“Hansı şirkətlərlə işləmək, müqavilə məbləğlərini Zakir Həsənov və Nəcməddin Sadıxov müəyyənləşdirirdi”

Zakir Həsənov və Nəcməddin Sadıxov. Foto: MN

Polkovnik: “4 il ərzində “Azersun Holding”dən 19.5 milyon manat geri alınıb”

Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı həbs olunan general və polkovniklərin məhkəməsi bir ilə yaxındır ki, davam edir. Bu cinayət işi üzrə həbs olunanların istintaqı birlikdə aparılsa da, məhkəməyə göndəriləndə bir neçə yerə ayrılıb. Bu səbəbdən də Müdafiə Nazirliyindəki korrupsiya ilə bağlı hazırda Bakı Hərbi Məhkəməsində bir neçə qrupda təqsirləndirilən şəxslərin məhkəmələri gedir. Eyni cinayətdən bəhs olunduğuna görə bəzən bir məhkəmə prosesində təqsirləndirilən statusunda olan şəxs digərində şahid kimi dindirilir.

Hazırda mühakimələri davam edən Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin keçmiş rəhbəri Fikrət Mirzəyev də başqa bir məhkəmə prosesində şahid qismində ifadə veriblər.

Onlar Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Bayramov, Maliyyə İdarəsinin zabiti Vüsal Əlizadənin məhkəməsində dindiriliblər.

Məhkəmə prosesində onlarla yanaşı, “HTM Holding” şirkətinin direktoru Hüseyn Əliyev, N saylı hərbi hissənin maliyyə xidmətinin rəisi işləmiş Cavidan Mirzəyev də şahid kimi ifadə verib.

General Nizami Məmmədov və onunla birlikdə mühakimə edilən daha 3 nəfərin işinə Bakı Hərbi Məhkəməsində Fikrət Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Foto: Müdafiə Nazirliyi
Foto: Müdafiə Nazirliyi

Məhkəmə iclasında əvvəl polkovnik Məlikməmməd Qurbanov dindirilib. O, 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin rəisi vəzifəsində işləyib. 2019-cu ildə polkovnik rütbəsində ordu sıralarından tərxis olunub. 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nazirlikdəki mənimsəmələrlə bağlı həyata keçirdiyi əməliyyatlar nəticəsində həbs olunub.

Məlikməmməd Qurbanov ifadəsində bildirib ki, Müdafiə naziri Zakir Həsənova tabe idi. Lakin həm nazirin, həm də işlədiyi dövrdə Baş Qərargah rəisi olan Nəcməddin Sadıxovun göstərişlərini yerinə yetirib. Onun sözlərinə görə, ərzaq, mebel, texnologiya, təmir-tikinti və s. xidmətlər üçün Müdafiə Nazirliyinin hansı şirkətlərlə işləməsi, tenderlərdə kimlərin qalib olması kimi məsələlərdə Müdafiə naziri və Baş Qərargah rəisi seçim edirdi:

“Düzdür, 12 nəfərdən ibarət tender komissiyası da fəaliyyət göstərirdi. Orada müxtəlif nazirliklərin nümayəndələri təmsil olunurdu. Komissiyanın sədri mənim müavinim idi. Lakin hansı şirkətlərlə müqavilə bağlamaq məsələsində heç vaxt komissiya və yaxud da mən təkbaşına qərar verə bilmədik. Müdafiə nazirinə, Baş Qərargah rəisinə təklifləri çatdırırdım, onlar götür-qoy eləyib, qərar verirdilər”.

Məlikməmməd Qurbanov bildirib ki, əvvəlcədən əldə olunan razılaşmaya əsasən, şirkətlər nazirlikdən onların hesabına köçürülmüş vəsaitin müəyyən faizini nağdlaşdırıb geri qaytarırdılar. Onun sözlərinə görə, idarə rəisi olduğu müddətdə şirkətlərdən 19 milyon 500 min manat pul geri alınıb. Həmin pulları da aparıb Nəcməddin Sadıxova çatdırıb. O əlavə edib ki, bu şəkildə işlədikləri əsas şirkət “Azersun Holding” olub.

