Fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum jurnalist Rasim Əliyevin cinayət işində təqsirlədirilənlərin məhkəmə baxışı davam etdirilib.
Vəkil Fariz Namazlının sözlərinə görə, məhkəmədə hazırlıq iclasında həkimlərin və jurnalisti son görən şəxslərin dindirilməsi ilə bağlı verilən vəsatətlər müzakirə olunub. Hakim vəsatətləri rədd edib. Təqsirləndirilənlərin yaxınları isə buna etiraz ediblər:
“Haqqı istəyirəm də, başqa bir şey istəmirəm axı. Üzümə niyə qaz vururlar? Nədir bu? İndi də burnumdadır qazın iyi. Hamımız haqqı istəyirdik də. Ana deyir ki, mən oğlumu axırıncı dəfə görəndə, qarnının üstündə əməliyyat yeri yox idi. Ancaq “drenaj” yerləri var idi. Biz deyirik ki, üzü ağdırsa, qoy həkim də gəlsin, ifadəsini də versin. 25 ilin həkimiyəm. Hər üç qabırğanın sınmasından insan ölsəydi, hər ağciyər cırılmasından insan ölsəydi, onda Azərbaycanda, dünyada insan qalmazdı axı.”
Nəticədə mübahisə yaranıb və məhkəmə nəzarətçiləri zala bibər qazı buraxıblar.
Rasim Əliyevin ölümündə təqsirləndirilənlərin valideynləri etirazlarını ifadə etmək üçün Prezident Administrasiyasına üz tutublar. Qəbuldan onlara Ədliyyə Nazirliyi və Baş Prokurorluğa müraciət etmələrini bildiriblər.
Növbəti məhkəmə prosesi fevralın 9-da davam etdiriləcək.
__
Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.
Whatsapp nömrəmiz: +49 176 16263646