İş adamı həm də 1 milyon 438 min 925 manatlıq vergidən yayınmaqda ittiham olunur
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, avqustda həbs olunub, bir ay saxlandıqdan sonra ev dustaqlığına buraxılan Sahib İbrahimova verilən ittihamların mahiyyəti bəlli olub. Paytaxtda hündürmərtəbəli binaların tikintisini həyata keçirən “STS”, “Sahil-D Company”, “Galaxy Palace” kimi şirkətlərə rəhbərlik etmiş 47 yaşlı S.İbrahimova verilən ittihamların bir hissəsi eyni mənzillərin müxtəlif şəxslərə satılmasıyla bağlıdır. Lakin başqa ittihamlar da var.
S.İbrahimov bir neçə il əvvəl Bakının Nərimanov rayonu, Teymur Əliyev küçəsində 2 milyon 600 min dollara villa alıb. 500 dolları nəğd şəkildə ödəyib, 1 milyon 100 minin əvəzində Nəsimi rayonunda üç mənzil verib. 1 milyon borclu qalıb. Razılaşıblar ki, onun da əvəzində villa sahibinin dörd övladının hər birinə bir mənzil versin. İki bacı və iki qardaşın hərəsinin adına bir mənzilin satışı barədə müqavilə də tərtib olunub. Bir müddət sonra onlar araşdırıb üzə çıxarıblar ki, müqavilələr saxtadır, həmin mənzillər çoxdan başqalarına satılıb. Hazırda həmin şəxslər də S.İbrahimov haqqında cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.
S.İbrahimova qarşı irəli sürülə ittihamlardan biri də Səttar Bəhlulzadə 14 ünvanında (Xutor yaxınlığında) müəmmalı şəkildə sökülən 16 mərtəbəli bina ilə bağlıdır. Cinayət işinin materiallarına əsasən, o bina dövlət ehtiyacları üçün sökülüb, əvəzi də ödənilib. Lakin S.İbrahimov həmin binada mənzil almış vətəndaşların pulunu ödəməyib. Onlara inşa etdirdiyi başqa binalardan ev veriləcəyini vəd etsə də, yerinə yetirməyib. Mənzil sahibi olmaq istəyən vətəndaşlardan Qurban Rüstəmovun 42 min, Sədaqət Əsədullayevin 75 min 500, İlqar Quliyevin 81 min, Etibar Allahverdiyevin 162 min 400, Mübariz Kazımovun 96 min 400, Həlimə Ocaqverdiyevanın 58 min 400, Habil Süleymanovun 178 min, Ayxan Budaqovun 130 min, Elnur Nuriyevin 94 min 200, Ramiz Mürsəliyevin 91 min 350, Gülnar Alıyevanın 350 min, İsmayıl Cəfərovun 126 min, Zaur Mustafayevin 202 min dolları mənimsənilib. Zərərçəkənlərin sayı təkcə adları çəkilən şəxslərlə məhdudlaşmır.
S.İbrahimov həm də rəhbərlik etdiyi “Galaxy Palace” MMC vasitəsilə Həsən Əliyev küçəsində lisenziya almadan hündürmərtəbəli bina inşa edib, oradakı mənzilləri və qeyri-yaşayış sahələrini satıb, qanunsuz sahibkarlıqla məşğul olmaqda ittiham edilir. Həmin bina Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin layihəsi əsasında tikilsə də, xüsusi icazə – lisenziya olmayıb.
Bütün bunlarla yanaşı, S.İbrahimov 2012-2014-cü illər ərzində 1 milyon 438 min 925 manatlıq vergidən yayınmaqda ittiham olunur.
S.İbrahimov həm də “Xəzər adaları” layihəsilə məşhur olan iş adamı İbrahim Nehrəmlinin qardaşıdır. Onların daha bir qardaşı Tağı İbrahimov “Azad Azərbaycan” telekanalının (ATV) rəhbəri idi.