var, əgər mövcud məzənnə siyasəti davam etdirilirsə, iş adamları və insanlar əllərindəki dolları manata dəyişməyəcəklər. Liberal məzənnə siyasətinə keçid ona görə vacibdir ki, insanlar və iş adamları dolları satıb manat alsınlar. Manat almayınca da investisiya etməyəcəklər.
– Parlament deputatları may-iyun ayından sosial-iqtisadi həyatda sabitləşmə başlayacağını deyiblər, konkret, Zahid Oruc bu barədə danışıb. Bu barədə nə düşünürsünüz?
Vüqar Bayramov:
Bu, birbaşa neftin dünya bazarına bağlı məsələdir. Əgər neftin qiyməti artarsa…
– Nə qədər artarsa, 70, 100 dollar civarında?
Vüqar Bayramov:
Bizim proqnoza görə, valyuta bazarında sabitlik neftin dünya bazarında qiymətinin 70 dollara qədər yüksəlməsinə və həmin intervalda uzun müddət qalmasına ehtiyac var. Qiymətin 60 dollar olması valyuta bazarında sabitliyi vəd etmir.
Natiq Cəfərli:
Hazırda Azərbaycanda vəziyyət elədir ki, hamı sehrli çubuq gözləyir. İqtisadçıların, ekspertlərin sehrli çubuğa malik olduğunu və bu çubuğun hərəkətilə vəziyyətin düzələcəyini düşünürlər. 23 ildə qurulan bərbad iqtisadi model 3-5 aya düzəlməz. Buna uzun zaman və uzun vadəli investisiya lazımdır. Azərbaycanın iki çatışmayan cəhəti var: birinci, zamanı daralıb, ikinci, investisiya imkanları məhdudlaşıb. Yəni pulumuz da, vaxtımız da azdır. Ona görə Azərbaycanın daxilindən qaynaqlananın ciddi effekt verəcəyi məsələsinə inanmıram. Bəli, razıyam ki, neftin qiymətində ciddi sıçrayışlar olarsa. Amma bu ehtimal da çox azdır, əsas səbəblərdən biri Amerikada istehsalın artmasıdır. Belə olanda OPEC-in razılaşması ikinci plana keçir və bu qurumun razılaşmaya əməl edib-etməyəcəyi də sual altındadır. Ona görə yeganə çıxış yolu o ola bilər ki, fantastik şəkildə neftin qiyməti qalxır və maliyyə sabitliyi yaranır. Amma vəziyyət həddən artıq o qədər gərginləşib ki, indiki modeldə qısa zaman sabitləşmə mümkünsüzdür.
Vüqar Bayramov:
Məncə, hədəf 2017-ci ilin may-iyun aylarında sabitlik hədəf olmamalıdır. Hədəf qeyri-neft sektorunun inkişafı olmalıdır. 2017, 18, 19, 20-ci illərdə artıq bu sektorun həm ixracatda və ÜDM-nin payı artmalıdır. Əsas məqsəd neftdən asılılığın aradan qaldırılmasıdır ki, Azərbaycan iqtisadiyyatı xarici amillərdən asılı olmasın.
Natiq Cəfərli:
Ancaq faktiki olaraq onu da görürük ki, həm qeyri-neft sektorunun ÜDM-i azalır, həm ixracatı azalır. Deməli, hökumətin apardığı siyasət səhvdir. Hətta manatı devalvasiyaya uğradanda hökumət çox qürurla deyirdi ki, ucuz manat qeyri-neft sektorunun ixracatını stimullaşdıracaq, amma əskinə baş verdi.
Vüqar Bayramov:
Bir daha deyirəm, məzənnə liberal olmalıdır, əgər məzənnə liberal deyilsə, sahibkar dollarını manata dəyişməyəcək.
– Yekunda “Strateji Yol Xəritəsi” barədə fikirlərinizi bilmək istərdim. Hakimiyyət təbliğatçıları sənədin ölkəni böhrandan çıxaracağını iddia edir. Bildiyimə görə, sizin də baxışınız fərqlənir. Natiq Cəfərli deyir ki, müstəqil məhkəmə olmayınca, heç bir dəyişikliyə nail olmaq mümkün deyil. Vüqar bəy, bu barədə necə düşünürsünüz?
