Amerikalı futurist Con Naysbit, (John Naisibit) “Başla!” (orijinalda “Mind set!”) adlı əsərində yazır : “İnsanın haqlı olma ehtiyacı mədəniyyət tərəfindən əvvəlcədən şərtlənmiş olur. Valideynlər haqlıdır, rəhbər haqlıdır, müəllim haqlıdır. “Kim haqlıdır?” sualı, “Nə düzgündür?” sualına cavabı özündə daşımaqdadır.
Siyasi partiyalar, məsələn, “haqlı olmağı” institutlaşdırıb. Bir siyasi partiyanın öz rəqiblərinin mövqeyini müdafiə etməsi çox tez-tezmi olur? Amma, əgər biz, qarşı tərəfin haqsız olmasına sərf etdiyimiz enerjini, mübahisə etdiyimiz vəziyyətin düzəldilməsi üçün çıxış yollarına ayırarıqsa, necə olar? Axı bizim haqlı olmaq istəyimiz, bizim öyrənməyimizi və başa düşməyimizi iflic edir. Bu, bizim böyüməmizə mane olur, çünki dəyişmədən böyüyə bilmərik, özümüzü düzəldə bilməz və özümüzə sual verə bilmərik.
Əgər siz, haqlı olmağa məhkumsunuzsa, o zaman siz, artıq əvvəldən salınmış yolla getməli olacaqsız. Amma haqlı olmaqdan qurtulduğunuz andan siz, özünüzü geniş ərazidə sərbəst hiss edəcəksiniz, sizin qarşınızda geniş perespektivlər açılacaq və siz, istədiyiniz istiqamətdə gedə biləcəksiz”.
Doğurdan da, istər şəxsi həyatımızda, istərsə də ictimai münasibətlərdə biz, çox zaman məhz “Nə düzgündür?” sualından çox, “Kim haqlıdır?” sualına daha çox fikir veririk. Bu mövzu o qədər genişdir ki, onu bir çox istiqamətə dartıb, uzatmaq olar, uzunçuluq etmədən, məsələni daha spesifikləşdirərək, onu “siyasiləşdirmək” istəyirəm. Yəni, mövzunu iqtidar-müxalifət, iqtidar-cəmiyyət münasibətləri konteksinə salmağa çalışacam.
“Dövlət” və ya hakimiyyət haqlıdırmı?
Cəmiyyətimizdə, ailəyə, ictimai və insanlar arası münasibətlər şaquli dəyərlər üzərinə qurulub. İnsanların sosial statusu onların bu və ya digər məsələdə haqlı olmasını əvvəlcədən müəyyən edir. Ata evdə aparıcı şəxs olduğundan, onun dedikləri haqlı, etdikləri mübahisə götürməzdir. Ağsaqqal nəslin başbiləni sayıldığından, haqsız olsa da, heç kim ona statusuna görə etiraz etmir, bir çox məsələlərdə dediklərini və etdiklərini mübahisələndirmir. Bu sosial statusa (yaşa, tutduğu vəzifəyə və s.) dayanan dəyərlər də insanlar arası münasibəti müəyyən edir.
Ümumilikdə, xalqın hakimiyyət və ya dövlətə münasibəti də məhz bu şəkildədir. Hakimiyyətdə təmsil olunan, idarəçi olan şəxslərə münasibətdə insanların yanaşması aşağıdan-yuxarıya doğrudur. İnsanlar hakimiyyətdə təmsil olunan şəxsləri özlərindən bir baş yuxarıda görür, həmin məmur və siyasətçilərin əslində onlara xidmət etməli olduğunu aydın dərk etmir.
Bu münasibətlər sistemini pozmağa və yeni yanaşma (hökümətin vətəndaşına xidmət etməli olduğu tələb edilməsi) istəyən insanlara isə “dövlətlə dövlətçilik etmək olmaz” cavabını hazır saxlayır. Bu bir az da dövlətlə dövlətçilik edə bilməyən insanların bəhanəsinə çevrilib. Belə ki, artıq köhnələn bu anlayışı sivil ölkələr uzun əsr bundan öncə aşıb. Artıq dünyada hamı başa düşür ki, insanlar “dövlətləri” (hökümətləri) öz əllərində saxlamalı, onun həddi aşmasına mane olmalıdır.
Azərbaycanda nə baş verir?
