Eldar Həsənov

Mənbə: Meydan.TV

Başlıq: Eldar Həsənov

"Hamının bildiyi şöbə müdiri xəbər göndərib ki, Eldarın oradan cəsədi çıxacaq"

Məhkəmədə Eldar Həsənovun vəziyyəti yenə pisləşib

1995-2000-ci illərdə Baş prokuror, 2001-2020-ci illərdə müxtəlif ölkələrdə səfir olmuş Eldar Həsənovun məhkəməsi sentyabrın 17-də davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən məhkəmə iclasında Eldar Həsənov ötən dəfədən yarımçıq qalan ifadəsini davam etdirib. O bildirib ki, son günlər səhhətindəki problemlər daha da kəskinləşib. Buna baxmayaraq, onu xəstəxanaya köçürmürlər:

"Son 4 gündür səhhətim çox pisdir, kritikdir. Həkimlər də bildirir ki, mənim stasionar müalicəyə ehtiyacım var. Deyirlər ki, məhkəmə prosesin keçirilməsini, mənim məhkəməyə gətirilməyimi təkid edir. Belə insani münasibət olmaz. Qərəzi də bu səviyyədə yürütməzlər".

Hakim bildirib ki, Eldar Həsənovun xəstəxanaya köçürülməsi üçün ekspertiza rəyi olmalıdır:

"Eldar müəllim, uzun müddət hüquq sistemində yüksək vəzifələrdə işləmisiniz. Bilirsiniz ki, sizin xəstəxanaya köçürülməyiniz üçün məhkəməyə tibb ekspertizasının rəyi lazımdı. Bu rəy isə yoxdur. Ona görə də sizin xəstəxanaya köçürülməyiniz mümkün deyil. Vacib deyil ki, sizin məhkəməniz günün sonuna qədər keçirilsin. Nə qədər imkanınız çatır, o qədər keçirərik prosesləri. Amma siz məhkəmədə olmalısınız..."

Eldar Həsənov buna cavab olaraq bildirib ki, ekspertlər onu müayinə etmədən həbsdə saxlanmasının həyatına təhlükə yaratmaması haqda rəy veriblər:

"Mən ekspertizanın hərəkətlərini gördüm. Təcridxanada ekspertizanın həkimləri gəldi, mənim xəstəliyimi, qəbul etdiyim dərmanların adını bilmədiyi halda, kənardan baxıb getdilər. Guya xəstəliyi öyrənib qayıdacaqdılar. Bir saat 5 dəqiqə vəkilim Adəm Məmmədovla ekspertizanı gözləmişik. Axırda nəzarətçilər gəlib dedi ki,ekspertiza gəlməyəcək. Sonda da rəy verdilər ki, Eldar Həsənovun təcridxanada qalmasına etiraz etmirik. Mən ekspertizadan nə gözləyim? Mən istintaqın da, ekspertizanın da işini, qərəzini görürəm. Məhkəmədən də heç bir ədalət və obyektivlik gözləmirəm. Amma möhtərəm hakim, ədalətinizi və vicdanınızı itirməyin. Hamınızın bildiyi şöbə müdiri xəbər göndərib ki, Eldarın ordan cəsədi çıxacaq. Bundan sonra sizdən nə gözləyim? Sizin hansı tapşırıq aldığınızı da bilirəm..."

Hakim Əfqan Hacıyev deyib ki, məhkəmə sifarişlə işləmir.

