Suraxanıda mədən ərazilərinin hamısı hasara alınıb. Hasardan boylananda orada təkcə neft buruqlarını yox, həm də onun çirkabında oynayan uşaqları görmək olur. Bu evlər hasarlanaraq təmiz görünən şəhərdən təcrid olunub. Hətta küçəyə çəkilən asfalt belə hasara çatanda dayandırılıb.
“Burada yaşamaq çox çətindir. Mənim körpə uşaqlarım da burada oynayırlar. Futbol meydançası da yoxdur. Şəraitsiz yerdir. Baxın, ora zibilxanadır. Oranı vaxtında yığsalar, yəqin ki, yaxşı olar”- burada 1996-cı ildən yaşayan sakin Elxan Əliyev deyir.
Sakin Çinarə Əliyeva : “Elə olur ki, buruğun nəyisə qırılır, tüstü olur…Qorxuruq ki, nəsə bir partlayış baş verə bilər. Ona görə qorxu altında yaşayırıq”
“Bizə nə bələdiyyə, nə kənd soveti baxır. Suyumuz yoxdur. Öz vəsaitimə gedib camaatla su çəkdirirəm. Hər tərəf zibilxana. Burada uşaqlar oynayır. Bunların hamısı xəstəlikdir. Bizim şəraitimizə baxan yoxdur”- Rəhilə Nəzərli yaşayışından gileylənir.
1975-ci ildən Suraxanı rayonu ikinci mədən ərazisində yaşayan sakinlər var. Onlar il keçdikcə, neftli yerin üfunətini, həm də rütubətini canlarında hiss edirlər.
“Vallah, mən bir yerə gedəndə mənim ailə üzvlərim deyir ki, sənin paltarından nə iyi gəlir? Nəmişlik!”- Fəriqə Əliyeva utanaraq danışır.
Çinarə xanım isə evinin qapıların açıb, içərisindəki şəraiti göstərir. Evin divarları rütubətdən ovulub tökülür. “Hörgü hörülüb, amma bu divarın küncü aşağıya kimi nəmişlikdir. Əl vurursan, hiss edirsən ki, əlin suya dəyir”.
Sakinlərin əksəriyyətinin ev sənədləri yoxdur. Onlar 15 ildən çoxdur ki, burada yaşayırlar. İndi isə mədəndən köçürülmələrini istəyirlər. Amma Suraxanı rayon İcra Hakimiyyətinin şöbə müdiri Barxudar Barxudarov yaxın zamanda bu ərazilərin köçürülməyəcəyini deyir.
“Ora neftin ərazisidir. Bugünkü gündə də orada hər hansısa bir tikinti işinin aparılması qəti qadağandır”.
Dövlət Neft Şirkətindən suallarımıza cavab verən olmadı.
Sakinlər isə şəhərin görüntüsü pozulmasın deyə hasarlanan bu palçıqlı yerlərdən asfalta çıxmaq istəyirlər. “Burada yaşamaq odur ki, biz diri-diri ölürük. Elə bil ki, “diri ölü”. Buna yaşayış deyilməz. Bir nəfər gəlib mənim şəraitimə qıraqdan baxsa, bilər ki, bu, şərait deyil”.