“Hamı bilir ki, 6-7 ildir Müsavat Partiyası bu alverlə məşğuldur”

Başqan müavini Elnur Mirzəyev adlı şəxsi heç vaxt görmədiyini desə də, onunla sosial şəbəkə vasitəsilə danışdığını etiraf edib

Source:


Başqan müavini Elnur Mirzəyev adlı şəxsi heç vaxt görmədiyini desə də, onunla sosial şəbəkə vasitəsilə danışdığını etiraf edib

Müsavat Partiyası Mərkəzi İcra Aparatının mühacir statusu almaq üçün partiyanın adından istifadə edənlərlə bağlı iyunun 3-də yaydığı bəyanat narazılıq yaradıb.

Bəyanatda adı çəkilən Elnur Aydın oğlu Mirzəyev partiya rəhbərliyini, konkret olaraq başqan müavini, Mərkəz İcra Aparatının rəhbəri Gülağa Aslanlıya qarşı sərt ittihamlar irəli sürüb.

Partiyanın bəyanatında bildirilirdi ki, təşkilatın ölkədə və xaricdə nüfuzundan istifadə edərək, bəzi işbazlar müxtəlif yollarla xarici ölkələrə mühacirət edən insanlara, o ölkələrdə oturum almaqdan ötrü Müsavat Partiyası adından saxta sənədlər verirlər: “Belə hallar haqda bizə məlumat verildikdə partiya tərəfindən gərəkli addımlar atılmasına baxmayaraq, mühacirlərin təhlükəsizliyi naminə bu məsələlər bizim tərəfimizdən ictimailəşdirilməyib. Lakin son vaxtlar bu tipli məsələlərdən biri bizdən asılı olmayaraq ictimailəşdirildiyi, partiyanın və tanınmış hüquq müdafiəçilərindən birinin adı yersiz hallandırıldığı üçün biz məsələyə aydınlıq gətirməyi zəruri sayırıq. Avropada olan mühacirlərdən Elnur Aydın oğlu Mirzəyevin adından Belçika ölkəsinin Miqrasiya İdarəsinə təqdim edilən Müsavat Partiyasının vəsiqəsinin, arayışın və “Elnur Mirzəyev barədə” sənədin Müsavat Partiyasına göndərilmiş surətləri tərəfimizdən araşdırılıb və saxta olduğu təsdiqlənib. Müsavat Partiyası tərəfindən E.Mirzəyevin adına verilməsi iddia edilən Müsavat Partiyasının 1216 saylı vəsiqəsi  Müsavat Partiyasına məxsus deyil və saxtadır. Müsavat Partiyası tərəfindən verildiyi iddia olunan 10 noyabr 2014-cü il tarixli 92 saylı arayış partiyanın son illərdə istifadə etdiyi xüsusi blankda yazılmayıb, Müsavat Partiyası başqanının müavini kimi mənim adım və soyadım göstərilsə də, mənə məxsus imza və partiyanın möhürü saxtalaşdırılıb”.


“Partiyaya üzv olmaq üçün 1800 manat vermişəm”

Partiyanın bəyanatından sonra “Yeni Müsavat” E.Mirzəyevlə əlaqə saxlayıb. E.Mirzəyev partiyanın onu aldatdığını iddia edib:  “Mən partiyaya yazılan gün rəhbərliyə demişdim ki, burdan getmək ehtimalım var. Partiyaya üzv olmaq üçün külli miqdarda pul vermişəm. Konkret rəqəm lazımdırsa, deyim, 1800 manat. Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə – 2008-ci ilə verdilər ki, inandırıcı olsun. Özləri də mənə dedilər ki, 2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq. Onlar özləri orda ticarətlə məşğuldular. Maskaları cırılanda isə məni güdaza vermək istədilər”.

E.Mirzəyev iddia edir ki, Gülağa Aslanlı tərəfindən bu gün (dünən-red.) yayılan və saxta kimi təqdim edilən iki arayışı elə onun özündən alıb: “Hər birinə görə 300 manat ödəmişəm. Lazım olsa sübutları da təqdim edəcəyəm. Mesajlar, facebook yazışmaları, vatsap yazışmaları var əlimdə”. O, bildirib ki, Belçika dövləti oturum verməsə də, həyatını yaşayacaq: “Pislikləri özlərinə qalsın. Amma mən əlimdəki bütün sənədləri Qənimət Zahidə verəcəm, qoy, o, bu mövzunu ”Azərbaycan Saatı” verilişində yayımlasın. Axı bu bəyanatı yaymaqla nə oldu? Bunun adı pislikdir, başqa adı yoxdur. İnsanlara saxta sənədlər satmısız və mən yeganə adam deyiləm. Sizin qəzetinizə müsahibənizdən sonra Eldar Zeynalov Mirzə Sakitə müraciət edib ki, niyə onun adını çəkmişik. Halbuki o adam mənimlə bağlı miqrasiya idarəsinə yalan məlumatlar verirdi. Eldar Zeynalov dövlətə satılmış hüquq müdafiəçisidir. İndi Müsavat Partiyası başqanının müavini onu hörmətli adam kimi təqdim edir”.

E.Mirzəyev bu məsələni sona qədər araşdıracağını və Müsavatda saxta sənəd alveri ilə məşğul olanların maskasını cıracağını dedi: “Hamı bilir ki, 6-7 ildir Müsavat Partiyası bu alverlə məşğuldur. Sadəcə, indi işləri üzə çıxdı, məni qurban etdilər. Mənsə bu məsələni belə qoymayacam”.

Elnur Mirzəyevin ittihamlarına reaksiya verən Gülağa Aslanlı deyib ki, təbiidir, saxta yolla sənəd alanlar, ola bilər ki, kiməsə pul veriblər. Ancaq bunun Müsavat Partiyasına və onun rəhbərliyinə heç bir aidiyyatı yoxdur.

APA-ya açıqlamasında Gülağa Aslanlı bildirib ki, Elnur Mirzəyev adlı şəxs özünü Müsavat Partiyasının üzvü kimi təqdim edərək saxta yolla xaricdə oturum almaq üçün sənəd düzəltdirib: “Onun saxtakarlığı üzə çıxıb. Açıq şəkildə görünür ki, nə istifadə olunan xüsusi blank partiyanın hazırda istifadə etdiyi blankdır, nə də vurulan möhür partiyanın möhürüdür. İmza da mənim imzam deyil, bunlar saxtalaşdırılıb. Bunu kim saxtalaşdırıb, bu, artıq mənim məsələm deyil”.

Başqan müavini Elnur Mirzəyev adlı şəxsi heç vaxt görmədiyini desə də, onunla sosial şəbəkə vasitəsilə danışdığını etiraf edib: “Müsavatçı olduğunu iddia edib, mən də onun hansı rayon təşkilatından olduğunu soruşmuşam. Məlum olub ki, o, hansı rayon təşkilatından olduğunu da bilmir”.
G. Aslanlının sözlərinə görə, Müsavatda mühacir statusu almaq məqsədilə partiya biletinin satılması barədə fikirlər böhtandır: “Bunların heç bir əsası yoxdur, Müsavat Partiyasında belə hal olmayıb. Yalnız bir neçə belə saxta sənəd ortaya çıxıb və hər dəfə də biz onun saxtalığını müəyyənləşdirmişik”.

Ana səhifəXəbərlər“Hamı bilir ki, 6-7 ildir Müsavat Partiyası bu alverlə məşğuldur”