Hansı hallarda referendum keçirilə bilər? – cavab veririk #7

Referendum nədir, niyə keçirilir, hansı hallarda keçirilə bilməz suallarına cavab veririk.

Source:



Referendum nədir, niyə keçirilir, hansı hallarda keçirilə bilməz suallarına cavab veririk.

Bəzi ölkələrdə plebisit adlanan referendum ÜMUMXALQ SƏSVERMƏSİ deməkdir. Keçirilmə səbəbindən asılı olaraq referendum Konstitusiyanın qəbulu, yaxud da ona hər hansısa dəyişiklik edilməsi ilə nəticələnə bilər.  Azərbaycanda sonuncu dəfə referendum 2009-cu il martın 18-də keçirilib. Həmin referendumda Konstitusiyaya 29 əlavə və dəyişiklik təklif olunub və bunların hamısı 80%-dən çox səs toplayaraq qəbul olunub.

Konstitusiyaya görə, Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər və bu seçki gizli səsvermə ilə keçirilir. Yalnız iki halda MÜTLƏQ REFERENDUM KEÇİRİLMƏLİDİR – KONSTİTUSİYANIN QƏBULU və ona DƏYİŞİKLİKLƏR; DÖVLƏT SƏRHƏDLƏRİNİN DƏYİŞDİRİLMƏSİ.

Konstitusiyaya görə, əgər ölkədə hərbi, yaxud fövqəladə vəziyyət elan olunubsa, bu vəziyyət bitdikdən sonra üç ay ərzində referendum təyin edilə və keçirilə bilməz. Hərbi, yaxud fövqəladə vəziyyət elan olunduqdan sonra referenduma çıxarılmış məsələnin müzakirəsi dayandırılmalı və başqa vaxta təxirə salınmalıdır.

Referendum keçirilib və onun nəticələri artıq dərc olunubsa, həmin gündən etibarən 1 il ərzində eyni məsələ ilə bağlı yenidən referendum keçirmək olmaz. Eyni zamanda vergilər, dövlət büdcəsi, amnistiya, vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi üçün də referendum təyin oluna bilməz.

Ölkədə referendum keçirilməsini yalnız Milli Məclis, və ya ölkə prezidenti təyin edə bilər. Milli Məclis və ya ölkə prezidentinin təklif etdiyi referendum layihəsi əvvəlcə Konstitusiya Məhkəməsinə göndərilir və həmin məhkəmənin rəyi alınır. Qanunvericiliyə görə, Milli Məclis, yaxud da ölkə başçısının təyin etdiyi vaxtdan 2 aydan tez və 4 aydan gec olmayaraq referendum keçirilir.

Referendum mərkəzi seçki komissiyası tərəfindən keçirilir və bu seçki dövlət büdcəsindən maliyyələşir. Referenduma çıxarılan məsələlərin lehinə və əleyhinə seçki gününə 24 saat qalmışa qədər təşviqat kampaniyası aparıla bilər. Vətəndaşlar, siyasi partiyalar, həmkarlar ittifaqları və digər ictimai birliklər bu hüquqa malikdir.

Referendumun əsas əhəmiyyəti ölkə Konstitusiyasına edilə biləcək hər hansısa əlavə və ya dəyişikliyə, yaxud da birbaşa Konstitusiyanın qəbul olunmasına səsvermə hüququ olan hər bir vətəndaşın öz rəyini verə bilməsidir. 18 yaşı tamam olub səsvermə hüququ qazanan hər kəs referendumdan öncə təklif olunan əlavə və dəyişikliklərlə tanış olub, səsvermə zamanı öz vətəndaş mövqeyini ortaya qoya, həmin əlavə və ya dəyişiklikləri qəbul edib-etmədiyini bildirə bilər. Bu, Konstitusiyanın Azərbaycan vətəndaşlarına verdiyi səsvermə hüququdur.

Ana səhifəXəbərlərHansı hallarda referendum keçirilə bilər? – cavab veririk #7