Vüqar Bayramov:
“Strateji Yol Xəritəsi” əvvəlki dövlət proqramlarından fərqlidir və yeganə tərəfi odur ki, fəaaliyyətlər illər üzrə qruplaşdırılıb, məsələn, 2017-ci ildə hansı işlər, növbəti illərdə hansı fəaliyyətlər həyata keçiriləcək. Sənədin əhəmiyyətli məqamlarından biri odur ki, fəaliyyətin nəticəsini ölçmək üçün keyfiyyət indikatorları var. Əvvəlki sənədlərdə, bu, yox idi. Siz jurnalist, biz də iqtisadçı olaraq həmin indikatorlardan istifadə etməklə “Strateji Yol Xəritəsi”ndə nələr nəzərdə tutulmuşdu və nələr həyata keçirildi, yaxud keçirilmədi, bunları müəyyənləşdirmək mümkün olacaq.
– Sənəddə məhkəmə barədə bənd varmı?
Vüqar Bayramov:
Məhkəmə islahatları, iqtisadiyyatın liberallaşması və digər məsələlər öz əksini tapıb.
Natiq Cəfərli:
Əslində, “Strateji Yol Xəritəsi”nin fəlsəfəsində problem var. Bu, ondan ibarətdir ki, dövlət bütün sahələri öz nəzarətində saxlamağa çalışır. Bu fəlsəfə dəyişməyincə, yəni müstəqil məhkəmələr, müstəqil mətbuat olmayınca alınmayacaq.
Vüqar Bayramov:
Məncə, həmin sənəddə fəlsəfə dəyişib.
Natiq Cəfərli:
Mən onu görmədim.
Vüqar Bayramov:
Təbii, 2010-ci ilə qədər dövlətin rolu daha çoxdur. Amma 2022-25-ci illərin fəaliyyətinə baxsaq, görərik, dövlətin bazarda və iqtisadiyyatda aparıcılığı azalıb.
Natiq Cəfərli:
Ölkə olaraq həmin dövrə sağ çıxmaq lazımdır. Fikrimi tamamlayım, həm fəlsəfədə problem var, həm də idarəetmənin iqtisadiyyata yanaşması dəyişməyincə, atılan addımlar effekt verməyəcək. İstəyir keçid dövrü yaşayan postsovet ölkələri, istəyir Sinqapur, yaxud Çili, Avropa ölkələri olsun, bütün islahatlar paralel gedib. İqtisadiyyatda sehrli formul yoxdur ki, başqa sahələri dəyişməklə sırf iqtisadi addımlarla müəyyəın nəticələrə nail olmaq mümkün olsun. Mütləq idarəetmədə, siyasi fəlsəfənin özündə dəyişikliklərə ehtiyac var.
– Son sual, İlham Əliyevin mövcud komandası ilı “Strateji Yol Xəritəsi”ni gerçəkləşdirmık mümkün olacaqmı?
Vüqar Bayramov:
“Strateji Yol Xəritəsi həm də struktur islahatlarını nəzərdə tutur ki, bu da kadr islahatlarına gətirib çıxarda bilər. Sadəcə, sənəddə kadr islahatları qeyd olunmayıb, amma strukturun dəyişilməsi, bir-birini təkrarlayan qurumların birləşdirilməsi məsələsi öz əksini tapıb, amma struktur və kadr islahatları paralel aparılmalıdır. Bütün hallarda “Strateji Yol Xəritəsi”nə nikbin yanaşmaq lazımdır və 2017-ci ildə bu nikbinliyi hiss edəcəyik.
– Natiq bəy, nikbin yanaşmaq lazımdırmı?
Natiq Cəfərli:
Əlbəttə, hamımız Azərbaycanın düşdüyü böhrandan tezliklə qurtulmasını və bu gedişatın sosial gərginliklərlə nəticələnməməsini istəyirik. Ancaq nə bu komanda ilə, nə indiki yanaşmayla və aparılan siyasətlə ölkənin böhrandan çıxması mümkün deyil. Hətta Azərbaycandakı sistemə çox yaxın olan Rusiyada da bunu anladılar. Kudrinin təşkilatı bu yaxınlarda Rusiya haqda yaxşı bir araşdırma çap etdirdi, giriş hissəsi sistem dəyişikliklərinin vacibliyindən ibarət idi. Yəni sistem dəyişikliyi olmayınca, iqtisadiyyatda problemlərin həlli mümkünsüzdür təsbitinə gəlib çıxdılar. Eyni vəziyyət Azərbaycandadır. Amma sovet dövründə formalaşmış, həmin sistemin iqtisadiyyatını öyrənmiş və kapitalizmin zərərini illərlə təmsil edən insanların normal kapitalist və bazar iqtisadiyyatı qurması mümkünsüzdür.