General Nizami Məmmədova həm də satınalmalar zamanı bu cür qiymət şişitrməsi yoluyla milyonlarla vəsaitin mənimsənilməsi haqda ittiham irəli sürülüb.

“Azersun Holding”. Foto: “azersun.com”

Şahid Məlikməmməd Qurbanov isə bildirib ki, satınalmalar prosesində, o cümlədən hansı şirkətlərin seçilməsi, müqavilə məbləğlərinin müəyyənləşdirilməsində Nizami Məmmədovun heç bir rolu olmayıb. Lakin onu da deyib ki, şirkətlərdən geri alınan pullardan 800 min Nizami Məmmədova çatdırıb. Daha doğrusu, həmin vəsaiti Nəcməddin Sadıxov onun vasitəsilə Nizami Məmmədova göndərib:

“O vəzifədə işlədiyim dövrdə 2 dəfə Nizami Məmmədova pul vermişəm. Nəcməddin Sadıxov mənə 2018-ci ildə 300 min, 2019-cu ildə isə 500 min manat pul verdi ki, aparıb Nizami Məmmədova çatdırım. Mən də aparıb çatdırdım”.

Nizami Məmmədov özü də şirkətlərin seçimi, onlarla bağlanan müqavilələrə heç vaxt qoşulmadığını bildirib. O deyir ki, satınalmalar prosesində korrupsiya ilə bağlı ona ittiham verildiyini biləndə çox təəccüblənib. Çünki bu prosesdə qətiyyən iştirakı olmayıb. Onun sözlərinə görə, şirkətin qalib elan olunması, qiymətlər müəyyənləşdiriləndən sonra lap axırda müqavilələr Maliyyə və Büdcə İdarəsinə gəlirdi. Onlara da sadəcə, həmin müqavilələri təsdiqləyib, pulu şirkətlərin hesabına köçürmək qalırdı.

Lakin “Azersun Holding”in nümayəndəsi istintaqda şahid qismində dindirilərkən Nizami Məmmədovun əleyhinə ifadə verib, onunla görüşdüyünü və ona pul verdiyini deyib. Nizami Məmmədov bunun yalan olduğunu bildirir:

“Gəlib burada üzümə desin…”.

Təqsirləndirilən general Məlikməmməd Qurbanovun ona gətirib 800 min manat pul verməsi barədə dediklərini də qəbul etməyib, belə bir hadisənin baş vermədiyini vurğulayıb:

“Nəcməddin Sadıxov məndən çəkinmirdi ki… Niyə mənə pul göndərməliydi?!”.

Nizami Məmmədovun vəkili Məlikməmməd Qurbanova bir neçə sual versə də, o, cavablandırmaqdan imtina edib. Məsələn, vəkilin suallarından biri bu olub ki, şirkətlərin qaytardığı vəsaitlərdən ona nə qədər çatıb?

Bakı Hərbi Məhkəməsi. Foto: Meydan TV

Daha sonra hərbi hissələrdən birinin maliyyə xidmətinin rəisi olmuş Cavidan Mirzəyev dindirilib. O, 2017-2021-ci illərdə bu vəzifədə çalışıb. Cinayət işinin materiallarına əsasən, bu şahidin özünün də üzərində 45 min manat mənimsəmə var. Cavidan Mirzəyev bunu təsdiqləyib və əlavə edib ki, bu məbləği istintaq zamanı tam şəkildə ödəyib.

Məhkəmədə “HTM Holding” MMC-nin direktoru Hüseyn Əliyev dindiriləndə aydınlaşıb ki, bu şirkətlə bir neçə hərbi hissədə təmir, abadlaşdırma işlərinə görə 670 min manatlıq müqavilə bağlansa da, bu pulun 88 faizi geri alınıb:

“Fikrət Mirzəyev (Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi) dedi ki, görüləsi işləri biz artıq gördürmüşük.Bu şirkət isə tenderin qalibi olduğuna görə vəsait də onun hesabına köçürülməlidir. Mən öz xərclərimizə görə ümumi məbləğin 12 faizini istədim. Razılaşdıq. 670 min bir neçə dəfəyə köçürüldü. Ümumi məbləğin 12 faizini götürüb, qalanını Fikrət Mirzəyevə qaytardım”.

