Yəqin ki, bu sorğunu eşidən adamların yadına düşər, bu il “Gallup” araşdırma şirkətinin apardığı sorğunun nəticələrinə əsasən ölkəmiz xöşbəxt ölkələr siyahısında beşinci sırada qərarlaşıb. Bu tip sorğuların nəticəsi təbii ki, çoxlarına inandırıcı gəlmir, eləcə də mənə. Oturub nə qədər düşünsəm də, Azərbaycanda yaşayan insanların xoşbəxt olmasına inana bilmərəm, mümkün deyil bu.
Amma sorğudan belə bir nəticə çıxarmaq olar ki, insanlar həqiqətən öz dilləri ilə deyiblər xoşbəxt olduqlarını. Otuz min, yüz min, lap olsun bir milyon insandan bu cavabın alınması məni heç də təəcüübləndirməz, lap doqquz milyon da belə cavab versə, olar, amma nəticə dəyişmir. Bizim insanların yaşamaq anlayışında mənim üçün bir çox qaranlıq qalan yerlər var, yəni mənim üçün elə yaşamaq yaşamaq deyil. Mövzu öz xəttindən çıxmasın deyə yaşamaq haqqında çox yazmaq istəmirəm, bu öz yerində qalsın.
İki gün əvvəl dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda “Beynəlxalq sevgililər günü” kimi qeyd edildi. Sevgililər günü və ya başqa günlər haqqında danışmaq istəmirəm. Mən ümumi belə xüsusi günlərin ya da bayramların Azərbaycanda yaşayan insanların necə qeyd etməsindən danışacam. Əvvəl onu deyim ki, uşaqlığımdan bu günə qədər heç vaxt görməmişəm ki, belə günləri , bayramları bizim insanlar normal qeyd etsinlər. Bilirəm, bu böyük iddiadır, amma mən görməmişəm.
Bayram günləri xüsusi olur, əyləncəli olur, insanlar özlərini xoşbəxt hiss edir. Bu, bütün dünyada belədir. Fikir verin, biz bayramları, xüsusi günləri səmimi qeyd edə bilmirik, bu günlərdə sevinə bilmirik. Heç səmimi təbrik də edə bilmirik bir-birimizi. Təbrik edəndə belə bölünürük, ayrılırıq. Üzümüzdə gülüş olanda izahlı olur, izah etmək istəyirik ki, hansı səbəbdən gülürük.
Məsələn, müəllimlər günü bütün müəllimləri təbrik edə bilmirik. Ümumiyyətlə, bu ölkədə müəlimlər günü, gənclər günü kimi qeyd edilən günlər çox gülməli eyni zamanda çox faciəlidir. Xüsusi günlərin xüsusi bir tarixi olur, amma biz o tarixlə bağlı qalmırıq gələcəkdə, biz gələcəkdə o günləri insanların yaşamı üzərindən qeyd edirik.
Müəllimdən bu qədər ziyan alan bir vətandaş kimi, müəllimlər gününü qeyd edə bilmirəm, gənci ümumiyyətlə məhv etməyə çalışan, gənci görməzdən gələn bir cəmiyyətdə gənclər gününü qeyd etmək ən azı dəlilik olardı. Hələ hakimiyyət tərəfindən fərqli baxışlarına görə həbsə düşmüş gənclərin, fərqli baxışlarına görə təqib, təziq olunan gəncləri olan bir ölkədə heç nə imkan verməz gənclər günü qeyd etməyə.
Uzağa, lap uzağa gedib, sakitcə ölkəmizi izləməyi düşünün, görərsiniz ki, biz necə yaşayırıq əslində.
İnanclı bir dostumun bir dəfə məsciddən pul qabısını oğurlamışdılar, onda belə bir söz demişdi: “Bu ölkədə rahatlıqla ibadət etməyə də qorxuram.” Bu söz çox şey deyir. Həqiqətən bu ölkədə rahatlıq yoxdur, hər günümüz, hər anımız narahatdır. İstər mental dəyərlərin bizə vurduğu zərbə, istər sistemin bizə vurduğu zərbə-bütün zərbələr bizi elə hala salıb ki, nəinki xoşbəxtlik heç yaşamaqdan da danışmağa dəymir.
Cəmiyyət arasında bir-birinə nifrət edən insanlar, bir-birini aldadan, bir-birinə yalan danışan, bir-birinə qarışan insanlar. Beş dəqiqə avtobusda belə evimizə rahat gedə bilmirik.
İldə bircə gün xüsusi günlərini, bircə gün bayramları normal şəkildə qeyd edə bilməyən insanların xoşbəxt olmasından danışmaq çox gülüncdür, amma gəlin reallığa qayıdaq bir də- bizim insanlar xoşbəxtrdirmi?
Bəli xoşbəxtdir. İnsanlar milli mentalitetin, zəhərli qanunlarının, düşüncələrinin onlara vurduğu zərbədən xəbərsizdilər. İnsanlar sistemin onlara vurduğu dərin zərbələrin ziyanından xəbərsizdir. Xəbərsiz olduqlarına inanıblar, özlərini aldadıblar, insanların yaşamaq anlayışı sadəcə yemək-içmək qədər bəsid bir vəziyyətə gəlib çıxıb. Belə bir cəmiyyətdə heç bir xüsusi gündən, heç bir bayramdan, heç bir xoşbəxtlikdən söhbət açmaq düzgün deyil.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…