Vidadi Əmrullah oğlu 33 ildir Mərdəkan qalasında sadəcə bələdçi yox, həm də bu tarixi binanın qayğısına qalan adamdır. Qalanın bütün işlərinə özü baxır. Öz dili ilə deyilsə, “Həm qalabəyidir, həm mühafizəçi, həm də bələdçi”.
Mərdəkanda ona “baba” deyirlər. Evi də düz qalanın yanındadır. Dediyinə görə, uşaqlığından gözü bu qalaya alışıb. İki övadı olan Vidadı baba qalanı da üçüncü övladı sayır. Tarixçi olan Vidadi Əmrullah qalaya gəzməyə gələnlərə ətraflı məlumat verir və hər tərəfini gəzdirir. Qalaya gələn turistlərlə adətən rusca danışır. İngiliscə danışan turistlərlə çətinliyi olsa da, oğlundan öyrəndiyi bəzi sözlərlə izah etməyə çalışır. Vidadi Əmrullah deyir ki, bu qalanı hamı görür, amma heç kim tanımır.
Deyir ki, həmin turistlərə Qarabağ münaqişəsi haqqında da məlumat verir. Düşünür ki, münaqişənin həll olunmasında öz üzərinə düşən borcu beləcə yerinə yetirmiş olur. Onu da deyir ki, siyasətdən danışdığına görə ondan şikayət edənlər də tapılıb.