Harlem Dezir aclıq edən blogerin tezliklə azad olunacağına ümid edir

 Harlem Dezir

Harlem Dezir

Mehman Hüseynov ifadə verməkdən imtina edib

Cəzaçəkmə müəssisəsində məhbusluq həyatı yaşayan, 10 günlük cərimə kamerasına (“kars”) salınan bloger Mehman Hüseynov ona qarşı yeni cinayət işinə etiraz əlamət olaraq müddətsiz aclıq elan edib.

Məlumatı “Turan” agentliyinə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) icraçı direktoru Emin Hüseynov bildirib.

Emin Hüseynov blogerin atası ilə telefon əlaqəsi saxladığını deyib:

“Mehman evə zəng edib və “karserə” salındığını, təzyiqə məruz qaldığını deyib. Söhbət bir dəqiqədən az çəkib. O, Penitensiar Xidmətin onun cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməsi haqqında məlumatının yalan olduğunu deyib. Cinayət işi hələlik fakt üzrə açılıb - Mehmana ittiham irəli sürülməyib. Mehman vəkilləri ilə görüş tələb edir. Amma onun yanına vəkil buraxılmır. Mehman istintaq tədbirlərində iştirakdan və yeni cinayət işinin saxtalaşdırılmasına, ona qarşı təzyiqə və yanına vəkil buraxılmamasına etiraz əlaməti olaraq ifadə verməkdən imtina edib”.

Mehman Hüseynovun vəkili Şəhla Hümbətova dekabrın 27-də onunla görüşə bilməyib:

“Müxtəlif bəhanələrlə 2 saat gözlətdilər, sonra icazə vermədiklərini söylədilər”, vəkil deyib. 

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir bloger və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (İRFS) sədri Mehman Hüseynova qarşı qaldırılımış yeni maddə üzrə ittihamlardan dərin narahatdır.

“Mehman Hüseynovun həbsdən çıxmasına bir neçə ay qalmış onun üzləşdiyi yeni cinayət məsuliyyəti barədə məlumatlar dərindən narahat edir”, deyə o bildirib.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi onun tezliklə azad edilcəyinə ümid edir.

Penitensiar Xidmətin yaydığı məlumata görə, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata əsasən, bloger Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Blogger Mehman Huseynov

Blogger Mehman Huseynov

Bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.Faktla bağlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.

Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib.

Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apelyasiya Məhkəməsinə qaytarıb.

Blogerin anası Firəngiz Hüseynova avqustun 6-da vəfat edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/9rm6cz

Ən çox baxılan