Hansı dustaqlar komfortlu maşınlarda aparılır?

Penitensiar Xidmətin konvoy taborunun komandiri məhkəmədə bu barədə danışır

Source:


Penitensiar Xidmətin konvoy taborunun komandiri məhkəmədə bu barədə danışır

Penitensiar Xidmətin konvoy taborunun komandiri, 2017-ci ilin oktyabrında iki dustağın qatardan qaçmasına görə həbs olunmuş Bəhruz Abdullayev, müğənni Fədayə Laçın və daha 11 nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsində prosesi davam edir.

Avqustun 19-da təqsirləndirilən polkovnik-leytenant B.Abdullayev ifadə verib. O bildirib ki, qaçan iki dustaqdan biri – “Qoca” ləqəbli Etibar Məmmədov Bakıdan Lənkəran Ağır Cinayətlər Məhkəməsinə aparılarkən həmin qatara müğənni Fədayə Laçının buraxılmasına göstəriş verməsi barədə deyilənlər həqiqətə uyğun deyil.


Ötən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən qarovul rəisi olmuş

Ceyhun Səmədov

bildirmişdi ki, Fədayə Laçın vağzalda ona müraciət edərək, qatarda “Qoca” ilə görüşməsini istəyib. Lakin o, icazə verməyib. Daha sonra müğənni telefonla kiminləsə danışıb, telefonu ona uzadanda isə rəisinin səsini eşidib. Rəisi ona Fədayə ilə “Qoca”nın görüşünə icazə verməsini istəyib. Bir qədər sonra qatarda bir daha rəisi B.Abdullayevlə danışıb, yenə ona deyilib ki, onların görüşünə şərait yaradılsın.

“Mən Fədayə xanımı ancaq televizorda görmüşəm. Heç vaxt toyda-filanda görməmişəm, nə də ki, danışmamışam. Onunla heç bir əlaqəm olmayıb”, – deyə B.Abdullayev bildirib.

Qarovul rəisi Ceyhun Səmədov isə bu məsələ ilə bağlı ona verilən sualı belə cavablandırıb: “Dolu bədənli bir nəfər vaqonun qapısını döyüb məni çağırdı. Telefonla komandirimə zəng eləmişdi. Komandirim mənə dedi ki, “orada imkan yarat, görüşsünlər”.

Vaqondakı həmin şəxsin Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı olduğu bildirilsə də, onun kimliyi açıqlanmayıb.

Daha sonra məhkəmədə polkovnikin dindirməsi davam etdirilib. Digər əməliyyatçılar prosesdə iştirak etməyib.

O, bildirib ki, dustaqlarla və ya onların yaxınları ilə heç vaxt telefonla əlaqə saxlamayıb. 21 il ancaq konvoyda işlədiyini deyən B.Abdullayevin sözlərinə görə, o, leytenant rütbəsindən polkovnikə qədər öz zəhməti, düzgün işləməsi sayəsində yüksəlib:

“Hadisədən bir müddət əvvəl qarovul rəisi zəng edib demişdi ki, Məmmədov Etibarı Lənkəran polisi saxlamağa qəbul etməyib. Etibara görə hakim Asim

Hacıyevlə danışdım, çox xahiş etdim ki, bu məsələni həll etsin. Sonra Asim müəllim dedi ki, həll etdim, Astara qəbul edəcək”.

Tabor rəisi bildirib ki, o gündən sonra hadisəyə qədər bu dustaqlarla bağlı ona nə zəng olmayıb, nə də məruzə. Polkovnik onu da qeyd edib ki, “Qoca”ya nifrət edirdi. Səbəbi barədə də danışıb:

“Çünki 1996-cı ildə xidmət etdiyim yerdə əməkdaşımızı “şnurla” boğub öldürüb, qaçmışdı. Həmişə şəxsi heyətə də deyirdim ki, dustaq qaçsa sizi tutacaqlar, məni işdən çıxaracaqlar. Çünki özümün həbs ediləcəyim ağlıma gəlməmişdi. Bundan əvvəl belə hallar olanda rəisi sadəcə işdən çıxarırdılar”.

B.Abdullayev hadisə günü haqda da danışıb:

“Səhər tezdən 7-yə işləmiş qarovul rəisi Ceyhun Səmədov mənə zəng elədi, dedi ki, “dustaq qaçıb”. Sonra əməliyyat rejimi rəisinə məlumat verdim və vaqonparka getdim”.

Onun sözlərinə görə, Ceyhun özündə deyildi, danışa bilmirdi. B.Abdullayev deyib ki, vaqona baxıb, pəncərə 20 santimetr açıq idi.

