Hansı təhsilin davası?

Bu əzablar, sıxıntılar nəyə görədir?

Source:

Hər il abuturiyentlərin imtahan dövründə Azərbaycanda ailələrdə böyük bir gərginlik olur, hamı həyacan içində olur. Ailə daxilində, qohumlar və qonşular arasında qızğın müzakirələr ara vermir. Valideyinlər övladlarının gələcəyini düşünür, onların yaxşı universitetdə yaxşı təhsil alması, gələcəkdə vəzifə sahibi olması arzusu ilə alışıb-yanır.

Bu söz çox deyilib, bir də mən deyim: “Azərbaycan kənardan çox gözəl amma daxildən çox eybəcər bir ölkədir.” Yəni bizi bilməyən, bizi tanımayan birisi qıraqdan oturub, bu hadisələri izləsə, düşünər ki, bu ölkədə valideyinlər uşaqlarının ali təhsil alması üçün nələr etmir ki?!

Amma hamı yaxşı bilir ki, valideyinlərin bu can yanğısı, bu sıxıntısı, bu əzabları nəyə görədir. Necə olur ki, həmin valideyinlər illərlə övladlarının məktəbdə təhsil ala bilməməsinə etiraz edə bilmir?! Onların hər şeydən xəbərsiz universitetə qəbul olması üçün adətən doqquz-onuncu sinifdən hazırlıqlara getməyinə göz yumurlar?! Niyə bu ölkədə hələ də ciddi şəkildəməktəblərin qarşısında təhsildə olan boşluqlara görə valideyinlərin etirazını görməmişik?!

Bizim ölkədə övladlar valideyinlərin kapitalı kimi xərclənir. Onlar universitetdən kəsilən övladlarına o qədər psixoloji təsir edirlər ki, hər il mütləq kəsilən abuturiyentlərin içində intihar xəbərini aldıqlarımız olur. Onlar uşaqlarına kəsildiyi üçün hər söz deməyə hazırdırlar. Məsələnin  kökündə ən əsası pul və qınaq durur. Bəli onların övladları universitet imtahanından kəsilsə qohumlar, qonşular, bir sözlə, hamının qınaq hədəfinə çevriləcək. “Oğlun avaradı”, “qızın gəzəyəndi” kimi ifadələri həzm edə bilməyəcəklər. Və özləri də illərlə hazırlıqlar üçün xərclədikləri pulu uşaqlarının başına qaxacaq. Azərbaycan ailələrinə məxsus olan bu söhbətləri heç kim dana bilməz, hər kəs bu saxtakarlığı yaxşı bilir.

Həmin valideyinlərin bir üzü  məktəb illərində uşaqları üçün heç bir ciddi etiraz etməməsindən bəlli olursa, bir üzləri də ölkənin istənilən universitetində rüşvətin bu qədər ciddi yayılmasında əks olunur. “Təki qəbul olsun, özüm oxudacam” kimi ifadələri də deyən həmin valideyilərdir.

Bilmirəm, təhsil üzərində bu qədər iyrəncliklərin olması hansı zamandan başlayıb, amma hazırda çox yayılıb. Bu iyrənclikdən qurtulmağın bir yolu var, o da valideyin hökümranlığına etiraz etməkdir. Diqqətli olsaq görərik ki, onlar övladlarının düşmənidir.

Düşünün, illərdir rüşvətxor, təhsil düşməni olan bir rejimin qurbanı olmuşuq və rejimin qarşısında susan, yalnız özlərini düşünən valideyilər bu gün övladları üçün heç nə etmədən onları ölümə sürükləyir.

Əslində isə onların istəkləri başqadır. Oğlu rüşvətlə təhsil alsın, sonra rüşvətlə bir yerə işə girsin. Qızı da onun kimi. Bütün bunlar göstərici olsun. Bu günlərdə aldığımız intihar xəbərlərini ciddi araşdırın, mütləq orada bu sadaladığım faktlar çıxacaq. Bu hadisələrin heç biri heç də əsl təhsil üçün baş vermir. Bu iyrəncliklərin kökündə valideyinlərin öz xeyirlərinə işləyən düşüncələri durur. Bu qədər gülünc və faciəvi hadisələrin baş verdiyi bir ölkədə heç vaxt ciddi təhsildən, inkişafdan söhbət gedə bilməz.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəHansı təhsilin davası?