Hasarın içindəki ev… (VİDEO)

İyunda Bakıda keçirilən Avropa Oyunları öncəsi Bayıl qəsəbəsində evlər söküldü. Qalan köhnə evlər isə hasarlanaraq Su İdman Sarayının parıltılı görüntüsündən uzaq tutuldu.

İlhamə Mənsumova iki uşağı və əri ilə təxminən 80 kvadrat metrlik evdə yaşayır. Bir otaqlı ev arakəsmələrlə iki otaq edilib. Mətbəxdə isə yalnız bir nəfər sərbəst hərəkət edə bilər. Xanım Mənsumova deyir ki, hasara alınan evlərdə hamı bu cür yaşayır.

Ev sahibi Ramiz Məmmədov işdən yorğun gəlib. Çayın içib, rahatlayandan sonra dərmanlarını göstərir. O, şəkər xəstəliyindən əziyyət çəkir. 60 yaşlı ev sahibi maşın ustası işləyir. Deyir, bəzən o qədər çalışır ki, günün sonunda ayaqlarını hiss eləmir. Onun fikrincə, hasarların kənarında olan neft buruqlarından gələn pulların çox az hissəsi ilə onlar köçürülə bilərdi, hətta ağır işdə çalışmasına belə ehtiyac qalmazdı.

İlhamə Mənsumova rəsmi şəxslərdən “ölkə böhrandadır, ona görə köçürmürük” cavabını alıb.

Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri  İsrafil Kərimov deyir ki, köçürülmə işinin hansı səbəblə dayandırıldığından xəbərsizdir.

Ailə gözünü 2017-ci ildə keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarına dikib. Ümidləri var ki, bəlkə o zaman hökumətin diqqəti onların köhnə evlərinə yönələ.

Ana səhifəVideoHasarın içindəki ev… (VİDEO)