“Orada özümü saxlaya bilmədim, Fuadla Elvinə sillə vurdum. Biraz sonra rəhbərlik gəldi, həbsdə olan şəxsləri maşınlara yığdılar. Qarovul heyətinin silahları alınıb, özləri baş idarəyə aparıldı”.

O, bildirib ki, səhərisi gün Baş Prokurorluğa çağırılıb, şahid kimi ifadə verib.

Onun sözlərinə görə, bir gün sonra nazir müavini qəbuluna çağırıb xidmətdən xaric edildiyini bildirib.

“Həmin gündən həbs edilənə kimi olanları ancaq mətbuatdan izləmişəm”.

B.Abdullayev tabeliyində çalışan əməkdaşlar üçün ayrılan ezamiyyə pullarının yarısını mənimsəməkdə, dustaqların komfortlu avtomobillə daşınması, xüsusi görüşlərin verilməsi üçün onlardan pul almasında da ittiham edilir.

O, ifadə verərkən bu ittihamı qəbul etməyib. Onun istintaqa ilkin ifadəsi elan edilib. Məlum olub ki, həmin ifadədə pulların mənimsənilməsi, dustaqlardan rüşvət alınmasıyla bağlı etiraf xarakterli fikirlər var. Təqsirləndirilən polkovnik-leytenant belə ifadə vermədiyini bildirib. Qeyd edib ki, bu ifadəyə imza atarkən heç Etibar Məmmədov tutulmamışdı:

“İşçilərim həbsdə idi. Özümdə deyildim. Məni beş saat bir otaqda qapını bağlayıb saxladılar. Sonra eynəkli bir vəkil gəlib kağız uzatdı ki, tez bunu imzala, gedirik Nəsimi məhkəməsinə. Mən də imzaladım”.

Məhkəmədə həmçinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Hətəm Əliyev zərərçəkmiş qismində dindirilib. O bildirib ki, “Qoca”nın saxlanması zamanı keçirilən əməliyyatda iştirak edib. Polis əməkdaşı xəsarət almadığını qeyd edib. Onun sözlərinə görə, Etibarın da silahı olub, atəş açıb, lakin özünü bıçaqla vurub.

H.Əliyev bildirib ki, E.Məmmədov qarın nahiyəsindən özünə iki bıçaq zərbəsi vurub, sonra bıçağı onun əlindən alıblar.

“Burdakı təqsirləndirilən şəxslərə qarşı şikayətim, tələbim yoxdur”, – polis əməkdaşı bildirib.

Vəkil Eynulla Vəliyev məhkəmədə vəsatət qaldırıb ki, polis əməkdaşlarının zərərçəkmiş statusuna xitam verilsin. Vəsatət baxılmamış saxlanılıb.

Məhkəmə prosesi avqustun 27-də davam etdiriləcək.

Ötən il oktyabrın 22-dən 23-nə keçən gecə dustaqlar Etibar Məmmədov və Əli Ağaminin qaçmasına görə ümumilikdə 13 nəfər təqsirləndirilən var. Qaçan dustaqlardan Əli Ağami də onların sırasındadır. Digər təqsirləndirilənlər isə B.Abdullayev, Fədai Laçın, qarovul rəisi Ceyhun Səmədov, onun müavinləri Fuad Hacıyev, Tural Poladxanov, E.Məmmədovla münasibəti olmuş Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.

Bu hadisəyə görə daha bir nəfər axtarışdadır. İttiham aktına əsasən, 7 nəfər (Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov) zərərçəkmiş şəxs qismində tanınır.

Onlar E.Məmmədovun yerinin müəyyənləşdirilib onun tutulması üçün keçirilən əməliyyatda iştirak ediblər. Şirvan şəhərində 2015-ci ildə iki nəfərin ölümünə görə ittiham olunan Əli Ağami və Etibar Məmmədova dövlət ittihamçısı məhkəmədə 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi.

Bundan sonra məhkəmədən Bakıya qaytarılarkən onlar səhərə yaxın Biləcəri dəmiryol stansiyasında qatardan qaçmışdılar. 29 yaşlı Əli Ağami hadisədən üç gün sonra elə Şirvan şəhərində saxlanıldı. Rəsmi məlumatda deyilir ki, E.Məmmədov onun tutulması üçün keçirilən əməliyyat zamanı müqavimət göstərdiyi üçün öldürülüb.

Ana səhifəXəbərlərHansı dustaqlar komfortlu maşınlarda aparılır?