Hamamdakı teatr

Rəhbərlik belə bir biabırçılıqla qarşılaşmaq istımirdi…

Source:

16-17-ci əsr İspan teatrı və dramaturgiyasında tarixə çiçəklənmə dövrü kimi keçdi. Bu dövrdə Servantes, Lope de Veqa, Tirso de Molina və digərləri kimi məşhur yazıçı və dramaturqlar yaranmışdı. Hətta bu dövrdə yazılan bir dram əsəri ( dəqiq yadımda deyil, səhv etmirəmsə, bu, Lope de Veqanın “Doroteya” əsəri olmalı idi ) teatrda səhnəyə qoyulmuş və xeyli tamaşaçının marağına səbəb olmuşdu. Hətta xalqın inkişafına da böyük təsir göstərmişdi.

Bundan əlavə həmin adı yadımdan çıxmış əsər 20-ci əsr ispan diktaturası dövründə yenidən səhnəyə qoyulmuşdu. Bu dəfə də bu əsər marağa səbəb olmuşdu və cəmiyyətin dirçəlməsində  rol oynamışdı.

Bu tarixi-ədəbi yadasalmaları əbəs yerə yazmadım. Teatrın, sənətin toplumun inkişafına çəkic kimi zərbə vurduğu dövrlər var idi. Təbii ki, bunda cəmiyyətin teatra marağı olmağı da böyük rol oynanıyırdı. Dünyada sənətin inkişaf etməsi, yeni teatr cərəyanların yaranması da zərurətdən irəli gəlirdi. Brext, Cib, Bulvar, Mim bunların hər biri teatra yeni rəngarənglik və fərqlilik gətirmişdi.

Təbii ki, yerli teatrlarımızda da fərqli teatr prinsip və nəzəriyyələrinə baş vuranlar var amma səhnəyə qoyduğları tamaşaların ömrü 2-3 ay və bəlkə də daha az çəkir.

Pantomim teatrı televiziyada pyeslərin azlığından, pyesləri yalnız özlərinin yazıb səhnəyə qoymasından şikayətlənirdi. Teatrın repertuarına baxsaq bunu açıq-aşkar görmək olar ki, artıq neçə ildir eyni tamaşalar oynanılır. Yenə də hər şeyin başında zərurət durur. 28 may metrostansiyasının yaxınlığında kiçik bir səhnədə fəaliyyət göstərən pantomim teatrının öz tamaşaçı kütləsi var. İnsanları isə məcburən gətirib bilet almağa məcbur etmək olmaz.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında klassik pyeslərin oynanıldığının şahidi olarıq. “Şah Qacar”, “Nadir Şah”, “Əmir Teymur” və adını saymadığım bir neçə tamaşa. Bu tamaşaların hər biri dövlət sifarişi əsasında səhnəyə qoyulur. Yəni qısa desək məcburiyyət var. Bunun üçün isə nə teatr rəhbərliyini nə də Mədəniyyət nazirliyini qınamaq olmaz çünki, Dövlət Dram teatrında 2014-cü ilin əvvəllərində şəxsən izlədiyim Bekket-in Kreppin Son Lent yazısı səhnəyə qoyulmuşdu. Amma bu tamaşa iki dəfə səhnələşdirildikdən sonra repertuardan götürüldü. Çünki həm aktyor 30-40 nəfərin qarşısına çıxmaq istəmirdi, həm də rəhbərlik belə bir biabırçılıqla qarşılaşmaq istəmirdi. Bəli, tamaşaya çox az sayda tamaşaçı gəlmişdi. Bu isə teatrın prestijinə zərər gətirirdi. Hələ Bekketin əsərinə izləyici cəlb etmək ücün başlanğıc və sonda artırılan milli mental elementlərdən danışmaq da olardı.

Bekketdən əlavə keçən il bu teatrda Matey Vişneçin “Qoca kloun tələb olunur” əsəri də səhnələşdirilmişdi (Eyni adlı əsər Gənc Tamaşaçılar Teatrında da tamaşaya qoyulmuşdu). Əsərdə yaşlı 3 klounun yenidən işə girmək cəhdləri və elanı yerləşdirənlərin onlarla oyun oynaması təsvir olunurdu. Tamaşada baş rolları böyük aktyorlarımız Rafael Dadaşov,

[1]

 Ramiz Məlikov və Rafiq Əzimov ifa edirdi. Vişneçin dramaturgiyası ilə tanış olanlar yaxşı bilirlər ki, əsərləri sətiraltı mənalar, ifadələr və qarışıqlıq ilə doludur. Lakin bizim tamaşaçımızın bu əsərə baxışı fərlqi oldu. Dram Teatrını əyləncə parkı ilə səhv salan insanlar azyaşlı uşaqlarını da qoltuqlarına vurub gəlmişdilər tamaşaya baxmağa. Bəlkə də elə sanırdılar ki, 3 böyük aktyorumuz onların uşaqlarını əyləndirmək üçün gəliblər ora. Elə buna görədir ki, əsərin ikinci hissəsində tamaşa birdən-birə komediyadan faciəyə keçid etdikdə “maraqsız oldu ki” deyib, yarısı teatrı tərk etdi. Bu ağır xəyal qırıqlığı yaşatdı bəlkə də həmin insanlara. Digər tamaşadakı ssenari burada da təkrar olundu. Tamaşaçı azlığından bu tamaşa da repertuarda çox az qaldı və çıxarıldı.

Qısa və konkret olaraq bir şeyi demək olar, teatr bir daha əmin oldu ki, belə tamaşalar bizim cəmiyyət üçün yazılmayıb. Təəccüblüdür ki, yerli dramaturqlardan Elçin, Kamal Abdullanın pyeslərinə daha çox maraq var. Demək izləyici “ad”a görə gəlir.

“AzDrama”-nın arxasında Sovetskinin içində köhnə hamamda yerləşmiş Yuğ teatrı da Vaqif İbrahimoğlunun psixi-fəlsəfi nəzəriyyələri üzərində qurulmuş fərqli prinsipli teatr kimi tanınır. Amma bu teatrın “hamam”da fəaliyyət göstərməsi çox acınacaqlı haldır. Teatr da repertuara gec-gec tamaşa əlavə edir. Səbəb isə yenə də ehtiyacın olmamağıdır.

Ölkədə gərək cəmiyyət sənətə, teatra maraq göstərsin. Əhalinin təxminən 20-30  faizi teatrla maraqlanır və onlar da çürümüş pafoslu klassika və ya bulvar ənənəsi olan bayağılıq ilə teatra cəlb edilirsə demək ki, hələ düşüncələrimiz tam genişlənməyib.

Bəlkə də, dünyada taun ilk olaraq bizim cəmiyyətin beyninə təsir ecib.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəHamamdakı teatr