Hüseyn Əliyev əlavə edib ki, tenderə qoşulanda sonradan qarşı tərəfin bu cür davranacağını bilmirdi. Hesab edirilər ki, tam şəkildə işlərini görüb, pullarını da alacaqlar.

Hüseyn Əliyevdən sonra Fikrət Mirzəyevin özü də şahid qismində ifadə verib. O, deyilənləri təsdiqləyib. Köçürülmüş məbləğin 88 faizinin geri alınmasına gəlincə, belə izah edib ki, iki hərbi hissədə təcili şəkildə təmir-tikinti, abadlaşdırma işləri görülməliydi. Nəcməddin Sadıqov göstəriş vermişdi ki, bu iş qısa müddətdə yerinə yetirilsin. Bu səbəbdən həmin işləri qeyri-rəsmi şəkildə başqa bir şirkətə həvalə ediblər. Tenderdə “HTM Holding” qalib olduğuna görə məcbur olub, pulu onların hesabına köçürüblər. Sonra isə onlardan nağd şəkildə geri alıb, işi görənlərə veriblər.

Fikrət Mirzəyev ifadəsində onu da bildirib ki, rəhbərlik etdiyi idarə Müdafiə Nazirliyinin tabeliyində olan qurumlarda təmir-tikinti işlərilə məşğul idi. Onun sözlərinə görə, Müdafiə Nazirliyi bu işləri həyata keçirmək üçün konkret şirkətlərlə əməkdaşlıq edirdi. Həmin şirkətlər də tenderlərin qalibi olurdu. Onların hesabına köçürülən ümumi pulun 18 faizi geri qayıdırdı. Fikrət Mirzəyevin dediyinə görə, bu 18 faizin də 15-i Baş Qərargah rəisinə, 3-ü Maliyyə və Büdcə İdarəsinin rəisinə çatırdı.

O bildirib ki, Nizami Məmmədova 2018-ci ildə 152 min, 2019-cu ildə 163 min, 2020-ci ildə isə 54 min manat (ümumilikdə 369 min) pul gətirib verib.

Dediyinə görə, şirkətlərdən geri alınan puldan onun özünə ümumilikdə 111 min manat çatıb:

“Mənim özümə şəxsən Nəcməddin Sadıxov verirdi. 4 il rəis olduğum müddətdə mənə cəmi 111 min manat pul verib”.

O, istintaqdakı ifadəsində 4 il ərzində Nəcməddin Sadıxova 2,9 milyon manat, Nizami Məmmədova isə 369 min manat pul verdiyini bildirib.

Təqsirləndirilən Nizami Məmmədov isə ondan 369 min manat alması barədə şahidin dediklərini təkzib edib.

Nizami Məmmədovun vəkili də şahid Fikrət Mirzəyevə bu məsələ ilə bağlı suallar versə də, o, cavablandırmaqdan imtina edib.

“Fikrət Mirzəyev istintaqda mənə etiraf elədi ki, adımı məcburiyyətdən çəkib. Hətta öz vəkili vasitəsilə pul göndərmişdi. İstəyirdi ki, mənimlə bağlı yalan ifadə verdiyi məbləği öz adımdan ziyanın ödənilməsi kimi ödəyim. Mən razılaşmadım. Çünki bu ittiham əsassızdır”, – təqsirləndirilən general Nizami Məmmədov bildirib.

Nizami Məmmədov və daha 3 nəfərin məhkəməsi mayın 3-də davam edəcək.

Ana səhifəSiyasət“Hansı şirkətlərlə işləmək, müqavilə məbləğlərini Zakir Həsənov və Nəcməddin Sadıxov müəyyənləşdirirdi”