Uzunmüddətli şikayətlərimizin əsasında həmişə iqtidarın xalqı eşitmədiyi, iqtidarın çalınan “Əcəl Zəngi”-nə qulaq asmadığı, daima öz bildiyini etdiyi, onu tənqid edənləri həbs etdiyi, həqiqəti eşitmək istəmədiyi (oxşar mənalı iradları çox uzatmaq olar) ilə bağlı olub.
Neft pulunun hesabına hakimiyyətdə qalan, hətta lüks oyunlar, əyləncələr keçirtməyə də imkan tapan hakimiyyət, neft ucuzlaşan və azalan kimi dəhşətli iqtidarsızlıqla, siyasi və iqtisadi krizislə baş-başa qaldı. Bunu qəbul etmək nə qədər çətin olsa da, xalq da, (ən azından hakimiyyəti saxlamaq üçün lazım olan kritik kütlə) öz iqtidarının nağıllarına – TV-lər ona tapşırılan işin öhdəsindən lazımınca gəlmişdi – möhkəmcə inanmışdı.
Sonra bir anlığına, hər şey kəskin dönüş yaşadı. Uzun illər düzgün yolda olmadığını hakimiyyətin qulaqlarına çatdırmağa çalışan ekspertlər, müxalif siyasi partiyalar, müxalif düşüncəli insanlar qəfildən “öngördükləri” krizisilə bir anda diqqət kəsilən, izlənilən, bəyənilən insanlar olmağa başladılar. Bu andan hökmətin edə biləcəyi ən ağıllı iş, gün keçdikcə sayları artan insanlardan gələn şikayət səslərinə qulaq kəsilmək, “daimi haqlı” duruşundan imtina etmək, ictimai müzakirələrə qapı açmaq, şikayətlənən vətəndaşla daha yaxın təmas qurmaq, bir sözlə “nə düzgündür” sualını bütün ictimai təsisatlarla birgə cavab axtarmaq olardı.
Amma hökumət istər maliyyə, istərsə də fiziki baxımdan (fiziki dedikdə, güc strukturlarının onun əlində olması mənasında) hələ də güclü olduğundan, statusundan istifadə edərək “haqlı” olduğunu israrla hamıya nümayiş etdirməkdə davam etdi, beləcə “nə düzgündür?” sualı yenidən “kim haqlıdır?” sualına uduzdu.
Haqlı olmaq nə qədər xoş hiss olsa da, haqsız olmağını etiraf etmək də bir o qədər böyüklükdür
Haqlı olmaq gözəl hissdir. Amma indi elə bir krizislə üz-üzə gəlmişik ki, (dövlətimizin tam dövlət anlamında mövcudluğu, xalqın iqtisadi-sosial rifahı ciddi təhlükə ilə üz-üzə qalıb) haqlı olmağımız heç nəyi dəyişməyəcək ( dəyişsə də, böhrandan çıxmağa kömək etməyəcək), əksinə bu məsələdə çox israrın edilməsi bizi növbəti lazımsız davalara, şəxsi intriqalara aparıb çıxardacaq, Con Naysbitin də dediyi kimi, “enerjimiz lazımsız işlərdə xərclənəcək”. Bu işdə ilk addımı atmalı olan da, dövləti idarə edən siyasi hakimiyyətin boynuna düşürdü.
O düzdür ki, hakimiyyətin üçüncü-dördüncü ranqlı məmurunun dilindən, xala-xətrin qalmasın deyə, müxalifətə təkliflər verə biləcəyi deyildi. Bundan sonra yaranan böhranla bağlı siyasi müxalifətin əsas qanadları qara-qışqırıq salmaqdan çox, (“Biz haqlı idik, gördüz? Gördüz?” tipli) “Nə düzgündür?” sualına meyillənərək, böhrandan çıxmaqla bağlı islahatlar paketini hökümətə və cəmiyyətə təqdim etdi.
İslahatlar paketinin keyfiyyətinin önəmi çox olsa da, əsas olan o idi ki, siyasi müxalifət yanaşmanı düzgün seçdi. İndi pas ötürülüb siyasi hakimiyyətə, onların bu topla davranışına uyğun olaraq, Azərbaycanın gələcəklə bağlı seçəcəyi yol müəyyən olunacaq. Ümid edirəm, hökümət topu, öz ölkəsinin qapısına vurmaz.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…