Jurnalistləri Müdafiə Komitəsi Qlobal Cəzasızlıq İndeksini açıqlayıb
Jurnalistlərin qatilləri on il və daha uzun müddətə cəzasız qalırlar. Jurnalistləri Müdafiə Komitəsi (CPJ) 10-cu Qlobal Cəzasızlıq
İndeksini
açıqlayıb. İndeksdə jurnalistlərin öldürüldüyü və onların qatillərinin azadlıqda gəzdiyi ölkələr sıralanır. (Tərcümə: AzadlıqRadiosu)
İndeks on ildir ki, hazırlanır. Yeddi ölkənin adı hər il bu siyahıya salınır. Somali bununla üçüncü ildir ki, açılmamış cinayətlərə görə öndə gedir.
2008-ci ildən bəri ilk dəfədir ki, Əfqanıstan siyahıdan çıxıb. Bu ölkədə təhlükəsizlik şəraiti sabit olmasa da, jurnalistlərin hədəfli öldürülməsi azalıb. Əvəzində ölkədə daha genişmiqyaslı zorakılıqlar artıb, mayda 150 nəfərin ölümüylə nəticələnmiş hücumda bir jurnalist də həlak oldu.
Noyabrın 2-də Jurnalistlərə qarşı Cinayətlərdə Cəzasızlıqla Beynəlxalq Mübarizə günü qeyd olunur.
CPJ 2007-ci il sentyabrın 1-dən bu il avqustun 31-dək olan müddətə ayrı-ayrı ölkələrdə jurnalist qətllərini təhlil edib. İndeksə bu müddət ərzində beş və daha artıq cinayət törədilmiş və cinayətkarların tapılmadığı ölkələr salınıb.
Ötən il indeksə 13, bu il 12 ölkə salınıb.
İndeksə salınmış beş ölkədə son bir ildə qətllər törədilib.
Qurum qeyd edir ki, İslam Dövləti və digər ekstremist qruplaşmalar qətl hallarının üçdə birinə görə məsuliyyət daşıyırlar. Qətllərin 25 faizində əsas şübhəlilər hökumət və ordu rəsmiləridir.
Qətl qurbanlarının 93 faizi yerli jurnalistlərdir. Onların çoxu öz ölkələrində siyasətdən, korrupsiyadan yazır.
Cinayət hallarının azı 40 faizində qurbanlar ölüm təhdidləri alıblar.
Qətllərin yalnız 4 faizində ədalət mühakiməsi tam təmin edilib.
Cəzasızlıq İndeksinə salınmış ölkələr bunlardır:
Somali
Suriya
İraq
Cənubi Sudan
Filippin
Meksika
Pakistan
Braziliya
Rusiya
Banqladeş
Nigeriya
Hindistan
Azərbaycanda 2005-ci ildə jurnalist Elmar Hüseynov qətlə yetirilib. Qətli törədənlər hələ də azadlıqdadır. İki il öncə öldürülmüş jurnalist Rasim Əliyevin qətlində bir neçə nəfərə uzunmüddətli həbs cəzaları verilsə də, həm zərərçəkənlər, həm də təqsirləndirilənlər hökmdən narazı qalıb, işin tam araşdırılmadığını bildiriblər.