“Hamilə qadını aparıb polis şöbəsində təzyiq ediblər ki, yoldaşımın üzünə dursun…”

Bərdə Rayon Polis Şöbəsi. Mənbə: DİN

Şəbnəm Bədəlova: “Bizə deyirlər, Bərdədə şöbədədi, amma Bakıya – “banditizmə” gətirib, orada ona günlərlə işgəncə verirlərmiş…”

Bərdə rayonunun Piyadalar kənd sakini Şəbnəm Bədəlova həyat yoldaşının polis idarəsində işgəncə altında olduğunu deyir. Onun sözlərinə görə, kənddə 6 il öncə baş vermiş və üstü açılmayan ölüm işini Hüseyn Hüseynovun boynuna qoymaqdan ötrü işgəncə də daxil olmaqla, müxtəlif təzyiq vasitələrindən istifadə olunur.

“Məcbur edirlər, desin ki, guya cinayət törətdiyini bilib, ona görə nişanı qaytarıb…”

“Yoldaşım vaxtilə başqasıyla nişanlı olub. Hazırda ailəli və hamilə vəziyyətdə olan həmin xanımı polis şöbəsinə aparıb təzyiq ediblər ki, yoldaşımın üzünə dursun. Məcbur edirlər, desin ki, guya həmin vaxt yoldaşımın cinayət törətdiyini bilib, buna görə ondan ayrılıb. O da deyib ki, axı belə bir şey olmayıb, necə yalan danışım? Yenə də əl çəkmirlər…”, – Şəbnəm Bədəlova Meydan TV-yə danışır.

“Dönər yediyi yerdə aparıb, adını da qoyublar, guya polisə müqavimət göstərirdi”

28 yaşlı Hüseyn Hüseynov hazırda həbsdədir. Avqustun 26-da Bərdə Rayon Məhkəməsinin qərarıyla 30 sutkalıq inzibati həbs qərarı çıxarılıb. İddia olunub ki. o, Bərdə şəhərində küçədə gedərkən telefonla danışa-danışa söyüş söyüb, onu intizama dəvət edən polis əməkdaşlarına müqavimət göstərib:
“Əslində isə mənim yoldaşımı dönər yediyi yerdə polislər götürüb aparıblar. Adını da qoyublar, söyüş söyürdü, polisə müqavimət göstərirdi. Bərdə Rayon Məhkəməsindən 30 sutkalıq həbs qərarını alandan sonra birbaşa Bakıya – “banditizm”ə (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red.) aparıblar. Onun Bakıda olmasını bir həftə sonra bilmişik. Bizə deyirdilər ki, guya Bərdə Rayon Polis Şöbəsindədir. Atası gedirdi, buraxmırdılar, vəkil gedirdi şöbəyə, görüşməyə qoymurdular. Vəkili bir həftə aldadıb, onunla görüşməyə qoymadılar. Sən demə, heç Bərdə Rayon Polis Şöbəsində yox imiş, Bakıda “banditizm”də imiş…”

“Yoldaşımı döyüblər, toka veriblər, məhkəmədən sonra yenə işgəncə verməyə apardılar”

Vəkil hüquqlarını müdafiə etdiyi şəxslə görüşə bilməsə də, onun haqqındakı 30 sutkalıq həbs qərarından apelyasiya şikayəti verib. İyulun 3-da Gəncə Apelyasiya Məhkəməsində bu iş üzrə məhkəmə iclası təyin olunsa da, məhkəməyə də onu gətirməyiblər. Ona görə məhkəmə keçirilməyib:

