”Haqsızlıq, cəzasızlıq mühitidir”

”Karvan” Ticarət Mərkəzinin icəradarı yanğında dəyən ziyanın kompensasiyasını ala bilmir

Source:


”Karvan” Ticarət Mərkəzinin icəradarı yanğında dəyən ziyanın kompensasiyasını ala bilmir

Füzuli Quliyev 2013-cü ildə yanan “Karvan” Ticarət Mərkəzinin keçmiş icarədarıdır. Yanğında ona dəyən 55 min manatlıq ziyanın kompensasiyasını bugünədək ala bilmədiyini söyləyir. Bu barədə Meydan TV-yə danışan şikayətçi döymədiyi qapının qalmadığını deyib:

“Prokurorluğa, Daxili İşlər Nazirliyinə, prezidentə, Birinci vitse-prezidentə yazmışam. Müraciət etmədiyimiz dövlət qurumu qalmayıb. Şikayətimizə baxan yoxdur”.

Füzuli Quliyevin “Karvan” Ticarət Mərkəzində yerləşən 16 kvadratmetrlik mağazasından 6 nəfər dolanırmış. Deyir, bu gün ailəsinin yeganə gəlir mənbəyindən də əlləri üzülüb:

“Hazırda işsiz və borcluyam. Həm iş qura bilmirəm, həm də yanğının borclarını ödəyirəm. Üstəlik, buna görə bizə kompensasiya da ödənməyib. Ailəmi dolandırmaq çətinləşib. Yanğına görəsə cəza alan olmayıb. Bir nəfər həbs edilmişdi, onu da bu yaxınlarda Ali Məhkəmənin qərarı ilə azadlığa buraxdılar. Haqsızlıq, cəzasızlıq mühitidir. Bizim həyatımız məhv olur, ancaq buna görə heç kim cavab vermir”.

Füzuli Quliyev ayaqqabı satırmış. Deyir, malı Pekindən və Türkiyədən gətirirmiş. Ticarət mərkəzi yananda yenicə gətirdiyi malları da mağazada yanıb, külə dönüb:

“Özüm 2-ci qrup Qarabağ əliliyəm. Öhdəmdə 6 nəfərlik ailəm var. Ailəmi dolandırmaq bir yana, borclarımı necə ödəyəcəyimi bilmirəm. Nə az, nə çox – 55 min manatlıq ziyandır. Kompensasiya versələr, birtəhər ayağa durarıq, vermirlər. “Karvan” Ticarət Mərkəzinin rəhbərliyi bizə “göstəriş olsun, pulu ödəyək”, – deyir. Onlara göstəriş verən olmayıb. Tələb edirəm, ya mənim kompensasiyam ödənsin, ya da yanğına səbəb olan günahkarlar cəzalandırılsın”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün “Karvan” Ticarət Mərkəzinin direktoru Kamil Əhədov ilə əlaqə saxlayıb. Kompensasiyaların niyə ödənməməsi ilə maraqlanıb. Direktor buna səbəb kimi həmin şəxslərin siğortasının olmamasını göstərib:

“Malı vaxtında sığorta etdirmək lazım idi. Onlara demək lazımdır ki, əvvəla, malını sığortala, sonra da ona cavabdeh ol. Böyük ticarət mərkəzidir. İçində az qala 50 milyardlıq mal var. Aylıq aldığımız 10-15 manatlıq icarə haqqı ilə o boyda ziyanı necə ödəyək?! Malını sığortalamaq hamının borcudur, içi mən qarışıq”.

Kamil Əhədov yanğından sonra sığortalanmış malların kompensasiyasının ödəndiyini də bildirib:

“Kim malını sığortalayıb, pulunu alıb, ziyana düşməyib”.

Keçmiş ticarətçilər isə sığortaları olmasa da, ticarət mərkəzinin rəhbərliyi ilə müqavilələrinin olduğunu deyirlər. Həmin müqavilədə bütün təhlükəsizlik məsələlərinə ticarət mərkəzinin təminat verdiyi göstərilib.

Hüquqşünas Vaqif Alıyev Azadlıq Radiosuna bildirib ki, tərəflər arasında müqavilə varsa və müqavilədə ticarət mərkəzi sahibinin təhlükəsizliklə bağlı öhdəliyi olubsa, ticarətçilərə kompensasiya ödənilməliydi:

“Yanğından zərər çəkənlər məhkəməyə müraciət etməliydilər. Görünən odur ki, iddia müddəti ötüb. İlk növbədə iddia müddətini bərpa etməyə çalışmaq, ardınca məhkəməyə müraciət etmək lazımdır. Çünki qeyd olunduğu kimi, hələ hadisə zamanı Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi də yanğına səbəb kimi ticarət mərkəzi rəhbərliyinin müəyyən qaydalara əməl etməməsini göstərib”.

2013-cü il oktyabrın 19-da Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzində yanğın olmuşdu. Yanğın nəticəsində mağazalara və mallara ciddi ziyan dəymişdi. İcarədarlar 4 ildir ki, yanğında onlara dəyən zərərin qarşılığını ala bilmədiklərini deyirlər.

Ana səhifəXəbərlər”Haqsızlıq, cəzasızlıq mühitidir”