Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi sunami xəbərdarlığı edib
Fevralın 20-də axşam saatlarında Türkiyənin Hatay şəhərində 6,4 və 5,8 bal gücündə daha iki zəlzələ baş verib.
Hatay Böyükşəhər Bələdiyyə Başçısı Lütfü Savaş zəlzələlər nəticəsində bəzi binaların dağıldığını və həmin dağıntılar altında qalan insanların olduğunu bildirib.
Türkiyə Fövqəladə Hallar İdarəsinin (AFAD) məlumatına görə, saat 20.04-də Hatayın Defne rayonunda 6,4 bal gücündə, daha sonra Hatayın Samandağ rayonunda isə 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ Hatay və ətraf vilayətlərdə də hiss olunub.
Kandilli Rəsədxanası da ilk zəlzələnin 6,4 bal gücündə olduğunu açıqlayıb.
Dağılan binaların altında qalan insanlardan mesajlar gəldiyi bildirilir. Onlardan bəziləri qəzalı evlərini köçürmək üçün içəri daxil olanlar, bəziləri isə ilk zəlzələdə zədə almamış evlərin sakinləridir.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Hatayda baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edib:
“Sahildən uzaqlaşın və daha yüksək yerlərə gedin. Hakimiyyət orqanlarının göstərişlərinə əməl edin”.
Zəlzələ ilə bağlı Hatay valisi Rəhmi Doğan, “Şəhərdə baş verən zəlzələ ilə bağlı bəzi bildirişlər aldıq, onları qiymətləndiririk, araşdırmalarımız davam edir”,- deyib.
Hatay Bələdiyyə Başçısı Lütfü Savaş, “Əziz həmvətənlərim, zəlzələlər davam edir. Həyatınız və sağlamlığınız hər şeydən önəmlidir. Xahiş olunur, yük daşımaq kimi səbəblərdən belə risk götürərək zədələnmiş binalara girməyin, zədələnmiş binaların yaxınlığında qalmayın”,- deyib.
AFAD “Twitter” hesabında “Vacib” qeyd adı ilə “Zəlzələdən sonrakı bölgədəki zədələnmiş strukturlara girməyin. Riskli binaların ətrafında qalmayın. Dəqiq məlumat üçün rəsmi mənbələri izləyin” paylaşıb.
Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar sosial media hesabında “Zəlzələdən zərər çəkən vətəndaşlar və ya dağılmış, çökmüş və ya zədələnmiş bina varsa, dərhal 153-ə zəng edin” deyib.