“Həm ailəsi olaraq, biz, həm də vəkili daha haralara şikayət eləməmişik – Daxili İşlər Nazirliyinin 102 xidməti, Baş Prokurorluq, Ombudsman Aparatı… Heç bir nəticə yoxdur. Hələ də görüşə bilməmişik yoldaşımla. Ayın 30-da məhkəməyə gətirməməklərini belə izah elədilər ki, guya şöbənin maşını xarab olub. Vətəndaşı belə ələ salmazlar. Sonradan bildik ki, o, həmin vaxt Bakıda olubmuş. Avqustun 2-də yenidən məhkəmə təyin olundu, vəkil nəhayət, onu gördü. Vəkilə deyib ki, ona günlərdir işgəncə verirlər, törətmədiyi cinayəti üzərinə götürməsini tələb edirlər. O da razılaşmır deyə, işgəncə davam edir. Yoldaşımı döyüblər, toka veriblər. Məhkəmədən sonra yenə qaytarıb aparıblar işgəncə verməyə. Bizə göstərmirlər onu, deyirlər, pandemiyadır. Əlbəttə ki, bəhanədir…”

“İşgəncə altında olduğuna görə ailəsinə göstərmirlər”

Gəncə Apelyasiya Məhkəməsində Hüseyn Hüseynovun cəzası 30 sutkadan 20 sutkaya endirilib. Ailəsi düşünür ki, açılmayan cinayəti onun üzərinə qoymaq üçün əvvəldən plan cızılıb. Barəsində 30 sutka həbs qərarı almaqda məqsəd də o müddətdə işgəncə yoluyla buna nail olmaq olub:

“Yoldaşımı sosial yardım vermək adıyla zəng eləyib çağırıblar. O yazıq da inanıb, kənddən gedib Bərdənin özünə. Elə orada da götürüb aparıblar. Məhkəmənin qərarında subay göstəriblər onu, halbuki, evlidi, iki uşağımız var – biri 3 yaşında, biri də 6 aylıq. Anası onkoloji xəstədir, atası yaşlı, xəstə adamdır. O vəziyyətdə neçə dəfə Bərdə Rayon Polis Şöbəsinə gedib. Xəstə adama belə zülm eləyərlər?”.

Foto: Hüseyn Hüseynovun ailə albomundan


Şəbnəm Bədəlovanın sözlərinə görə, şikayət etdikləri qurumlardan Ombudsman Aparatından cavab alıblar.

Onlara deyilib ki, getsinlər polis idarəsinə, görüş veriləcək. Amma yenə də görüşə bilməyib, geri qayıdıblar:
“Mən yoldaşımla görüşüb, onun hansı vəziyyətdə olduğunu görmək istəyirəm. Yəqin işgəncə altında olduğuna görə onu ailəsinə göstərmirlər. Bu qədər insafsızlıq olmaz, adam eləmədiyi cinayəti necə üzərinə götürsün?”

Daxili İşlər Nazirliyi: “İddialar əsassızdır”

Daxili İşlər Nazirliyi isə Hüseyn Hüseynovun əsassız həbs olunması, başqa cinayəti boynuna qoymaq üçün işgəncə altında saxlanması haqda deyilənləri təkzib edir.

“Bu barədə iddialar əsassızdır. Vəkili ilə dəfələrlə görüşüb. Törətdiyi xətaya görə inzibati qaydada həbs olunub”, – Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Meydan TV-yə belə deyilib.

6 il əvvəl baş vermiş cinayət…

2016-cı ilin mayında Bərdə rayonunun Piyadalar kəndində telefon təmiri, fotoqraflıqla məşğul olan Bayramov Tahir Salman oğlu avtomobilində qətlə yetirilib, daha sonra yandırılıb. Üstündən illər keçsə də, cinayətin üstü açılmayıb.

Təxminən iki ay əvvəl ARB telekanalında Xoşqədədəm Hidayətqızının aparıcı olduğu verilişdə bu cinayətlə bağlı araşdırmalar başlayıb. Hüseyn Hüseynovun ailə üzvləri deyir ki, bundan sonra hüquq-mühafizə orqanları fəallaşıb, açılmayan cinayəti kiminsə üzərinə yıxmağa çalışıblar. Onların fikrincə, Hüseyn Hüseynovun üzərində dayanıb onu şərləməklə, cinayətin üstünün açılması görüntüsü yaratmaq istəyirlər.

Ana səhifəBölgə“Hamilə qadını aparıb polis şöbəsində təzyiq ediblər ki, yoldaşımın üzünə dursun…”