Daha sonra Eldar Həsənov səfirlik üçün bina alınmasıyla bağlı ona verilən ittihamlardan danışıb: "Heç bir obyektin alınmasında müqaviləni səfirlik hazırlanmayıb. Müqaviləni əmlak şirkəti hazırlayıb, əmlak sahibi ilə razılaşdırıb, Azərbaycan Xarici İşlər Nazirliyinə göndərib, nazirlik də təsdiqləyib. Orada nə mənim, nə də səfirliyin hər hansı əməkdaşının imzası var. Müqavilə təsdiqlənəndən sonra gətirib deyiblər ki, bu qədər pul bu adama verilsin, bu qədər pul da hesaba köçürülsün. Amma müstəntiq nə pul köçürülən şirkəti araşdırıb, nə də pulu kimin köçürdüyünü. Niyə araşdırmırlar? Əmlak sahibi ifadəsində də göstərib ki, əmlakın dəyəri müqavilədə göstərilən qədər tam ödənilib. İndi əmlak sahibi vergidən yayınmaq üçün belə razılaşıb, niyə Eldar Həsənov günahkar olmalıdır?"

Sarayevodakı obyektin alınmasına toxunan keçmiş səfir bildirib ki, istintaq xəzinədarı dindirəndə ondan əmlak sahibi və Eldar Həsənovla üçlükdə görüşüb əmlakın qiymətini müzakirə etməsi haqda soruşub. Xəzinədar isə cavabında deyib ki, mən nə əmlak sahibini, nə də Eldar Həsənovu görmüşəm. Amma müstəntiq ittihamda yazıb ki, Eldar Həsənov əmlak sahibi ilə görüşüb sövdələşib. Hansı əsasla yazıb bunu? Hamı bilir ki, səfirin layihələrə ayrılan vəsaitlərə müdaxilə etmək ixtiyarı yox idi. Bunun üçün nəzarət komissiyası var və nəzarəti də o komissiya həyata keçirir. Lap istintaq hansısa layihədə yeyinti olması qənaətinə gəlibsə, niyə araşdırmır ki, bu layihə kimin vasitəsilə, kimin nəzarətilə həyata keçirilib, pulu kim mənimsəyib? Buna görə mən niyə cavab verməliyəm?"

Eldar Həsənov vurğulayıb ki, Xarici İşlər Nazirliyi layihənin kim tərəfindən icra olunduğunu, pulun kimə ayrıldığını açıq şəkildə yazıb göndərib: "Müstəntiq niyə layihəyə nəzarət edən adamı mənimlə əlaqələndirir? Həmin şəxs mənə tabe olmayıb axı. Kimsə layihəyə dəyişiklik edibsə, saxtakarlığa yol veribsə, mən niyə günahkar olmalıyam?"

Keçmiş səfir əlavə edib ki, istintaq dövründə istər ölkədə, istərsə də xaricdə xeyli insan dindirilib. Onların arasında bir nəfər də Eldar Həsənovu tanıdığını, onunla görüşdüyünü deməyib: “Hətta türk şirkətinin nümayəndəsi ifadəsində mənim adımı Eldar Hüseynov yazıb, müstəntiq də ittihama elə köçürüb. Heç kim mənim əleyhimə ifadə vermədiyi halda, müstəntiq bu rəqəmləri hardan tapıb? Mənim müstəntiqə yazığım gəlir. Layihələrin heç birinin icraçısı səfirlik deyil. Səfirlik bu prosesdə poçtalyon rolunu oynayır. Avropada belə araşdırma aparılsa, Avropa dağılar..."

Eldar Həsənovun vəkili onun haqqında həbs qətimkan tədbirinin barəsində olan həbs ev dustaqlığıyla əvəzlənməsi haqda vəsatət qaldırıb. Lakin vəsatət təmin edilməyib.

Daha sonra Eldar Həsənovun durumu pisləşib, məhkəməyə təcili yardım çağrılıb. Həkimlər onun təzyiqinin kəskin yüksəldiyini bildirib. Sabiq səfir xərəkdə uzandırılaraq, oksigen balonu qoşulub. Həkimlər bu vəziyyətdə məhkəmədə iştirakının mümkün olmayacağını deyib. Bu səbəbdən məhkəmə sentyabrın 20-nə qədər təxirə salınıb.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Keçmiş səfir bu ittihamları qəbul etmir, özünü təqsirli bilmir: “Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/06xnl2

Ən çox baxılan